• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda tələbə təqaüdünün ödənişi gecikdirilir - Kimdir günahkar? - ARAŞDIRMA

Azərbaycanda tələbə təqaüdünün ödənişi  gecikdirilir - Kimdir günahkar? - ARAŞDIRMA
04.03.2022 22:56
Azərbaycanda ayda 60-210 manat təşkil edən tələbə təqaüdləri  mütəmadi olaraq gecikdirilir,  bunu Anews.az-a açıqlamasında ölkədəki universitetlərin birində təhsil alan tələbə Ağa Rzazadə bildirib. 

Azərbaycanda 52 ali təhsil müəssisəsində, ümumillikdə, 163.779 tələbə təhsil alır. Bu tələbələrin 141.274-ü ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyub. Həmin tələbələrin də 37,8%-i və ya  53.408 nəfə tələbə  təqaüdü alır.  
 
Ağa Rzazadə də təqaüd alan tələbələrdəndir. Rzazadənin fikrincə, təqaüdün gecikməsi daimi problemdir. Ali təhsil müəssisləri bunu  "texniki problem" adlandırılan bəhanə ilə izah edirlər.  
 
"Mən tələbəyəm. Təqaüd mənim yeganə  gəlir mənbəyimdir.  Yol pulu, kitab, yeməyim təqaüddən asılıdır. Təqaüd 1-ci kursda daha az idi. İndi cüzi artım var. O da gecikir və belə olanda ya borc alıram, ya da məcbur günəmuzd işləyirəm. Təbii  bu da dərsdən yayınmağıma səbəb olur.  Halbuki təqaüd vaxtında verilsə bu qədər əziyyət çəkmərik. Təsəvvür edin, semestr imtahanlarında gecə-gündüz təqaüd üçün oxu, sonra da tək motivasiya yeri olan təqaüdü güc-bəla ilə  versinlər. Universitetlərin tək bəhanəsi isə texniki problemdir. Bu necə qəliz məsələdirsə, illərdir ki, həllini tapmır. Fevralın təqaüdü, ümumiyyətlə, gec verilir. Gözləməkdən yorulduq", Rzazadə təəssüflə bildirdi.  
 
Rzazadə ilə yanaşı 25 tələbə ilə söhbətləşdik. Hamısının bir dərdi var - "gecikən və az olan təqaüd" 
 
Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, təqaüdün gecikməsi adlı  problem yoxdur.

"Gecikmə halları varsa, tezliklə həll olunacaq. Ayrı-ayrılıqda universitetlərin maliyyə şöbələrində problem varsa, o zaman onlar özləri həll etməlidir. Nazirlikdə də kiçik problemlər olubsa, onlar tezliklə həll edilib universitetlərə vəsait təqdim ediləcək. Yaxın günlər ərzində bunlar həllini tapacaq", - deyə nazirlikdən bildirildi. 

Universitetlərdən tələbələrin təqaüdlərinin niyə gecikdiyini soruşduq.

Bakı Dövlət Universiteti(BDU): "Bizim universitetdə 25 minə yaxın tələbə təhsil alır. Yaz semestrinin əvvəlinə olan məlumata əsasən, onlardan 15.806 nəfəri təqaüd alır. Təqaüdlərin ödənilməsində gecikmə olmur, təqaüdlər hər ay üçün növbəti ayın 5-dək ödənilir. Yalnız hər semestrin əvvəlində təqaüdçülərin siyahısında dəyişikliklər olduğu üçün təqaüdlərin verilməsi bir neçə gün uzana bilər. Qalan bütün aylarda təqaüdlər ayın 1-2-si ödənilir. Bir də müvəkkil bankın proqramına əsasən, hər hansı tələbənin kartı bağlanıb, itib, bloka düşübsə, problem həll olunana kimi həmin tələbənin təqaüdü gecikə bilər. Texniki problem həll olunan kimi  təqaüd tələbənin hesabına köçürülür".

Azərbaycan Texniki Universiteti (AzTu): "Universitetimizdə tələbə təqaüdləri hər ayın son günü və ya növbəti ayın ilk günləri yüklənir. Tədris ili ərzində iki dəfə imtahan sessiyası olur. İmtahan sessiyası bitdikdən sonra təqaüd cədvəli yenidən tərtib olunur. Bu zaman sənədləşmə və digər texniki məsələlər səbəbindən tələbələrin təqaüdlərinin verilməsində bir neçə gün gecikmə baş verə bilər. Bir daha qeyd edirəm ki, bu hal il ərzində iki dəfə baş verir. Fevralın təqaüdü də qış imtahan sessiyasının nəticələrindən sonra hesablandığı üçün təqaüdlər martın 8-də tələbələrin kartına yüklənəcək. Hazırda AzTU-da 9 minə yaxın tələbə (bakalavr və magistrant) təhsil alır. Onlardan 3.942 nəfəri təqaüd alacaq. Təhsil Nazirliyi tərəfindən də əlavə olaraq 644 təqaüd yeri (bakalavr və magistrant) ayrılıb".

Azərbaycan Tibb Universiteti ( ATU): "Bizdə təqaüd hər ayın son gününə kimi yüklənir. Gecikmələr sırf texniki məsələlərə görə ola bilər. Fevralın təqaüdü hələ yüklənməyib. Siyahılar dəqiqləşdirilir və 3-4 günə ödəniləcək. Dövlət sifarişli və ödənişli təhsil alan tələbələrin 4.741 tələbədən 3.615 nəfəri təqaüd alır".

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU): "Hər ayın ilk 10 günlüyündə təqaüdlər ödənilir. Adətən ayın ilk həftəsi ödənir. İstisna hallarda texniki səbəblərdən 3-5 gün gecikmə olur. . Gecikmələr adətən smestrin əvvəlində ola bilir. Bu da tələbələrin imtahan sessiyası, kəsr imtahanları, 25% imtahanlarının tam bitməsi uzandığı hallarda olur.  Fevralın təqaüdü hələ ödənilməyib.  Novruz bayramı ilə əlaqədar martın təqaüdü də bayramdan öncə yüklənəcək. ADPU-da 18 min tələbəsinin 71% tələbə təqaüdü alır".

Azərbaycan Dillər Universiteti (ADU): "Tələbələrin təqaüdü hər ayın 5-ə kimi ödənilir. Gecikmələr əsasən yanvar və fevralda  olur. Çünki tələbələr təqaüdü dövlət büdcəsindən alır, həmin büdcə də təsdiqlənəndən sonra onların təqaüdü yüklənir. Bu, bütün universitetlərdə görünən haldır. Digər aylarda isə ADU-da heç bir gecikmə halı olmur. Universitetimizdə  6500 tələbənin  3600-ü təqaüd alır".

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU): 
"Universitetimizdəki tələbələrin 85 faizi dövlət hesabına oxuyur və təqaüd alır.  Ödənişli əsaslar ilə təhsil alan 1.067 tələbə də yüksək göstəricilərinə uyğun olaraq təqaüd almaq imkanı qazanıblar. Gecikmə yalnız texniki səbəbdən ola bilər. Fevral və martın təqaüdləri bu ayın 18-ə kimi tələbələrin hesabında olacaq".
  
Bir sözlə əksər universitetlərin  mətbuat katibi "gecikmə müvəqqətidir, həll olunacaq" deyə sorğumuzu cavablandırdılar. 

Tələbələr gecikmənin tez-tez, universitetlər nadir hallarda olduğunu deyir. Görəsən, kimdir haqlı? Elə bu sualı təhsil eksperti Kamran Əsədova ünvanladıq.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə,  ali təhsil müəssisələrinin o qədər də böyük olmayan tələbə təqaüdlərini vaxtında ödəyə bilməməsi ilə bağlı deyilənlər həqiqətdir.

 "Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, əyani təhsil alan tələbələr işləyə bilməz, onların müəyyən mənada gəlirləri ancaq təqaüdləridir. Günah əsasən universitetlərdədir. 2010-cu ildən universitetlər özünü maliyyələşdirməyə keçib. Təklif edirəm ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan Fonddan adlı (rektor, prorektor, dekan) təqaüdləri verilsin. Təqaüdlər artırılmırsa heç olmasa  tələbələrin yaşayış xərclərini azaltmaq lazımdır. Onun üçün onların yataqxana təminatı üçün dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılsın və tələbələr üçün Dərnəgül qəsəbəsində və Yasamalda ümumi yaşayış kompleksi tikilsin, həmin ərazidə məskunlaşan məcburi köçkünlər isə yeni yaşayış massivlərinə köçürülsün. Bu olduqca vacib bir addım olardı", -  ekspert bildirdi.
 
 
İqtisadçı Natiq Cəfərli təqaüdlər verilərkən hesablamanın düzgün aparılmadığını deyir.

"Bizdə indikatorlar səhv qurulub. İndikatorlar doğru-düzgün qurulsa, Avropada olduğu kimi tələbələrin kirayə məsələsi, kommunal, internet xərcləri, mədəni istirahəti nəzərə alınsa, istehlak zənbilinin və  kalorilərin hesablanması dəyişsə, ərzaq zənbilinə daxil olan çeşidlər artırılsa, o zaman bu məbləğ artırılmalıdır. Təqaüdün artırılması üçün sistem yenidən dizayn edilməlidir. Ödənişli oxuyan  tələbədən ödəniş haqqı alıb, daha sonra az miqdarda təqaüd vermək məntiqsizdir. Gecikməsi yanvarda büdcə ilə bağlı ola bilər. Amma digər hallarda universitet tənzimləməli, onsuz da az olan təqaüdlər vaxtında verilməlidir”, - deyə Cəfərli söylədi. 
 
Xarici ölkələrdə tələbə təqaüdləri nə qədərdir? 

Rusiyada tələbələrin aldığı təqaüd 40, Belarusiyada 53, Ukraynada 80, Qazaxıstanda  184 dollardır. Fransada təqaüdlər 350 avrodan başlayır.
Liviya və Səudiyyə Ərəbistanında tələbələr 700 dollar təqaüd alırlar.
Küveytdə isə subay tələbələr 700, ailəlilər isə 1200 dollar təqaüd alır. 
İtaliyada tələbələr 840 avro təqaüd alır. Təqaüdlər universitetə, göstəricilərə görə dəyişə bilir. 
 
Azərbaycanda 2022-ci ilin yanvarın 1-dən təqaüdlər artıb. Tələbələr əlaçı, zərbəçi və adi olmaqla, 3 adda əsas təqaüdü dərslərində ki göstəriciyə əsasən ala bilir.  Elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 300 manatdan 360 manatadək, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 180 manatdan 216 manata qədər artırılıb. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında adlı təqaüd alan tələbələrə verilən təqaüdün məbləği 170 manatdan 204 manatadək artırılıb. Magistratura səviyyəsi üzrə akademik göstəriciləri əlaçı  (91-100 bal)   174, zərbəçi (71-100 bal) 144, adi (51-100 bal) 96 manatdır. Bakalavriat səviyyəsi üzrə əlaçı 156, zərbəçi 132, adi isə 90 manat hesablanır.  Orta ixtisas təhsili müəssisələrində əlaçı 90, zərbəçi 72, adi 60 manatdır. Peşə təhsili müəssisələrində əlaçı  90, zərbəçi 72 , adi 60 manatdır.
 
Azərbaycanda minimal əmək haqqı isə 300 manat təşkil edir.  

Ləman Qasımova






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol