• $
  • €
  • ₽
  • ₺
  • £

Azad media üçün azad mühit olmalıdır - "BİZİM YOL" redaktoru ilə bizim söhbət - VİDEO

Azad media üçün azad mühit olmalıdır - "BİZİM YOL" redaktoru ilə bizim söhbət - VİDEO
15.04.2022 14:34
Anews.az-ın   "Bizim Qonaq" layihəsinin bu dəfəki qonağı olan  "Bizim yol" qəzetinin və eyni adlı saytın rəhbəri Bahəddin Həziyev 1986-cı ildən jurnalistika ilə məşğul olur. Onunla söbətə Azərbaycan jurnalistiksının durumu ilə bağlı suallardan başladıq:

- Azərbaycanda jurnalistlərə münasibət eyni deyil. Sizcə bunun səbəbi nədir? 


- Jurnalistlərə münasibət insanların yanaşmasına görə dəyişir. İnsan var heç tanımadığı media orqanının jurnalistini həvəslə qəbul edir, suallara cavab verir, fikirlərini ifadə edir. İnsan da var iş sahəyə uyğun olaraq münasibət bildirir. Mən "Turan" agentliyində işlədiyim zaman bir telekanal və bir agentlik var idi. "Turan" yeganə müstəqil agentlik kimi yaranırdı və onu qəbul etdirmək biraz çətin idi. 1989-1990-ci illərdə müstəqil bir agentliyinin yaranmasını çox insan qəbul edə bilmirdi. Biz informasiyaları hazırlayırdıq sonra onu redaksiyalardan xahiş edirdik ki, bu xəbərləri dərc etsinlər. Bəzən dərc edirdilər,bəzən imtina edirdilər, bəzən də ironiya ilə yanaşırdılar. Biri tənqidi yanaşırdı,biri təbrik edirdi. Bir sözlə hər kəsin bir yanaşması var idi. Zaman dövr prizmasından baxmaq lazımdır.  Əslində media orqanlarının sayı çoxdur. Amma jurnalist çox deyil. Əsası qeyri əsasdan ayıra bilən, hadisələrin daxili strukturunu bilən jurnalistlərin sayı azdır.

- 90-ci illərdə mətbuat azad idimi?

- 1987-ci ildə biz BDU tələbələri olaraq kustar üsulla qəzetimizi buraxırdıq.  O dövr milli azadlıq uğrunda mübarizə başlamışdı və hər kəs orada bir formada iştirak edirdi, istədiyini yazırdı. Getdikcə belə bir stiuasiya yarandı ki, jurnalistikaya peşəkarlıq standartları gəlməyə başladı. Yəni sən hər şey haqqında yaza bilərsən, yalnız peşənin standartları çərçivəsində yanaşmalısan. Münaqişəli məsələlərdə qarşı tərəfin mövqeyi olmalıdır. Faktları araşdırmalısan. Empatiya məsələsi ortaya çıxdı,yəni sən kiminsə haqqında yazanda özünü onun yerinə qoymalısan.Dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan, fakta sökməyən nələrsə yazanda qarşı tərəfin hansı hisslər keçirtdiyini jurnalist hiss etməlidir. Peşə standartları qərbdən,Türkiyədən gəldi. Hətta siyasi görüşlər üzrə media orqanları yarandı. O dövrün mediasının azad hesab etmək olar, o peşə standartlarına tam uyğun idimi, bu bir az yumşaq desək mübahisəlidir. Mənim işlədiyim "Turan" İA hər kəsin mövqeyini alırdı. Daha sonra mən "Azadlıq" qəzetinə keçdim. Orada da Xalq Cəbhəsinin qəzeti olsa da  müxtəlif mövqeləri işıqlandıra bilirdik. Hətta o vaxt iqtidar nümayəndələrinin də çıxışları getməyə başladı. Daha sonra bu məsələlər bitərəfli şəkil aldı. Media xırdalandıqca maraqlar da xırdalandı. Basqılar, təzyiqlər, müəyyən məhdudiyyətlər, həm qanunverilicik baxımından, həm siyasi baxımdan vəziyyət medianın zəifləməsinə gətirib çıxartdı. Jurnalstikanı ayaqda saxlayan peşəkar və savadlı  jurnalistlər azdır. 
 
- Nəcəf Nəcəfovun "Azadlıq" qəzetinin sonra Sizin də rəğbət bəslədiyiniz "Yurd" təşkilatının faktiki nəzarəti altına keçməsi Sizdə narahatlıq yaratdımı? Axl deyirsiz azad mətbuat tərəfsarısız?

- O məsələlər biraz şişirdilib. Yurd birliyi tələbə təşkilatı idi. Azadlıq qəzeti hər zaman öz mövqeyini qorumağa çalışıb, amma zaman-zaman müəyyən təsirlərə məruz qala bilir. Məsələn "Vaşinqton post" qəzeti bu gün "Ağ ev"in təsiri altındadır. Başqa nümunələr də gətirmək olar. indiki qarmaqarışıq dünyada tərtəmiz müstəqil media axtarıb tapmaq çətindir.Türkiyə və Almaniyada da media orqanlarının siyasi və ictimai proseslərə müəyyən simpatiyası olduğunu görmüşəm. Bunu tamamilə kənara atmaq mümkün deyil. Ümumilikdə götürəndə peşə standartları öndə olmalıdır. 

- Məşhur Rusiya  jurnalisti Nikolay Svanidze bir vaxtlar deyib ki, jurnalistlər gərək siyasətin qurbanına çevrilməsinlər. Maraqlıdır Azərbaycanda siyasətin qurbanına çevrilən jurnalistlər varmı? Varsa ad çəkə bilərsinizmi?

- Siyasətin qurbanına çevrilən jurnalistlər öz adlarını məndən yaxşı bilirlər. Ümumiyyətlə desək əslində hamı bu və ya başqa şəkildə siyasətin yaxşı və ya pis mənada qurbanı olur. Siyasət də bir peşədir. Milyonlarla insanın həyatına təsir edir. Kim siyasətlə məşğul olmursa siyasət özü onunla əvvəl-axır məşğul olur. Bizim də zamanında siyasi mövqeyimiz olub. Hesab edirəm jurnalistlər siyasətdən kənar olmaq yox, siyasətlə məşğul olmamalıdırlar. Xüsusən ictimai-siyasi prosesləri təhlil edən jurnalistlər siyasətin içindədirlər, onlar da aktiv siyasi fəlaiyyətdən uzaq olmalıdırdlar. Bu ikisini bir-biri ilə qarışdırmaq olmaz. Jurnalistika elə bir peşədir ki, ətrafda baş verən proseslərdən kənarda qala bilməz.


- Müsahibələrin birində Sizə bir dəfə sui-qəsd hazırlandığını demisiz. Buna  səbəb nə olmuşdu? 

- Hansı yazı ilə bağlı olduğunu müəyyənləşdirmək bir qədər çətindir,çünki o qədər çox yazılar var idi ki... Təxmini bilirəm hansı yazıya görədir. Bu məsələ bağlanıb deyə bu barədə danışmaq əhəmiyyət kəsb etmir. Nə zamansa bəlkə demək olar, amma indi onun yeri deyil. 

O məsələ araşdırılmadı. Polisə tapşırdılar, polis orqanları da araşdırıb ortaya çıxartmadı. Dəfələrlə ən yüksək səviyyədə müraciətlər etdim. Hadisəyə fəlsəfi yanaşdım, çünki buna məcbur idim. Əlimdə əsas və fakt olmadan kimlərisə günahlandırmak kimi xarakterim yoxdur. Fəlsəfi yanaşmam belədir ki, jurnalistika bir peşə deyil, həm də bir taledir. İstəmədən peşənin tələbi olaraq insanları incitməli olursan, çox şeylərə toxunursan və nəticədə qarşı tərəf səni bədxah kimi görür. Dünyada nə qədər xəsarət  alan, öldürülən, təzyiqlərə məruz qalan jurnalistlərimiz var. Bu imkanlara bağlı məsələdir.

- Sizə sui-qəsd təşkil edildikdən sonra hakimiyyətə yaxın dairələr tərəfindən ələ alındığınız barədə mətbuatda fikirlər səsləndirildi. Onlara nə cavab verərdiz?

- Həmkarlarımız tərəfindən əleyhimizə yazanlar da oldu. Reanimasiyada yatdığım ilk üç gündə həkimin dediyinə görə,  hər iki tərəfə biletim var idi. Həmin günlərdə bəzi media orqanlarında jurnalistlər xoşagəlməyən sanki günahı mənim üzərimə yıxacaq yazılar yazırdılar. Jurnalistika təhlükəli peşədir. Bizi bu sahəyə gəlməyə kimsə məcbur etməyib.Özümüzdən qəhrəman düzəltməli deyilik,nə də imkan verməməliyik ki,bizi əzsinlər. Sadəcə bacardığımız qədər öz işimizlə məşğuluq.

- Tanınmaq heç də yaxşı deyil demisiz, amma özünüz elə bir sahədəsiz ki, dediyinizi inkar etmiş olurnusuz. Tanınmağın yaxşı olmayan tərəfləri nədir?


- Mənim üzdən tanınmağım mənə maraqlı deyil, hətta bəzən bu mənə mane olur. Yazıların və imzanla tanınmalısan. Bəzən insanlar qalmaqala meyilli olurlar ki, tanınsınlar. Efirə meyillənirlər. Amma bu cür şeylərə can atmıram. 


- Siyasi fəaliyyətinizdən sonra jurnalistikaya gəlmisiniz. Jurnalist də tərəfsiz olmalıdır. Siyasi fəaliyyətinizdən sonra bu bitərəf olmaq prinsiplərinə nə qədər əməl etdiniz? Yəni jurnalist kimi fəaliyyətinizdə bu çətinlik yaratmadımı?


- Jurnalistikaya siyasi fəaliyyətdən gəlməmişəm. Mən jurnalistika ilə məşğul olanda ölkədə siyasi fəaliyyət yox idi. Aktiv siyasətlə məşğul olduğum da olub. Siyasətlə məşğul olduğum illəri itirmiş illər saymram,amma yalnış sayıram özüm üçün. Daha çox jurnalistika ilə məşğul olmalı idim. Taleh elə gətirdi. Bizdən asılı olmayan səbəblər var idi.


-Müsahibələrin birində demisiz ki, bəziləri siyasətə baş vurur ona görə ki? gələckdə ya deputat? ya başqa vəzifəyə gəlsin. Sizin isə belə bir niyyətiniz olmayıb. Niyyətiniz olmayıbsa niyə 2005-ci ildə deputat seçkisində iştirak etmişdiniz?


- Onda mən aktiv şəkildə siyasi fəaliyyətlə məşğul idim. Ümumi qərar oldu, mən də namizədliyimi verdim. Hətta orada səs də yığmışdım. Amma sonra protokolları dəyişdilər. Bu onunla bağlı deyildi ki, mən seçkiyə inanmışdım. Sadəcə mənim üçün bir təcrübə idi. Rəqibim Milli Məclisind deputatı olan bir şəxs idi. Əslində o rəqib deyildi, o siyahıda 3-cü yerdə idi. Jurnalistlərin dediyi "lal deputatlar"  siyahısında olan bir deputat idi. Seçkidə işitrak etmək,insanlarla görüşmək maraqlı idi. Bunu özümə qazanc sayıram. 


- Elçibəy hakimiyyəti dövründə MTN arxivində çalışmağınız barədə məlumat düzdürmü?


- Orada təhlil araşdırma şöbəsinə aid bir işə təklif almışdım. Hətta məni işə götürmək də istəyirdilər. Mən jurnalistikanı seçdim və düşündüm ki, ora getməklə səhv iş görmüşəm. 


- "Bizim yol" bir zamanların ən yüksək reytinli saytlarından idi. Bəlkə də birinci idi. Son zamanlar isə fəalliyətində o reytinqi hiss etmək olmur. Bunun səbəbi nədir?

- Bunun çox səbəbi var. Görünür ki, biz yaxşı işləmirik. Bəlkə də əvvəl  indiki ilə müqayisədə daha azad media var idi. Bəlkə daha çox həvəsimiz var idi. Bunlar hamısı təsir edə bilər, ancaq çox saytlar yarandı, jurnalist potensialı bölündü. Daha böyük əmək haqqları ilə bizim jurnalistləri apardılar. Başqa səbəbləri saysam bir az bəhanə kimi görünər. 

- Azad media sayılacaq KİV-lər deyirsiz azdır. "Bizim yol"u azad media hesab edirsinizmi?

- Azad media üçün şərait olmalıdır. Böyük bir hissədə bu azadlıq yoxdur. Ona görə yox ki, kimlərsə kənardan təsir edir.  Dediyin sözün nəticəsini görməyəndə insan həvəsdən düşür. Bəyənmədiyimiz 1990-ci illərdə mediada  yazılan məqalələr əsasında dərhal araşdırmalar aparılırdı, cinayət işləri açılırdı, müəyyən tədbirlər görülürdü. Medianın təsiri və gücü var idi. Getdikcə bu zəiflədi. Zəiflədikcə jurnalistlərdə daxili stimul aşağı düşdü. Azad media üçün azad mühit olmalıdır. Mediada yaradıcılıq, istehsalat və kommersiya birləşib. Yaradıcılıq azadlıq, istehsalat sərmayə və texnoloji yenilənmə, kommersiya isə azad rəqabət mühiti tələb edir. Bu faktorlardan yanaşsaq bunların hansı var bizim cəmiyyətimizdə? Varmı bunların hər üçü eyni vaxtda? Medianın əsas gəlir yeri reklamdır. Bu bütün dünyada belədir. Bununla bağlı araşdırmalar var. Biz o araşdırmalarda da görürük ki, məsələn Gürcüstanı reklam gəlirlərinə görə Azərbaycanla müqayissə edə bilərikmi? Yox. Qazaxıstan məsələn. Qazaxıstanda olan mediada reklamlara baxsaq görərik ki, çox nəhəng bir bazardan söhbət gedir. İllik 200 milyon dollardan söhbət gedir. Baltikyanı ölkələrin respublikalarına baxsaq onların 3 respublikasının əhalisi bizim əhali qədərdir, 2018-ci ilin rəqəmlərinə nəzər yetirsək görərik ki, onların reklam bazarı  450 milyon Avro təşkil edib. Bunlar olmadıqca biz necə deyə bilərik Azərbaycanda azad media var? Media iqtisadi baxımdan azad olmalıdır. 

- Niyə yoxdur bu reklamlar? 

- Liberal iqtsadiyyat olmalıdır. Monopoliya olan yerdə hansı rəqabət ola bilər. Milli Məclis bu günə qədər rəqabət məcəlləsini qəbul etməyib. Biznes siyasi faktorlardan asılıdırsa reklam bazarı necə formalaşa bilər?!

- Deputat Cavanşir Feyziyevin jurnalistlərlə  bağlı qalmaqalı düşəndə o,  yazısında qərəzli jurnalistlərin adını çəkib. Həmin siyahıda sizin də adınız var idi. Yazıya ilk reaksiya verən siz oldunuz. Sizcə deputat nəyi düz deməmişdi o yazıda?

- Məncə deputat orada heç nəyi düz deməmişdi. Bizdə o məsələ ilə bağlı hər iki tərəfin yazısı gedib. Həm məhkəmə qərarı, həm də deputatın açıqlaması olub. Mənim ümumiyyətlə Cavanşir Feyziyevlə bağlı bir sətir yazdığım yadıma gəlmir. Başqa media orqanları haqqında şərh vermək istəmirəm, amma o qərəzli jurnalistlərin siyahısında öz adımı görəndə təəccübləndim. Təhqir,təhdid və ittihamlar üzərində qurulmuş yazı idi. Bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşıram. O cür ittihamların cavabı olmalıdır. Bir insanı ittiham edirsənsə axıra qədər etməlisən.Getmirsənsə ən azı üzr istəmlisən.Yazı sonradan basqıların nəticəsində silindi. Həmin deputat mətbuat şurasının idarə heyyətinin üzvüdür. Mən də orda təmsil olunurdum,amma heç vaxt onun iclaslarında həmin adamı görməmişdim. Aramızda heç bir düşmənçilik yox idi. Bir-birimizə nə pisliyimiz, nə də yaxşılığımız keçməyib. 

- Sizcə həmin siyahıda deputatın dediyi qərəzli jurnalistlər var idimi?

-  Jurnalistlər London məhkəməsindən yazıblar bu da faktdır. O başqa məsələ ki, kim onu necə yazıb. Yazılarla tanış olmadığımdan bilmirəm kim necə təqdim edib. Məncə heç bir yazıda o təhqir olunmayıb. 

- Mətbuat Şurasından istefa verdiniz, peşman deyilsiz?

- Xeyr. Düşünürəm ki, Mətbuat Şurasına getməyim səhv olub, nəinki oradan çıxmağım.  Mətbuat Şurası bu məsələyə dərhal reaksiya verməli idi. Amma çox gec və yumşaq reaksiya verdi.Biz gözləyirdik toplantı olsun rəsmi bir bəyanət verilsin. Deputat özü Londanda idi. Ən azı canlı qoşula bilərdi. Amma bunların heç biri olmadı. 

- MEDİA İnkiçafı Agentliyinin saytlara və qəzetlərə maliyyə dəstəyini necə qiymətləndirirsiz?

- Əslində bu olmasaydı daha yaxşı olardı. Əgər bizim ölkədə normal işləyən reklam bazarı olsaydı, öz gəlirimizlə öz-özümüz saxlasaydıq, dəstək gözləməzdik. İndi ayrılan vəsaitlərin çoxu jurnalistlərin əmək haqlarına gedir. Çox az hissə redaksiyanın texniki ehtiyaclarını ödəyir. Bu baxımdan bunu müsbət qiymətləndirmək lazımdır. Amma hesab edirəm ki, media öz qaznacını özü əldə etməlidir. Amma bu gün elə saytlar var ki, redaktornun maaşı bizim bütün büdcəyə bərabərdir. İmkanı məhdud media orqanlarına dəstək verilir. Bu yaxşı haldır.

- Sizin üçün azad media anlayışı harda bitir?

- Düşündüyünü, gördüyünü istədiyin şəkildə ifadə edə bilməyəndə mənim üçün o yerdə azad media bitir. Bir hadisəni, bir faktı əldə edirsən və istədiyin formada şərh edə bilmirsən.Söhbət ondan getmir ki,kimsə kənardan təsir edir,bu bizim praktikamızda yoxdur.

- Olubmu ki, hansısa məmur təzyiqi və ya istəyi ilə xəbəri siləsiniz?

- Təzyiqlə xeyir,amma 3-5 belə hal olub. Silinməyə səbəb isə xəbərin doğruluğu faktı təsdiqlənməyib. Xəbər silmək praktikasına heç də yaxşı baxmıram. Gərək yazanda silinəcək xəbər yazmayasan.

- "Media" haqqında qanun sizcə jurnalistlərə sərhəd qoyurmu?

- Qanunda ən çox narahatlıq doğuran məsələ reyestrlə bağlı olan maddədir. Bu da ayrıseçkilik kimi qəbul olunur. Bunun əksi olan fikirlər dəsəslənir. Hesab edirəm ki, jurnalistlər özlərini çərçivəyə salmayacaqsa bir problem olmayacaq. Orda qeyd olunur ki, reyestrdən keçən jurnalistlər dövlət qurumlarında akkreditasiyadan  keçə biləcək. Elə dövlət qurumlarında akkreditasiyadan keçən jurnalistlər reyestrdən  keçmiş kimi bir şeydir.Başqa narahat  edici məsələlər də var.  Bizdə indiyə qədər media qanunları məhdudlaşdırıcı məqsəd daşıyıb. 

- Gənc jurnalistlərə nə kimi tövsüyyləriniz var?

- Mediada yeni texnologiyaların  tətbiqi ilə bağlı gənclərdən çox şey öyrənirik. Biz zamanında bir rus dilini bilirdik, amma indi gənclər müxtəlif dillər öyrənirlər. Gənc jurnalistlər müxtəlif janrlarda özlərini sınamalıdırlar. Reportajlar, araşdırmalar aparmaq, oçerklər, esse yazmaq. Çoxlu bədii ədəbiyyat oxumalıdırlar. Kitab ona görə oxumaq lazımdır ki, insanlar özləri o duruma düşəndə obrazı xatırlayıb vəziyyətdən çıxış yolu tapsınlar.   
 

 
Gülnar Nazimqızı

İSTİQAMƏT:6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

QEYD:Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.





www.anews.az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol