• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzaladı
11.03.2022 20:09
Prezident İlham Əliyev Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı nekroloq imzalayıb.


Anews.az xəbər verir ki, mətndə deyilir:


"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 2022-ci il martın 10-da ömrünün 84-cü ilində vəfat etmişdir.


Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış, əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasında başlamışdır.


Gənc yaşlarından ədəbiyyat və kino sənəti ilə yaxından maraqlanan Rüstəm İbrahimbəyov Moskvada 1967-ci ildə ali ssenarist kursunu, 1974-cü ildə ali rejissorluq kursunu bitirmişdir.


Rüstəm İbrahimbəyov müasir Azərbaycan ədəbiyyatının və kinematoqrafiyasının görkəmli simalarındandır. O, çoxcəhətli fəaliyyəti ilə ölkəmizin hüdudlarından kənarda da tanınmışdır. Nəsrimizin yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olan Rüstəm İbrahimbəyov öz səmərəli yaradıcılığı ilə bədii-estetik fikrin zənginləşməsində mühüm rol oynamış, yarım əsrdən artıq müddət ərzində ədəbi-mədəni mühitin inkişafına töhfələr vermişdir. Sənətkarın sosial-mənəvi problemləri, dramatik konfliktləri və müasirlərimizin daxili aləmini həyat həqiqətləri əsasında ustalıqla əks etdirən povestləri və hekayələri, pyesləri və ssenariləri ədəbiyyatımızın və milli kino sənətinin məzmunca yeniləşməsində əhəmiyyətli rol oynamışdır. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmləri çəkilmişdir. Mühüm sosial həqiqətlərdən söz açan, rəngarəng və dolğun obrazlarla zəngin bu əsərlər özünəməxsus dəst-xətti ilə seçilən sənətkara böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazandırmışdır.


Rüstəm İbrahimbəyovun ssenarist və rejissor olaraq kinematoqrafiyanın inkişafında da təqdirəlayiq xidmətləri vardır. Yazıçının ssenariləri əsasında çəkilən "Bir cənub şəhərində”, "Səhranın bəyaz günəşi”, "İstintaq”, "Ad günü” və bir çox digər filmlər geniş şöhrət tapmış, yüksək mükafatlarla təltif edilmişdir. Onun həmmüəllif ssenaristi olduğu "Urqa” filmi 1991-ci ildə Venesiya Beynəlxalq Kinofestivalının ali mükafatına, "Günəşdən usanmışlar” filmi isə 1994-cü ildə Kann Beynəlxalq Kinofestivalının ali mükafatına və 1995-ci ildə Amerika Kino Akademiyasının "Oskar” mükafatına layiq görülmüşdür.


Rüstəm İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, eyni zamanda ictimai fəaliyyət göstərmişdir. O, 1967–1981-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1981–1985-ci illərdə birinci katibi, 1986–1991-ci illərdə SSRİ Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin katibi, 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olmuş, 1989-cu ildə SSRİ Ali Sovetinin deputatı seçilmişdir.


Rüstəm İbrahimbəyovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1976-cı ildə "Əməkdar incəsənət xadimi”, 1998-ci ildə "Xalq yazıçısı” fəxri adlarını almış, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının ali dövlət təltifi olan "Şöhrət” ordeninə layiq görülmüşdür.


Görkəmli yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.


Allah rəhmət eləsin!


İlham Əliyev


Mehriban Əliyeva


Əli Əsədov


Sahibə Qafarova


Samir Nuriyev


Eldar Əzizov


Fərəh Əliyeva


Anar Kərimov


Anar Rzayev


Şəfiqə Məmmədova


Oqtay Mirqasımov


Ramiz Fətəliyev


Rasim Balayev


Hacı İsmayılov".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol