Saleh Rüstəmovla bağlı müraciətlərin nəticəsi yaxın günlərdə AÇIQLANACAQ

Azərbaycan Respublikası Penitensiar xidmətinin müalicə müəssisəsində 38 gün aclıq aksiyası keçirən Saleh Rüstəmov barədə dövlət qurumlarına hüquq müdafiəçilərinin etdiyi müraciətlərin nəticəsi yaxın günlərdə bilinməlidir, bunu anews.az-a açıqlamasında Dilarə Əliyeva adına qadın hüquqlarının müdafiəsi cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
"Biz Saleh Rüstəmov ilə bağlı bir çox dövlət qurumlarında müxtəlif şəxslərlə görüşüb, müraciətlər ünvanladıq. Bu gün səhər həmin qurumlarla yenidən əlaqə saxladıq. Bizə dedilər ki, nəticələri yaxın günlərdə biləcəyik, hazırda gözləyirik", - deyə o bildirdi.
Bir həftə öncə hüquq müdafiəçiləri daxili işlər naziri Vilayət Eyvazovla görüşdüklərini bildirmişdilər.
*******
Azərbaycan Respublikası Penitensiar xidmətinin müalicə müəssisəsində 38 gün aclıq aksiyası keçirən Saleh Rüstəmov bu gündən su və dərmanlardan imtina edərək quru aclığa başlayıb, bunu anews.az-a açıqlamasında onun vəkili Bəhruz Bayramov bildirib.
"Bu gün saat 14:00 radələrində Saleh Rüstəmovla 3-4 dəqiqəlik görüşə bildim. Görüş zamanı məhkəmələr barədə maraqlandı, mən də məlumat olmadığını bildirdim. Bundan sonra o bu gündən müalicədən imtina edəcəyini, 38 gündür davam edən aclığını quru aclıqla əvəzləyəcəyini bildirdi. Qərarından döndərməyə çalışsam da, razı olmadı", - deyə o bildirdi.
AXCP fəalı, birinci Qarabağ müharibəsi qazisi Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və Cinayət məcəlləsinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma maddəsi ilə ittiham olunaraq 7,3 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan ali məhkəmə cəza müddətini 2 ay azaldıb. Saleh Rüstəmov azadlığa buraxılması tələbi ilə noyabrın 6-dan etibarən aclıq aksiyası keçirir.
Saleh Rüstəmov ombusman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib. Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun azadlığa buraxılması üçün ölkə rəhbərliyinə müraciət edib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























