"Media haqqında" qanunun müzakirəsi zamanı konsensus əldə edilibmi? - AÇIQLAMA

Medianın İnkişafı Agentliyində "Media haqqında" qanun layihəsini tənqid edən bir qism ekpertlə keçirilmiş görüşdə bəzi məsələlər üzrə konsensus əldə edilib, - bunu anews.az-a açıqlamasında Media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli deyib.
"İki gün ardıcıl 3 saata yaxın müzakirələrdə iştirak etdim. Bəzi məsələlərdə mövqelər yaxınlaşsa da, bəziləri açıq qaldı. Ümumi konsensusa gəldiyimiz məsələlərdən biri bütün platforma yayımçısının lisenziyalı fəaliyyətini nəzərdə tutan (30.2 maddə) maddəni aydınlaşdıracaq qeydlə bağlı razılaşdırılma oldu. Razılığa görə yalnız peyk yayımını həyata keçirən operatorun xidmətindən istifadə edən platforma yayımçısı lisenziyaya müraciət edəcək. Yəni ancaq internet üzərindən yayımlanan platforma yayımçıları lisenziyasız fəaliyyət göstərəcəklər. Bundan başqa 30-cu maddəyə bir bənd əlavə olundu. Belə ki 30.8 bəndinə görə, ancaq birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər öz müraciətləri əsasında platforma yayımçısı lisenziya ala bilər. Bu halda qeyd olunan şəxslər bu qanunun 30.2-30.7-ci maddələrinin tələblərinə cavab verməlidir", - deyə Məmmədli bildirib.
Onun sözlərinə görə, qanunla bağlı təklif və iradlarını bildirərkən məlum olub ki, maddələrin bəziləri dəyişə bilər, bəzilərinin isə dəyişməsi mümkün olmayacaq. "Hansı dəyişikliklərin ediləcəyini biz qanun layihəsi üçüncü oxunuşda qəbul edildikdən sonra biləcəyik. Qanunu qəbul edənlər onun məsuliyyətini də üzərində daşıyır. Müzakirə tam yekunlaşmadı və digər təkliflərimin yazılı təqdim olunması xahiş olundu.Qanunda nəzərdə tutulan format jurnalistlər üçün bəzi məhdudiyyətlər yaradacaq. Təəssüf ki, qanun müəllifləri fərqli düşünür", - deyə Ələsgər Məmmədli deyib.
"Media haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasına ilk dəfə 14 dekabr, 2-ci dəfə isə 20 dekabr müzakirəyə çıxarılaraq iki oxunuşda qəbul olunub. Daha sonra qanun layihəsi ekspertlər və bir qisim jurnalistlər tərəfindən etirazlar və narazılıqlar yaratdığı üçün hazırda qanun layihəsində dəyişiliklər olması barəsində müzakirələr davam etdirilir. Medianın İnkişafı Agentliyi qanun layihəsinin müzakirələrinə Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Orucla yanaşı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev, "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, APA İnformasiya Agentliyinin təsisçisi Vüsalə Mahirqızı, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, həmçinin bir sıra media subyektlərinin nümayəndələrini dəvət edərək dinləmələr keçirib.
"Media haqqında" qanunun müzakirəsində iştirak edən Turan İnformasiya agentliyinin rəhbəri Mehman Əliyev anews.az-a açıqlamasında bildirib ki, qanun layihəsinin əsas tərəflərinə nəzər salsaq, burada ziddiyyət və qeyri-müəyyənlik olmasını görə bilərik.
"Qanun "Media haqqında qanun” adlanır. Media nədir? Biz bu söz altında KİV, yoxsa bütövlükdə cəmiyyəti başa düşürük? Tərtibçilər KİV deyirlər. Amma əslində, birincisi, bu termin daha geniş məna daşıyır və bütün cəmiyyəti əhatə edir, ikincisi, layihədə üstüörtülü subyektlik və bütün cəmiyyətin məsuliyyəti yer alıb. İncil "öncə söz olub” mesajı ilə başlayır və bu mesaj bəşər sivilizasiyasının informasiya inkişafının təməl daşına çevrilib. Hazırkı qanun layihəsi media anlayışının təməl daşı "kütləvi informasiya" terminindən başlayır. Qanun layihəsində bu termin peşəkar jurnalist sexinin törəməsi kimi şərh edilib. Əslində kütləvi informasiya termini kütləvi şəkildə yayılmış informasiya deməkdir və onun istehsalçısı bütün cəmiyyətdir. Bu, artıq qanun layihəsinin mənasını dar jurnalistikadan geniş ictimaiyyədək kökündən dəyişir. Qanun layihəsində "platforma" terminindən istifadə olunur. Bu, KİV, Televiziya, informasiya əldə edilməsi haqqında mövcud qanunlarda yoxdur. Bir sözlə, informasiya sahəsini əhatə edən qanunvericilikdə. Qanun layihəsinin müəllifləri bizi inandırmağa çalışırlar ki, bu termin yalnız rəqəmsal və kabel televiziyası sahəsinə aiddir. Lakin platforma anlayışı beynəlxalq praktikada İnternet törəmələri olan meydançalar kimi istifadə olunur. Və istənilən veb-sayt, personal səhifə və s. bir platformadır. Görüşdə aydın oldu ki, tərtibçilər qanun layihəsində platforma terminini dəqiqləşdirməkdən yayındılar. Layihə göstərilir ki, platforma dövlət tərəfindən lisenziyalaşdırılır, bu isə o deməkdir ki, belə tərif təkcə TV-nin yox, bütün İnterneti lisenziyalaşdırma hüququ verir. Və bu da dövlətə bütün İnternet məkanına nəzarət etmək üçün geniş səlahiyyətlər verir. Nəticədə, Əli Hüseynli bu məntiqlə razılaşıb və tərtibatçılara platforma anlayışını qanun layihəsinə daxil etməyi tapşırıb", deyə Mehman Əliyev qeyd edib.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin sözlərinə görə "Media haqqında" qanunun müzakirəsi çox geniş və əhəmiyyətli idi.
"Fikrimcə "Media haqqında" qanunun müzakirəsi indiyə qədər təşkil olunmuş müzakirələrdən ən dolğunu idi. Müzakirələrdə qanun lahiyəsinin hazırlanmasında iştirak edən insanlar, həm parlamentdən olan deputatlar, həm də dəyərli ekspertlər iştirak edirdi. Qanunla bağlı təklif və iradlar bildirildi. Ən əsası qanunun qəbulundan sonra hansı problemlər yarada biləcəyi məsələsinə də toxunuldu. Əsas jurnalistin statusu ilə bağlı, həm reyster, lisenziyalaşdırma ilə bağlı əsas narazılıqlar qarşı tərəfə çatdırıldı. Ən əsas bildirdi ki, qanun layihəsi belə tez qəbul olunmasın. Problemlər çoxdur və müzakirələr etməyə vaxt ayrılmalıdır. Adətən qanunun layihəsinin III oxunuş zamanı prosesinə belə ciddi hazırlaşmırlar. Görünür bu dəfə ekspertlərin etiraz və narazılığı bu dəfə nəzərə alınıb.Əgər müzakirələr bir nəticə verməsə çox məyus olarıq və bu qədər vaxta keçirilən görüşlər nəyə lazım olduğunu anlaya bilmərik. 15-20 il qabaq qanun layihələri zamanı ekspertlərin müzakirələrdə iştirakı təmin olunurdu. Təəssüflər olsun ki, son 10 ildə bu unudulub. Bəlkə bu qayda yenidən bərpa olar və yaxşı nəticələr də verər", deyə Arif Əliyev bildirib.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı "Media haqqında" qanuna münasibət olaraq qeyd edib ki, onu bu qanun qorxutmur və hər zaman jurnalistika prinsiplərinə əsaslanır.
""Media haqqında" qanun layihəsininin müzakirələrinə məni də dəvət etmişdilər. Dəyərli ekspertlər təklif və iradlarını bildirdi. Normal müzakirə oldu. Qarşı tərəfdə cavab olaraq öz arqumentlərini qeyd etdi. Əsas məsələlərdən biri qanunun yanvarın 1-də təsdiq olunması məsələsi idi. Hər halda qarşı tərəf bildirdi ki, bu sadəcə göstərilən bir tarixdir.Qanunda mənə də aydın olmuyan məqamlar var idi ki, izah etdilər. Düşünürəm ki, qanun elə yazılmalıdır ki, onun izaha ehtiyacı olmasın.Burada hüquqi dil normaları məqamları var. Məsələn Amerikada informasiya azadlığı haqqında qanun bir dəfə qəbul olunub və o qanunla da jurnalistlər fəaliyyət göstərir. Amerika media sahəsində yetərincə irəli olan ölkədir. Məni o qanunda heçnə qorxutmur, prinsiplərə əsaslanıram. Mənə qalsa mən əsas müdəallarla qanun qəbul edib mövcud olan qanunlarla idarə edərəm. "Media haqqında" qanundan əsaslı və köklü dəyişikliklər gözləmək olmaz. Ola bilər ki, maddələrin daha dəqiq formalaşdırılması olsun", deyə Elçin Şıxlı əlavə edib.
İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc qanun layihəsinin müzakirəsi ilə bağlı bildirdi ki, ekspertlərlə çox səmərəli müzakirələr aparılıb və faydalı təkliflər ətrafında fikir mübadiləsi olub.
"Media haqqında" qanun layihəsinin müzakirəsinə dəvət olunmuş ekspertlərlə ifadə azadlığına məhdudiyyətlər deyil,əksinə geniş meydan açdığı arqumentlərlə əsaslandırıldı.Əsasən,media strategiyası,platforma yayımçısı,jurnalistin definisiyası və media reestri ətrafında aydınlaşdırıcı mövqelər ətrafında maraqlı diskussiya aparıldı", deyə Zahid Oruc qeyd edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























