• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanın öyrənəcəyi çox şey var" - Waterloo Universitetinin Prezidenti ilə MÜSAHİBƏ

"Azərbaycanın öyrənəcəyi  çox şey var" - Waterloo Universitetinin Prezidenti ilə MÜSAHİBƏ
22.11.2021 09:47
Anews.az-ın budəfəki müsahibi professor, enerji məsələləri üzrə alim, dünyanın qabaqcıl universitetlərindən biri, Kanadada yerləşən Waterloo Universitetinin prezidenti, sonuncu beynəlxalq təhsil sammitinin əsas spikerlərindən biri, Türkiyədə doğulan azərbaycanlı Ferudun Həmdullahpurdur. Onunla həyat hekayəsi,  Azərbaycanda təhsilin vəziyyəti və bir sıra başqa mövzular ətrafında danışdıq:
 
Necə oldu Kanadada yaşamağa başladınız? 

- Mən Türkiyədə doğulmuşam. İbtidai, orta və ali təhsilimi də orada almışam.  İstanbul Texniki Universitetində bakalavr və mexanika mühəndisliyi ixtisasında magistraturanı bitirmişəm. Dalhousie Universitetinin bir hissəsi olan Yeni Şotlandiya Texniki Universitetində fəlsəfə doktoru dərəcəsi almaq üçün Türkiyədən köçdüm, lakin bir müddət sonra işləmək üçün Kanadaya getmək qərarına gəldim.  1981-ci ildən Kanadada yaşayıram. 40 ildir ki, mütəmadi olaraq Türkiyə, Azərbaycan və işimdən dolayı bir çox ölkələrə getsəm də, əsasən Kanadada oluram. Kanadada ailə həyatı qurdum, uşaqlarım oldu, bu da məni oraya daha çox bağladı. İkili vətəndaşlığım var, həm Kanada, həm də Türkiyə. Yeri gəlmişkən, Kanadada doktorantura təhsili aldım, bir çox təlimlərdə həm öyrəndim, həm öyrətdim.  Xarici ölkədə təhsil və iş üçün lazımi olan əsas dil məsələsi idi ki, hələ Türkiyədə bakalavr oxuyanda bu məsələyə diqqət ayırmağa çalışırdım. O da iş tapmağımı asanlaşdırdı. Yaxşı təhsil, özünü inkişaf sayəsində həmişə qabağa getmək olur. Mən  2011-ci ildə Kanadada Waterloo  universitetinin 6-cı prezidenti seçildim, bu günə kimi həmin vəzifəni icra edirəm. Prezident təyin edilməzdən əvvəl  Waterloo Universitetinin  vitse-prezidenti seçildim,  bir ildən çox  bu vəzifəni icra etdim. Bundan əvvəl isə  Kanadanın Ontario ştatının Ottava şəhərindəki Karleton Universitetində müxtəlif vəzifələrdə çalışmışam. Sözüm odur ki, yaxşı yerdə işləmək üçün kiçik vəzifələrdən başlamaq şərtdir. Hər kiçik vəzifə sənə yeni nə isə öyrədir. 


Türkiyə və Kanadada təhsil almısınız. Bu ölkələrin təhsil sistemində  hansı fərqləri müşahidə etdiniz? 

- Həmin dövrdə araşdırmaçı kimi inkişaf etməyimdə Kanadanın mənə verdiyi imkanlar daha çox idi. Lakin hazırda Türkiyədə tədqiqat aparmaq, müxtəlif mövzularda araşdırmalar etmək üçün kifayət qədər imkanlar var. Həmçinin, təhsil prosesində bu tələbələrə daha yaxşı öyrədilir. Çətinliklər bütün təhsil həyatı boyunca olur. Amma düşünürəm ki, hər çətinliyin öhdəsindən gəlmək mümkündür. Sənin məqsədin varsa əgər o məqsəd üçün bəzi məqamları gözə alıb  digərlərini görməzdən gəlməli olursan. Müşahidələrim də göstərdi ki, Türkiyədə təhsil almaq asandır amma daha az şey öyrənirsən. Kanadada  isə oxumaq çətin olsa da, dərsləri yaxşı mənimsəyən şəxslər bunu həyatı boyunca işində tətbiq edərək həyatını asanlaşdıra bilir. 

Çalışdığınız universitetdə nə qədər azərbaycanlı tələbələr var? Onların təhsil səviyyəsindən və göstərdikləri akademik göstəricilərdən razısınızmı?

- Azərbaycanlı tələbələr var idi, indi də oxuyanlar var. Dəqiq sayını demək çətin olar, bununla bağlı hər hansı statistika aparmamışam. Amma çalışdığım  müddətdə  bir çox azərbaycanlı tələbə ilə rastlaşmışam. Həmin tələbələrin əksəriyyəti riyaziyyat, kompüter elmləri ixtisaslarında təhsil alıb. Sözügedən tələbələrlə söhbət zamanı onların ağıllı, zəki və  öyrənməyə meyilli olduqlarına şahidlik edirdim.  Digər ölkələrdən gələn tələbələrlə türk, azəri tələbələr arasında  fərq yox idi. Çünki bakalavr, eləcə də magistr üçün Kanadaya gələn bütün şəxslərin dil biliyi, keçmiş təhsil həyatlarındakı akademik göstəriciləri yuxarı olmalıdır.  Öz ölkələrində yaxşı oxuyan tələbələr burada da iki qat çalışaraq yüksək akademik göstəricilərlə təhsillərini davam etdirirdilər.  Amma türk, azəri tələbələrlə mütəmadi əlaqələr yaradır, dərsdən sonra görüşüb sosial durumlar ilə maraqlanırdım. Eləcə onlar da problemləri olanda mənimlə əlaqəyə keçirdilər. Dərsdən kənar görüşəndə türkcə danışmağa üstünlük verirdim. Lakin təhsil müəssisəsində daimi dərs keçmədiyi  üçün tələbələrin dil səviyyələrini analiz etmək imkanım olmayıb. Sadəcə əminəm ki, dil problemləri olmayıb. Çünki universitetə qəbul standartları elədir ki, zəif dil bilgisi olanların burada təhsil almaq şansı olmur.  

Bütün professorların yanında uzmanlar olur. Məsələn, Əziz Sancar ANS-ə verdiyi müsahibəsində bildirmişdi ki, istedadlı Türk gənclərini uzman götürməyə üstünlük verir. Bəs sizin komandanızda azərbaycanlı alimlər varmı?

- İstedadlı, savadlı kadrlara həmişə, hər yerdə ehtiyac var. Universitetdə də belə şəxslər var.  Mən  professor, həmyerlimiz Məsud Əfəndiyev ilə də orada tanış olmuşam. Onu hətta evimdə də qonaq etdim. Çox savadlıdır və tələbələrə çox şey qatdığına əminəm. Qeyd edim ki, o,  Humboldt mükafatı alan ilk azərbaycanlı alim olub. Özü də azərbaycanlıları  təhsillərini davam etdirmək üçün  xaricdə oxumağa cəlb edib. 30 ildə 60 azərbaycanlı şəxsən onun təşəbbüsü ilə xaricdə təhsil alıb. Onların da əksəriyyəti tələbə, təxminən 10 nəfəri elmi işçi olub. Başqaları da var. Hazırda Waterloo universitetində 2-3 azərbaycanlı işləyir. 

Ümumiyyətlə,  azərbaycanlıların Kanada  universitetlərində təmsilçik səviyyəsi sizi qane edirmi? Həmyerlilərimizin sayını artırmaq üçün nə etmək lazımdır? 

- Kanadada oxumaq insanların şəxsi məsələləri ilə birbaşa, dövlət siyasəti ilə dolayı bağlıdır. Çünki əvvəlcə insanların özündə istək olmalıdır. Məsələn, mən düşündüm və qərara verdim ki,  təhsilimi keyfiyyətli davam etdirməyin yolu xaricdə təhsildir. Özüm də getdim. Lakin bəzən tələbə istəyir getsin, amma şərait olmur. Həmin şəraiti yaratmaq artıq  dövlət siyasətinə daxildir.  2013-cü ildə Azərbaycana gəldim və dövlət, özəl universitetlərlə əlaqələrə başladıq. Mən Waterloonun dekanlarını göndərdim Azərbaycana.  Həmin müddətdə Bakı Dövlət Universiteti ilə Kanadanın Waterloo Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənəddə tədqiqatçı, aspirant və magistrlərin mübadiləsi, birgə seminar, konfransların təşkili, layihələr üzrə elmi araşdırmaların aparılması və digər məsələlər nəzərdə tutuldu və keçirildi. Azərbaycan Diplomatik Akademiyası ilə geniş əməkdaşlıq başladıldı.  Əməkdaşlıq nəticəsində Kanadada oxuyan və işləyən əməkdaşların artdığını müşahidə olundu. Kanadanın məşhur "Royal" bankına çıxış üçün getmişdim. Onda bir gənc xanım mənə yaxınlaşdı, dedi ki,  Azərbaycandan oxumaq üçün gəlib, həmin müddətdə də işləyir. Bunu eşitmək çox qürurverici idi. Çünki təhsil ilə yanaşı perspektivli yerdə  çalışmaq bir gəncin uğur hekayəsində xüsusi yer tutur. Təmsil məsələsinə gəldikdə oradakı həmyerlilərimiz ölkəni maksimum yüksək səviyyədə  təmsil etməyə çalışır. Hər bir halda Kanada- Azərbaycan əlaqələrini genişləndirməyə ehtiyac var. 

Kanadadan Azərbaycan necə görünür?

- Azərbaycan müasir, inkişaf etməkdə olan ölkə kimi görünür. Amma Kanadada Azərbaycana bir çox ölkəyə "hələ öyrəcənəyi çox şeyi var" kimi baxılır. Bir məqamı da vurğulayım ki, bu təkcə Azərbaycana xas deyil. Həmçinin,  Kanada  bir çox ölkə barədə  "yaxşı öyrənib, inkişaf etməlidir" yanaşması ilə baxır. Bir məsələni də qeyd edim ki, belə baxmaqları Kanadaya məxsusdur, bəlkə də başqa ölkələrdə bu fərqlidir. 

Azərbaycanda təhsilin səviyyəsi və keyfiyyəti barədə monitorinqlər aparmısınız?  Nəticələr necə olub?

- Müşahidələrim  göstərir ki,  Azərbaycanın təhsilində əsas problem hələ məktəbəqədər tədrisdən başlayır. Həmin dönəmdə yaranan problem də genişlənir, özünü tədrisin bütün mərhələlərində  biruzə verir. Uşaqlara məlumatlar düzgün öyrədilməlidir.  Xüsusən də, uşaqların gələcək peşə seçimləri barədə bilgiləri onlara düzgün  ötürülməlidir. Məsələn, müəllim uşağa sual verir: "Böyüyəndə kim, nə olacaqsan"?  Uşaq deyir ki, həkim. Ya da heç uşaq cavab vermir, müəllim özü hansısa məşhur olan 3-4 peşənin təbliğatını aparır. Bu, tamamilə yanlış addımdır.  Uşağa müxtəlif peşələr izah edilməlidir. Həmçinin, uşaq seçimini deyərkən "niyəsini" soruşmaq lazımdır. Ona həmin peşənin yaxşı-pis tərəflərini izah etmək lazımdır. Uşaq özünü harada gördüyünü anlamalıdır, bu ona izah edilməlidir. Bu isə müəllimin öhdəliyidir. Uşağın bir qərarı olmalıdır, onun arxasıyca getməlidir. Düzdür, o qərarını gələcəkdə dəyişə bilər, amma bu qərarını dəyişəndə belə ondan səbəblərini soruşmalıdır. Ən böyük problem nə istədiyini bilməməkdən yaranır. Təhsilin ilk pilləsində bu problemi həll etmək gərəkdir. Həll yolu isə müəllimlərə bu məsələləri aşılamaq üçün təlimlər keçməkdədir. Müəllimlər özlərini yeniləməlidir. Tədris müəssəsində çalışanların hər biri dünyada baş verən texnoloji yenilikləri izləməlidir. Məsələn, hər gün kompyuter sahəsində yeniliklər olur. Həmin yeniliklər barədə müəllimlər  məlumatlı olmalıdır ki, şagirdlərə öyrətsinlər. Dərsliklərə, proqramlara yenidən baxılmalıdır. Bəzi mövzular tamamilə çıxarılmalı, yeni və aktual mövzular əlavə edilməlidir. 
 
Universitetlərə gəldikdə isə, vəziyyət daha da qəlizdir. Universitet dərslərin bir yerə yığılıb, hər gün oxuyub danışmaq prosesindən ibarət olmamalıdır. Mən müəllimlərin mühazirəni yazdırmağının əleyhinəyəm. Təsəvvür edin ki, müəllim sinifə girir 1 saat mühazirə oxuyur, tələbələrin yuxusu gəlir, heç nə də öyrənmir. Halbuki həmin mühazirəni tələbəyə elektron formada göndərmək olar. Daha sonra dərs prosesində bu müzakirə edilməlidir. Mühazirə oxuyan, tələbədən əzbər dərs tələb edən universitetlər yavaş-yavaş aradan çıxacaq. Həmin universitetlər özləri-özlərini məhv edəcək. Sadə bir nümunə çəkim. Tədris müəssisələrində 2x2=4 olduğu deyilir və bunun əzbərlənməsi tələb olunur. Amma müzakirə edilmir ki, bu misalın cavabı niyə 3,9 və ya 4,1 eləmir. Baxın problem budur. Sadəcə bilgini öyrətmək yox, izahını düzgün vermək lazımdır. Həmçinin, hər tələbəyə fərdi yanaşmaq vacibdir. Bəzi tələbələr var ki, onlara nəyisə izah etmək lazım olmur, əzbərləməklə kifayətlənir. Bəziləri isə səbəb axtarmaq istəyir. Buna görə də müəllimlərə  eyni şeyi müxtəlif şəkildə öyrətmək yollarını da başa salmaq lazımdır. Müəllim tələbənin gözündən onun dərsi necə qavrandığını müəyyənləşdirməlidir. 

‌Mən şəxsən distant təhsilin  əleyhinəyəm. Təhsil müəssisəsinə gedilərək keçilən dərslərin effekti daha çoxdur. Sosial əlaqələr vacibdir. Məsələn, dərsdə müəllimin dediyi əhəmiyyətli cümlələri qeyd edən dostumuzun konspektləri də bizə yeni məlumat qatır. Distant təhsildə internet zəif olarsa müzakirədə iştirak alınmır, bu da bilgi qəbullanmaq prosesinə mənfi təsir edir. Pandemiya dönəmində ən əlverişli üsul hibrit tədrisdir. Azərbaycan bütün ölkələr kimi sərt karantin tədbirləri çərçivəsində distant təhsilə keçid etdi. Ehtimal edirəm ki, mənfi təsirləri olub. Lakin o təsirlər özünü yalnız gələcəkdə göstərə biləcək. Hazırda isə tətbiq edilən hibrit təhsili dəstəkləyirəm. Tələbələrə geri qaldığı mövzuları izah etməklə aradakı boşluğu doldurmaq olar. Pandemiya dövründə düşünürəm ki, Azərbaycan edə biləcəyini  maksimum şəkildə etdi. 
 
Yuxarıda dediyim, əzbərçilik edən tələbələrə də ehtiyac var. Amma necə deyərlər, oyunu dəyişəcək tələbələr bilgilərin dərinliklərini öyrənməyə can atanlardır. 
 
Qaib məsələsi də problemli mövzudur. Dərsdə iştirak məcburi xarakter daşımamalıdır. Sözsüz ki, dərsə gələnlər daha çox şey öyrənir. Amma bu o demək deyil ki, tələbələri imtahandan kəsməklə qorxudub, sinifdə oturdaq. Bu, yanlış addımdır. Vaterlooda bir il ərzində tələbəyə həm işləmək, həm də oxumaq imkanı verilir. Məsələn, ilk 4 ay oxuyursa, növbəti 4 ay ixtisası ilə bağlı işləyir. Azərbaycanda da bu belə tətbiq edilərsə narazılıq yaranmaz və effektiv olur. Mən dərs deyərkən, davamiyyət həmişə 100 faiz olurdu. Əgər kimisə gəlmirdisə ona qaib yazmırdım. Lakin ədalətli yanaşsaq tənbəllikdən dərsə gəlməyənlər də var. Həmin adamlar oxumaq istəyənlərin haqqına girib, o ixtisasa qəbul olub indi isə getmir. Həm özünə ziyan edir, həm o ixtisasa girə bilməyənə. Buna görə bu sistemi düzgün təşkil edərək, hər tələbə ilə fərdi söhbət aparmaq lazımdır. 
 
Azərbaycanda eyni ixtisasın illik ödənişi universitetlərə görə dəyişir. Lakin tələbələr təhsilin, verilən diplom, təqaüd, arasında  heç bir fərq  olmadığını düşünür.  Universitetlərin illik ödənişləri necə tənzimlənməlidir?  
 
- Ödəniş təhsilin keyfiyyətindən, tədris müəssisəsinin nüfuzundan asılıdır. Məsələn, Kanadada təhsilin səviyyəsi yüksəkdir, orada oxumaq çətindir və ödənişləri Azərbaycan ilə müqayisədə olduqca bahadır. Azərbaycanda isə təhsilin səviyyəsinə uyğun olaraq məbləğ təyin olunur. Özəl universitetlərdə nisbətən baha ola bilər, bu məqam isə xaricdə də belə tənzimlənir. Hətta Azərbaycanda eyni ixtisasda xarici vətəndaş da, yerlilər də eyni qiyməti ödəyir. Amma bu Kanadada fərqlidir. Məsələn, orada ölkənin öz vətəndaşı 1000 azn ödəyirsə, xarici vətəndaş 3 qat artıq ödəyir. Çünki öz vətəndaşları vergi verərək Kanadaya xeyir verirsə, xaricilər vergi vermir. Onlar da əvəzində ödənişi artırır. Azərbaycanda  1800 azn ilə jurnalistika oxumaq mümkündürsə, Kanadada 6000 dollara oxumalısan.  
 
Diasporla İş üzrə Dövlət Komitəsi  Kanadada fəaliyyətindən razısınızmı?
 
- Razıyam. Hər hansı problem ilə rastlaşmamışam. Tam əksinə istənilən məsələ ilə bağlı müraciət edərkən çox kömək edirlər. 
 
 
Necə düşünürsünüz, Azərbaycanda külək və günəş enerjisindən istifadə imkanları var?
 
- Qlobal istiləşmənin qarşısını almaq üçün bu enerjilərdən istifadə etmək vacibdir. Azərbaycan neft istehsal və ixrac edən ölkə olmasına baxmayaraq  o da alternativ enerjilərə üstünlük verməlidir.  COP26'da görüşü keçirildi, orada müzakirələr aparıldı. Mən əminəm ki, Azərbaycan da bu danışıqlara qoşulacaq. Qarabağda Ağıllı kənd layihəsinə başlanılıb. Bu, əla addım idi. Çünki strateji olaraq əlverişli ərazidir. Həmin ərazidə günəş enerjisi ilə təsərrüfatı inkişaf elətdirmək olacaq. Həmçinin, mütəxəssislər araşdırma etməli, digər bölgələrdə də ağıllı kəndlər yaratmalıdır. Paytaxt Bakı çox səliqəli və gözəl şəhərdir. Xüsusi analizlər aparmamışam, amma düşünürəm ki, buranın küləklər şəhəri olmasından istifadə edərək alternativ enerjilərin tətbiqi genişləndirilə bilər. 
 
Gələcəyin enerjisi həftəsinin əhəmiyyəti və məqsədi barədə nə düşünürsünüz? Qərbi Kaspi Universitetinin rolu barədə də fikirləriniz maraqlıdır.
 
Qərbi Kaspi Universitetin təşkilatçılığı ilə nəzərdə tutulan bu həftəni yüksək qiymətləndirirəm və vacib hesab edirəm. Bu həftə çərçivəsində təşkil olunan müharizələrdə enerji mühəndisliyində mövcud və gələcək trendlər, pandemiya sonrası ali təhsil ocaqlarının üzləşdiyi çağırışlar, COVID-19-a fərqli elmlər aspektindən baxış və digər istiqamətlər əhatə olunur. İstər tələbələr, istərsə də digər şəxslər  bu mövzular barədə bilikli olmalıdır. Universitet rəhbərliyinin səyləri nəticəsində bir çox insanı bilgiləndirmək mümkün olacaq. Hətta düşünürəm ki, bu həftədən sonra bir çox tələbədən müsbət geridönüşlər alacağıq. 
 
Kanada Qarabağ savaşı zamanı Azərbaycanı dəstəkləməyən ölkələrdən oldu. Bu Kanadada yaşayan azərbaycanlıları narahat etdimi?
 
- Müharibəni başladığı gündən yaxından izləyirdim. İlk vaxtlarda təəssüflənirdim ki, Kanadada erməni lobbisi güclüdür və Azərbaycanın haqlı savaşı görməzdən gəlinəcək. Lakin savaşın gedişində bu dəyişildi. Artıq Kanadada Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək istədiyini düzgün davranış kimi qəbul etdilər. Orada yaşayan azərbaycanlılar savaş zamanı informasiya müharibəsində aktiv iştirak etdi, həqiqətləri çatdırmağı bacardı. Müharibədən sonra istər Kanada, istərsə də bütün dünyada Azərbaycanın nüfuzu birə-beş artdı. Bundan sonra da Azərbaycanda parlaq gənclər özlərini inkişaf etdirməli, xaricdə layiqincə təmsil etdirməyə davam etməlidir. 
 
Müharibədən söz düşmüşkən, Kanada şirkəti Ermənistana qarşı istifadə edildiyi üçün "Bayraqdar"ın hazırlanmasına detal göndərməyi dayandırdı. Buna münasibətiniz nə idi?
 
- Bütün bunlar Ermənistan lobbisinin həm Kanada, həm də digər ölkələrdə güclü olması ilə bağlı idi. Azərbaycanlılar müharibə dönəmində bu lobbinin təsiri azaltmaq üçün çox çalışdı. Lakin bəzi hallarda bu mümkün olmadı. "Bayraqdar" üçün detal göndərməmək məhz lobbi ilə birbaşa bağlı idi. Hər bir halda Azərbaycan qalib oldu, digər məsələlər artıq önəmsizdir. Bundan sonra Azərbaycan öz inkişafına sərmaye, vaxt ayırmalıdır. 
 
 
Professor olmaq , özlərini inkişaf etdirmək istəyənlərə hansı tövsiyələri verirsiniz?
 
-İlk tövsiyəm Təhsil Nazirliyinədir. Azərbaycandakı təhsilə müsbət dəyişiklik edilməlidir. Gənclər xaricdə oxumağa burada təhsilin zəif olduğu üçün yox, beynəlxalq təcrübə əldə etmək üçün üz tutmalıdır. İkinci məsələ, xarici dilin öyrənilməsi üçün şərait yaradıb, gəncləri cəlb etməkdir. Üçüncü məsələ, tədris edilən dərsləri beynəlxalq bilgilərlə sintez etməkdir. Məsələn, Azərbaycanın neft-qaz ehtiyatından danışılarkən xarici ölkələrdə bu məhsullar barədə olan gərəkli məlumatları da öyrətmək lazımdır. Gənclər isə öz istəklərini dəqiqləşdirməli, o istək üzərindən özünü təkmilləşdirməlidir. Özünüz üçün ən yaxşı şeyi müəyyən etməlisiniz. 

İSTİQAMƏT: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Ləman Qasımova
 
Müsahibə almaq üçün imkan yaratdığına görə Qərbi Kaspi Universitetinə təşəkkür edirik!

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol