• $
  • €
  • ₽
  • ₺
  • £

45,9 faiz insan meditasiya xidmətindən məlumatsızdır - SORĞU

45,9 faiz insan meditasiya xidmətindən məlumatsızdır - SORĞU
22.12.2021 12:23
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi sosioloji sorğu və tədqiqat layihəsinin nəticələri təqdim edilir.
 
Tədqiqat son illərdə Azərbaycan ailəsinin, ailədaxili münasibətlərin, ailə dəyərlərinin dinamikası və transformasiyasının qarşılıqlı təsir və əlaqədə araşdırılması, ailə məsələlərində ümumi mənzərənin,eləcə də dövlət ailə siyasətinin sistemli təqdimi aspektində demək olar ki, ilk dəfə aparılıb.
 
Hazırda Azərbaycanda mövcud olan 2 milyon 62 mindən artıq ailə - sosial bir institut olduğu üçün, ailənin missiyası, sosial funksiyaları, ailə dəyərləri, vəzifə və öhdəlikləri və s. istiqamətlərdə yaranan problemlər əhatəsi göstərilən ailə sayından dəfələrlə çoxsaylı əhalini əhatə edir; Tədqiqatın məqsədi qlobal miqyasda baş verən radikal sosial transformasiyaların ailələrə təsiri fonunda ölkəmizdə ailədaxili münasibətlərdə müşahidə edilən dinamika və tendensiyaların öyrənilməsi, sosioloji təhlil əsasında aşkara çıxarılmasıdır;
 
Tədqiqatın aparılmasında kəmiyyət metodologiyası çərçivəsində ailələrlə anket sorğusu, keyfiyyət metodologiyası çərçivəsində isə hədəf qrupuna daxil olan müxtəlif sahələrdən olan mütəxəssislərlə dərinləşdirilmiş müsahibə-məlumat toplama metodundan istifadə edilib. Sorğu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Qarabağ, Quba-Xaçmaz, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə edib, 2400 respondentin iştirakı ilə aparılıb. Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin ehtimal ölçüyə mütənasib çoxpilləli klaster seçməsindən istifadə edilib. İlk mərhələdə sorğuda əhatə ediləcək 40 rayon, növbəti mərhələdə həmin rayonlardan 200 yaşayış məntəqəsi seçilib və hər məntəqədən 12 respondentlə sorğu keçirilib. Sorğu anketinin sualları yerli vəziyyət nəzərə alınmaqla yanaşı, beynəlxalq təcrübəyə istinadən hazırlanıb. Sorğu anketi 92 (83 spesifik və 9 sosial-demoqrafik) sualdan ibarətdir. Sorğunun keçirilməsində 15 intervüyer və 2 koordinator iştirak edib.
 
İntervüyerlər üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təlimat qaydaları hazırlanıb Toplanan məlumatlar xüsusi proqram - SPSS (Statistical Package for the Social Sciences (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib. Respondentlərin sosial-demoqrafik göstəricilərinə əsasən deyə bilərik ki, Respondentlərin əsaslı hissəsi (96.7%) azərbaycanlı və müsəlmandır (98.6%). Seçmə daxilində gender balansı qorunub – kişi (50.3%) və qadın (49.7%). Sorğuda iştirak edənlər arasında 26-35 (26.3%) və 36-45 (23.4%) yaş aralıqlarında olanlar, eləcə də, tam orta təhsillilər (45.7%) üstünlük təşkil edib. Məşğuliyyət statusu cəhətdən dövlət sektorunda çalışanların çəkisi (30.8%) daha çoxdur. Keyfiyyət əsaslı tədqiqat üçün: 27 ekspert-respondentin - vəkil və hüquqşünas, qeyrihökumət təşkilatı rəhbərləri, sosioloq və psixoloqlar, dövlət məmurları və s. fikri alınıb.
 
Respondentlərin rəylərinin təhlili nəticəsində ortaya çıxan mənzərə və göstəricilər aşağıdakı kimidir: 2 Ailə institutu, ailə və nikah münasibətlərinin cəmiyyətdə yeri kontekstində səslənən "Ailə kiçik dövlətdir” fikri ilə nə dərəcədə razısınız” sualına verilən cavabarın təhlili göstərir ki, ailə sahəsində bəzi mənfi tendensiyaların yer almasına baxmayaraq, rəyi soruşulanlar arasında Azərbaycan ailə institutunun cəmiyyətdə və dövlətçilik həyatında statusu ilə bağlı təsəvvürlər yüksək səviyyədədir. Sual cəmiyyətdə ailənin əhəmiyyətini adekvat dəyərləndirməyən respondentlərin çox aşağı faiz təmsil etdiyini aşkarlayıb ki, bütövlükdə hazırkı məqam üçün bu göstərici narahatlıq doğuran səviyyədə deyil.
 
Rəyi soruşulanların təxminən üçdə ikisi, yəni 61.2%-i XXI əsr Azərbaycan ailəsinin XX əsr ailəsindən çox, 25.8%-i isə qismən fərqləndiyini düşünür. Bu göstərici müstəqillik dövründə ailənin təkamül və dinamikasında baş verən dəyişikliklərin kifayət dərəcədə hiss edilməsinə dəlalət edir.

 "Nələrin ailə dəyərlərimizə qarşı ziyanlı təsirlərini, təhlükələrini görürsünüz” sualına respondentlərin cavabı göstərir ki, ailə dəyərlərimizə ziyan vuran amillər sırasında ilk üçlükdə sosial şəbəkələr, maddi-iqtisadi vəziyyət və xarici serialların təsiri qərarlaşıb. Maraqlıdır ki, təxminən hər 4 nəfərdən biri karantin rejiminin davam etməsini ailə institutu üçün təhlükəli olduğunu düşünür.
Nikaha daxil olmaevlilik yaşı ilə bağlı münasibət də maraqlı nəticələr doğurub. Ümumiyyətlə, respondentlər bir qayda olaraq qadınların ən gec halda 27 yaşa qədər evlənməli olduğunu düşünürlər. Qadınların evlilik üçün ən uyğun yaşını 23-27 hesab edən respondentlərin faizi (46.5%), fikrimizcə, maraqlı nəticə olmaqla qadınlar üçün tez evliliyin şərt olmadığını, onların təhsil və karyera sahəsində fəal olmasına dair təsəvvürləri ifadə edir. Həmçinin, müasir ailə modeli barədə təsəvvürlərin möhkəmlənməsinə işarə edir.

Başqa millətlərin nümayəndəsindən olan qadın və kişi arasındakı nikaha, aborta, o cümlədən, uşağın cinsinə görə abort olunmasına münasibət də fərqli nəticələrlə yadda qalıb. Məsələn, 55.9% kişi respondent onunla eyni millətdən olan qadının başqa millətlərin nümayəndəsindən olan kişi ilə nikah bağlamasına pis baxır. Oxşar mənzərə fərqli dinlərdən olan şəxslərin nikahına dair də müşahidə edilib. Əhalinin isə olduqca az hissəsi (5%-dən az) abort və selektiv aborta müsbət baxır. Uşağın cinsinə görə selektiv abort olunmasına mütləq əksəriyyət (90%) mənfi baxır, bu məsələdə heç bir göstərici üzrə qruplararası fərq müşahidə edilməyib.
 

Evliliyə, övladlara, ailə üzvlərinə münasibət fonunda cütlüklərin evləndikdən sonra yeni ailə mühitinə neçə aya uyğunlaşa bilmələri haqda münasibətlərinə diqqət yetirək: Ailədaxili münasibətlərdə yeni evlilik mühitinə uyğunlaşma ailədə dayanıqlığın təməlinin, sosial-psixoloji əsaslarının formalaşmasında mühüm əhəmiyyətə malikdir. Ailə psixologiyasına görə, tərəflər evliliyin ilk 3 ilini daha çox yeni mühitə - ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini tanımağa çalışmalı, gözləntilərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər. Evlilik müddəti və boşanmalarla bağlı qlobal statistikaya görə, nikahdan sonrakı 4-cü ildə boşanmalar dünyada ilk sırada durur.

Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Belə ki, çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır. Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir. Müasir dövrdə uşaq böyütmək, hərtərəfli təhsil vermək, gələcəyini təmin etmək çətindir. Belə olduqda əksər ailələr bir uşaqla kifayətlənir. Bu gün Azərbaycanda ailə strukturu uşaqların sayı baxımından tamamilə fərqlidir. Təkuşaqlı ailədə uşaq valideynlərin əzizlədiyi yeganə qayğı və diqqət obyektinə çevrilir, bu da çox hallarda uşağın müstəqillik və yetkinlik şüurunun formalaşmasının gecikməsinə səbəb olur. Öz növbəsində tək uşaqlı ailələrdə uşaqların sosiallaşması çətinləşir.

 
Ailə həyatına hazırlıq bütöv bir təsəvvürlər sistemini - sosial-mənəvi, psixoloji, pedaqoji, hüquqi, təsərrüfat-iqtisadi, tibbi, fizioloji-gigiyenik hazırlığı əhatə edir. Nikaha daxil olmaq kimi ciddi qərar verən gənclərin dünyagörüşü həlledici əhəmiyyətə malikdir. Müasir ailə modelində ailə quranların fərdi seçimi üstün meylə çevrilib. Ailə qurmaq və boşanmaqla bağlı seçimlər də fərdi verilir. Boşanmaların sayının artmasında düşünülməmiş ailə qurmaq qərarını verməkdə əhəmiyyətli yer tutur. "Sürətlə” qurulan ailələr tez dağılmağa meyilli olur. 
73.3% ailədə verilən qərarlara kənar müdaxilə olmasa da, 14.3% ailədə bu və ya digər tezlikdə, 12.1% ailədə isə nadir hallarda kənar təsirlər olur.
Övladlarının sayı ilə bağlı qərarların qəbul edilməsində 48.7% ailədə hər iki valideyn birgə iştirak edib. 35.4% ailədə isə bu, plansız baş verib

Əlavə: Ailələrin əsaslı hissəsi (70.4%) kontraseptivlərdən (qoruyucular, preparatlar) heç vaxt istifadə etmədiyini bildirib. 7.3% respondent isə onlardan həmişə istifadə edir. Kontraseptivlərdən istifadə barədə yekun qərarı daha çox ailələrdə hər iki tərəf birlikdə versə də, yalnız bir tərəfin iştirak etdiyi qərarlarda əsasən qadınlar üstünlük təşkil edir. Şəhərlər və kəndlərdə kontraseptivlərdən istifadənin tezliyi qəsəbələrə nisbətdə əhəmiyyətli dərəcədə daha yüksəkdir (x=21.578 (6), p<0,05).Ailənin iqtisadi qayğı və problemləri başlığı fərqləndirilən hissədə hazırda ailənin borc verməsi aydınlaşdırılır. Ailələrin sabitliyi, ailədaxili münasibətlərin dayanıqlılığının artırılmasında sosial-psixoloji səbəblərlə yanaşı, maddi və sosial-iqtisadi amillər həlledici rola malikdir.

Respondentlərə müxtəlif istiqamətlərdə - "Ərzaq xərcləri"; "Övladların xərcləri"; "Nəqliyyat xərcləri"; "Kirayə xərcləri"; "Kommunal ödənişlər”; "Geyim xərcləri”; "Rabitə (telefon, internet) xərcləri"; "Sağlamlıq/dərman xərcləri"; "İstirahət xərcləri"; "Özünəqulluq xərcləri” və s. nə kimi çətinlik çəkmələri ilə bağlı suallar verilib. Bəs Azərbaycan ailəsinin gəlir səviyyəsi və əsas xərc istiqamətləri nələrdir? Rəyi öyrənilənlərin 35.5%-nin aylıq gəlir səviyyəsi (ailə olaraq) 1-250 manat, 35%- nin isə 251-500 manat arası dəyişir. Hər dörd ailədən birinin aylıq gəliri 501-1000 manat olduğu halda, cəmi 4.7% ailə 1001 manatdan artıq gəlir əldə edir.
 
İşləyən valideynlərin faiz nisbəti respondentlər arasında çoxluq təşkil edib. Rəyi soruşulanların 86.8%-nin gəlir mənbəyi kişi valideyn, 41.8%-i qadın valideyn olduğu məlum olur. Aylıq əməkhaqqı (dövlət sektoru) (50.3%), müavinətlər (35.5%) və günəmuzd gəlir (iş olandan olana işləmək) (27%) ailələr üzrə ən geniş yayılmış üç gəlir mənbəyidir
 
Respondentlərin "Ailə büdcəsinin istifadəsinə dair qərarı əsasən kim/kimlər verir?” sualına cavabında ənənəvi ailə modelində olduğu kimi 80.8%-də qərarların kişilər tərəfindən verildiyi məlum olur. Qadınların yalnız 52.8%-i qərarvermədə iştirak edir. Ayrıca son üç ildə müşahidə olunan gəlir dinamikası da hesablanıb
 
Ailənin potensial problem və stress mənbələri. Ailənizdə əsasən hansı məsələlərə görə problemlər yaranır? Göründüyü kimi, əsasən problemlərin qaynağı maddi məsələlərlə bağlıdır, sonrakı yerlərdə isə müvafiq olaraq uşaqla bağlı anlaşmazlıq, pis yaşayış şəraiti, qısqanclıq kimi xüsusiyyətlər yer almaqdadır
 

 
Respondentlər hesab edir ki, nikah müqaviləsi daha çox qadınların hüquqlarını qoruyur. Eyni zamanda, nikah müqaviləsinin ailə quran cütlüklərə sosial-psixoloji baxımdan mənfi təsir etdiyi də bildirilir. Respondentlərin "Evliliyin daha uzun müddət davam etməsini təhlükəyə atır"; "İnsanların bir-birinə inamsızlığının göstəricisidir"; "Tərəflər əmlakını rəsmiləşdirmədiyi üçün müqavilənin əhəmiyyəti yoxdur" kimi cavabları ailədə güvən və inamın əsas olmasını göstərir, ənənəvi ailə modelində liberal qayda və yeniliklərin həlledici əhəmiyyətə malik olduğunu sübut edir. Rəyi soruşulanlar arasında 45.9%respondent mediasiya xidmətinin yaradılması barədə məlumatsız olsa da, 33.8% müsbət gözləntiyə malikdir. Bu göstərici mediasiya xidmətinin təsisi ilə bağlı maarifləndirməyə ehtiyac olduğunu göstərir.
 
Valideyn və övlad münasibətlərinə ictimai rəyin öyrənilməsi məqsədilə respondentlərə verilən suallar onların uşaqların tərbiyəsində hansı metodlara üstünlük verməsi barədə təsəvvür yaradır. "Övladlarının tərbiyəsində daha çox onlarla ünsiyyətə, yoxsa sərt rəftara üstünlük verirsiniz?" sualına cavabda ünsiyyətə üstünlük verənlər faiz nisbəti ilə çoxluq təşkil edir. Ailələrin təxminən 15%-də dini dəyərlərin əhəmiyyəti olmasa da, 26.6% respondent həyatını dini dəyərlər üzərində qurduğunu bildirib. Demək olar ki, ailələrin yarısı dini və dünyəvi dəyərləri uyğunlaşdırmağa çalışır.

 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol