Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "Qafqazinfo” xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn "Qazi müəllimlər” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşaviri Elnur Nəsibov, "Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Nar”ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qazi müəllimlər, KİV təmsilçiləri, məktəb direktorları və şagirdlər iştirak ediblər.
Kitab Türkiyədə "Nestor yayınları” tərəfindən yüksək keyfiyyətlə nəşr edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva bildirib ki, "Qazi müəllimlər” kitabı millətin gələcəyi olan uşaqlara bilik və bacarıqlar aşılayan, Vətən üçün layiqli şəxsiyyət yetişdirən müəllim obrazını fərqli tərəfdən təqdim etmək imkanı yaradır. M.Vəliyeva kitabın təhsilalanlar və təhsilverənlər, eləcə də geniş oxucu auditoriyası üçün məktəb divarları arasında fədakar əməyi ilə seçilməklə yanaşı, həm də cəbhədə, soyuq səngərlərdə Vətən savaşında şücaət göstərən müəllimlərimizi tanımaq, onların nümunəvi fəaliyyətinin öyrənilməsi baxımından istinad mənbəyi olacağını qeyd edib.
www.anews.az