FHN-nin mətbuat şefi rüşvət üstündə vəzifədən qovulub?

Yola salmağa hazırlaşdığımız həftənin əvvəlində Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi həyata keçirildi. Nazirlik yarandığı vaxtdan qurumun mətbuat xidmətinin rəhbəri olan Tural Müseyibov vəzifəsindən çıxarıldı. Onun yerinə isə İTV-nin direktorunun sabiq müavini Oqtay Bayramov təyin edildi.
Xatırladaq ki, uzun illər “AzərTAc”da müxtəlif vəzifələrdə çalışan Oqtay Bayramov bir müddət İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin sədr müavini postunu tutub.Mövzumuz heç də FHN-nin yeni postunu tutan şəxsin kimliyini araşdırmaq deyil. Baxmayaraq ki, FHN yarandığı gündən onun mətbuat xidmətinin rəhbəri vəzifəsini tutan və jurnalistin telefonuna cavab verməyən Tural Müseyibovdan fərqli olaraq Oktay Bayramovun öz vəzifəsini necə icra edəcəyi hər bir jurnalist üçün maraqlıdır. FHN digər güc strukturlarından fərqli olaraq insanların həyatı ilə birbaşa bağlıdır və verilən açıqlamalar heç də hər hansı bir dövlət sirrini özündə daşımır.
ANN.Az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, FHN-də mühüm postlardan birini tutan Tural Museyibov işdən hələ bir həftə qabaq, özü də rüşvətxorluq üstündə çıxarılıb. Məlumatda qeyd olunur ki, T.Müseyibov ayrı-ayrı şəxslərdən pul alıb onları işə düzəldirmiş. Nəhayət, məsələnin üstü açılıb və o, vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, T.Müseyibov Muğan Regional Mərkəzinə sədr müavini təyin olunub.
Hələ 2009-cu ildə T.Müseyibovun polislərin üstünə silah çəkməsi barədə mətbuatda informasiya gəzirdi. Yayılan məlumata görə, Tural Museyibov şəxsi avtomobili ilə hərəkət edərkən yol hərəkəti qaydalarını pozub və Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra polislərlə onun arasında mübahisə baş verib. Tural Museyibov FHN-də yüksək vəzifə tutduğunu və hər gün bir neçə dəfə Kəmaləddin Heydərovun kabinetinə girib-çıxdığını, fövqəladə hallar nazirinə çox yaxın adam olduğunu deyib. Ancaq polislər bildiriblər ki, onun maşını cərimə meydançaşına getməlidir. Bundan sonra Tural Museyibov əsəbiləşərək polislərlə kobud davranıb, onlardan da eyni münasibəti göstərməsinin ardınca isə silaha əl atıb. Problem nazirlər səviyyəsinə qalxıb və deyilənə görə, T.Müseyibov ciddi xəbərdarlıqla öz postunu qoruyub saxlaya bilib.
Onu da bildirək ki, T.Museyibov əvvəllər “Space” telekanalında da çalışıb, “Hər gün” informasiya proqramının aparıcısı olub.
Yuxarıda qeyd olunanlarla bağlı T.Müseyibovun mövqeyini öyrənməyə çalışdıq. O, isə həmişə olduğu kimi telefonlarımıza cavab vermədi. Buna baxmayaraq, cənab Museyibovun mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.
Seymur
ANN.AZ
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























