• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci ildə neçə yol qəzası baş verib? - Ekspertdən ŞƏRH

2022-ci ildə neçə yol qəzası baş verib?  - Ekspertdən ŞƏRH
08.04.2022 17:43
2022-ci ilin birinci rübündə Azərbaycanda 403 yol-nəqliyyat hadisəsi baş verib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. 
 
Cari ildə baş verən hadisələrdə 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb. Ötən ilin həmin dövrü ilə müqayisədə ölənlərin sayı 58, yaralananların sayı isə 3 nəfər artıb. 
 
"Qayda-qanunu görməzdən gələrək qəzaya səbəb olanlar"
 
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 92 yol-nəqliyyat hadisəsi sürücülərin, 9 olay isə piyadaların yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verib. 
 
"Bu qayda pozuntularının 40,3%-i sürücülərin nəqliyyat vasitələrinin yüksək sürətlə idarə etməsi, 33,4%-i isə qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması olub. Yol-nəqliyyat hadisələrinin növləri içərisində piyadanı vurma  halları və toqquşma üstünlük təşkil edib. Piyada vurma nəticəsində  81 nəfər həlak olub, 121 nəfər xəsarət alıb. Toqquşma hadisəsi zamanı 64 nəfər həlak olub, 150 nəfər xəsarət alıb. Yol qəzalarında həlak olan 183 nəfərdən 83-ü piyada, 46-ı sürücü, 53-ü sərnişin, 1-i isə digər hərəkət iştirakçısı olub", - BDYPİ-dən bildirilib.
 
Prezident İlham Əliyev 2018-ci ildə "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqram ilə yol-nəqliyyat hadisələrinin, olaydakı ölüm, eləcə də zərərçəkən şəxslərin sayının 30 faiz azaldılması nəzərdə tutulub. Amma illəri müqayisə etdikcə görürür ki, qəzaların və zərərçəklərin sayı azalmır. 
 
"İlham Əliyevin təsdiq etdiyi proqrama laqeyd münasibət" 
 
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı problemi aidiyyatı qurumların məsələyə ləng və laqeyd yanaşmasında görür.
 
"Prezidentin təsdiq etdiyi dövlət proqramının vaxtı bitir. Amma aidiyyatı qurumlar proqram üzrə çox ləng işlər görür. Nəzərə almaq olar ki, pandemiya və müharibəyə görə müəyyən işlər təxirə düşdü. Lakin adını çəkdiyim hadisələrdən əvvəl və sonrakı dövrdə imkanlar yarandı və proqramda nəzərdə tutulan işlər görülə bilərdi. Həmin dövlət proqramı bir yol xəritəsi idi. Cənab Prezident həmin xəritəni qoymuşdu qurumların qabağına ki, buna baxıb işləsinlər. Amma bu istiqamətdə işlər çox zəifdir, proqrama laqeyd münasibət göstərildi. Bu proqramda yazılanlara tam riayət olsa idi 3-40 faiz nəticə əldə etmək olar", ekspert dedi.
 
"50 manata satılan arayışlı, saxta sürücülər, nəqliyyatdakı avtomobil yarışları..."
 
Muradlının sözlərinə görə, həmin  Dövlət Proqramında sürücülük vəsiqəsinin verilməsi, sürücülərin peşəkarlığının artırılması, avtomobil idarə etmək istəyən şəxslərin sağlamlıq imkanlarının tam yoxlanılması, köhnə maşınlardan istifadənin dayandırılması kimi problemlərin həllinə yönəlik müddəalar var idi.
 
"Amma o problemlərin həlli yolunda heç bir addım atılmır. Maşın sürmək həvəsinə düşən şəxslər gedib xəstəxanadan 50 manata satılan arayışı alır, sonra da gedir vəsiqə alır. Ondan sonra da düşür nəqliyyatın canına. Qəzanın baş verməsi üçün potensial addımları atırlar, nəqliyyatda yarış keçirirlər. Sərxoş halda avtomobil qəzası törədənlər barədə mətbuatda tez-tez xəbərlərə rast gəlirik. Sürət həddinə əməl etməyib kimlərinsə ölümünə səbəb olurlar. Köhnə avtomobillərdə qəza olanda ölüm riski çox olur. Müqayisə edim, eyni qəzada müasir avtomobildə xəsarət ilə qurtulmaq olardısa, köhnə maşında 3 nəfər varsa 3-də öləcək. Çünki təhlükəsizlik elementi yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi köhnə avtomobillərin çıxdaş olunması üçün təklif hazırlayıb, tenderdə qalib gələn şirkət də bu istiqamətdə işlər görməli idi. 4 ildir ki, həmin təklifin nədən ibarət olduğu və nə etdikləri barədə heç bir geniş məlumat yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə hansı işləri görüb? Proqramda bir bənd var ki, agentlik əməkdaşları mütəmadi təlimlərə qoşulmalıdır. Yalnız Dövlət Yol Polisində belə təlimləri ara-sıra görürük. Digərlərindən xəbər yoxdur. Psixoloji, davranış qaydaları ilə bağlı daimi təlimlər təşkil olunmalıdır.  Halbuki sözügedən proqram istiqamətində şəffaf addımlar atılsa idi, indi bu tip hadisələrin sayında xeyli azalma görərdik", - o söylədi.
 
"İctimai nəqliyyatın boşluqları - Manatlıq taksilərin pul qazanmaq istəyi insan ölümü ilə nəticələnir" 
 
Ekspert hesab edir ki, yol qəzalarının kökündə avtobus, taksi - ictimai nəqliyyatda olan boşluq da dayanır.
 
"Pik saatlarda sürücüləri avtobusu qayda pozuntularına səbəb olacaq şəkildə sürür, ya da insanlar avtobus tapmır ki, ona minsinlər. Belə olduğu halda da üz tuturlar manatlıq taksiyə. Amma həmin taksilər də avtobuslardan geri qalmır. Daha çox  pul qazansın deyə, bəzən sürücülər sürət həddini aşır və ağır qəzalara səbəb olur. Aidiyyatı qurumlar ictimai nəqliyyata nəzarət etsələr həm avtobuslar, həm taksilər normal qaydada işləyər və ölüm-itim az olar. Son illər atılan ən müsbət addım isə yollardakı nəzarət kameralarıdır. Daxili İşlər Nazirliyi (DİN) bu məsələyə həssas yanaşır. Cəmiyyətimiz polis, kamera görəndə hərəkətlərini tənzimləyir, qanun pozuntusundan qaçır. Buna görə də yollarda nəzarət kameralarının əhəmiyyəti böyükdür. Respublikanın bütün ərazilərindəki yollarda bu kameralar quraşdırılmalıdır. DİN son 2 ildir full HD çəkilişə malik kameraları quraşdırır. Bu da yolda özünü apara bilməyən sürücülərin cəzalanması ilə nəticələnir", ekspert əlavə etdi. 

"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” ölkədə yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirləri özündə ehtiva edir. 
 
"İlham Əliyev "təhlükəsiz yol hərəkəti sistemi”ni yaratmaq üçün Dövlət Proqramında hansı məsələlərə toxunub?"

Dövlət Proqramına görə, yol hərəkəti təhlükəsizliyinin səviyyəsi "insan - nəqliyyat vasitəsi - yol” sisteminin optimallığından asılıdır. Burada aşağıdakı məsələlər öz əksini tapıb.

- Yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsi;
- Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün səmərəli maliyyə sisteminin yaradılması;
- Yol hərəkətinin təhlükəsizliyi sahəsində müasir innovativ metodların tətbiq edilməsi;
- Yol-nəqliyyat şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən müvafiq mobillik strategiyasının hazırlanması;
- Yol-nəqliyyat sisteminin təminatçılarının və yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrinin, onların məsuliyyət hədlərinin dəqiq müəyyən edilməsi;
- qəza təhlükəsi zamanı və qəzadansonrakı xilasetmə, təcili və təxirəsalınmaz tibbi yardım fəaliyyətinin əlaqələndirilməsi və təkmilləşdirilməsi;
- Yol hərəkətinin təhlükəsizliyi sahəsində ictimai iştirakçılığın təmin edilməsi;
- Yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi;
- Yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması.
 
Rəsmi qurumlardan 2022-ci il üçün hesabat almaq müşkül məsələ olur. 2021-ci ildə Dövlət Proqramı çərçivəsində hansı işləri gördüyünü araşdırdıq.
 
Baş Dövlət Yol Polisi İdarəsi proqram çərçivəsində hansı işləri görüb?
 
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi,polis polkovnik-leytenantı Mübariz Ağayev bildirir ki, «Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı» ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların icrası DİN-in Baş DYP İdarəsi tərəfindən 2021-ci il ərzində də davam etdirilmiş, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində təbliğat-təşviqat və maarifləndirmə ilə bağlı  sıra zəruri tədbirlər həyata keçirilib. 
 
"Paytaxt ərazisində müşahidə olunan tıxacların yaranma səbəbləri, dayanma-durma və parklanma qaydalarının pozulması, hava şəraiti, yol-nəqliyyat hadisələrinin statistikası, stasionar postlarda piyada təhlükəsiziliyi ilə bağlı keçirilən nəzarət-profilaktik tədbirlər, nəqliyyat vasitələrinin texniki baxışa təqdim edilməsi ilə bağlı vətəndaş məmnunluğu üçün yaradılmış qaynar xətt, milli qanunvericiliyə edilən müvafiq əlavə və dəyişikliklər, qonşu dövlətlərin qanunvericiliyində edilmiş dəyişikliklə əlaqədar avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinin maarifləndirilməsi, sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə bağlı müzakirə olunan məsələlər, "Piyadalar, diqqətli olun” həftəliyi, "Diqqət, uşaqlar” aylığı, rəsm müsabiqəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, qanunsuz sərnişin və yük daşıma fəaliyyəti göstərən sürücülərə qarşı mübarizənin gücləndirilməsi, bayram günlərində texniki baxışla bağlı məsələlərin həlli, bölgələrə səfər edən sürücülərə müraciət, avtovağzallarda sürücü və sərnişinlərlə keçirilən görüşlər, yol hərəkətinin təşkilində edilmiş dəyişikliklər, dövlət tərəfindən imtiyazlı şəxslərə verilmiş avtomobillərlə törədilən qayda pozuntuları, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslərə qarşı görülən tədbirlər, valideyn nəzarətsizliyi səbəbindən azyaşlılar tərəfindən avtomobil idarə olunması, magistral yollarda mal-qaranın sahibsiz buraxılması, DYP-vətəndaş və media münasibətləri, sürücülük vəsiqəsi, qeyri-iş günlərində əhalinin paytaxt və bölgələrə səfərləri zamanı yaranan problemlər, yol qəzası ilə əlaqədar sığorta hadisəsi zamanı meydana çıxan çətinliklər, oğurlanmış və qaçırılmış nəqliyyat vasitələri haqqında statistik məlumatlar, bu qəbildən olan cinayətlərin baş verməsinə şərait yaradan halların qarşısının alınması, əmlakının hüquqa zidd əməllərdən qorunması barədə avtomobil sahiblərinin və sürücülərin üzərinə düşən vəzifələr, sürücü-piyada münasibətləri, bununla yanaşı, pandemiya ilə əlaqədar tətbiq olunan qaydalar və görülən qabaqlayıcı tədbirlər, o cümlədən karantin postlarında xidmətin təşkili, ictimai nəqliyyat idarə edən sürücülərin məlum infeksiyaya qarşı vaksinasiya olunması, sanitar-epidemioloji tələblər pozulmaqla qanunsuz sərnişindaşıma fəaliyyətinin qarşısının alınması, infeksiyanın yayılmasına münbit şərait yaradan ictimai nəqliyyatdan istifadənin doğurduğu fəsadlar və onların aradan qaldırılması yolları və sair mövzular barədə təkcə DİN-in Baş DYP İdarəsinin aidiyyəti struktur qrumununəməkdaşları tərəfindən  AZTV, İTV, ARB, ARB 24, ATV, Xəzər, Real, Space televiziya kanallarında, Baku TV, APA TV və digər onlayn televiziyalarda 205 müsahibə və açıqlama verilmiş, həmçinin "Sabahın xeyir Azərbaycan”, "Birinci Studiya”, "Çıxışa doğru”, "İş vaxtı”, "Xəbər ertəsi”, "Günə doğru”,  "Təsir dairəsi”, "Xəbərin olsun”, "Tarixin bir günü”, eləcə də DİN BDYPİ-nin Space televiziyası ilə birgə layihəsi olan «Siqnal» proqramı daxil olmaqla, ümumilikdə 33 verilişdə iştirak edərək yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi müzakirələr aparılıb", o bildirib.
 
Qurum rəsmisi bildirir ki, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı ayrı-ayrı məsələlərə dair AZTV 105 FM, Space FM, Araz FM, Asan Radio, İctimai Radio, Anten FM radiolarında ümumilikdə 159 müsahibə və açıqlama verilmiş, o cümlədən DİN BDYPİ-nin Azərbaycan Dövlət Radiosu ilə birgə layihəsi olan "Təhlükəsiz yol” proqramında həftədə üç dəfə olmaqla bir saat həcmində 133 veriliş hazırlanaraq birbaşa efirdə yayımlanıb. O vurğuladı ki, interaktiv formada təşkil edilən həmin televiziya və radio proqramlarında 350-dən çox tamaşaçı və dinləyiciyə canlı bağlantı vasitəsilə sual vermək imkanı yaradılmış və səsləndirilən müraciətlərin həlli istiqamətində müvafiq tədbirlər görülüb. 
 
"Kütləvi informasiya vasitələrinin müasir seqmentləri sırasında mühüm yer tutan internet xəbər saytlarında yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş məlumatların geniş auditoriyada sürətlə paylaşılması imkanlarından da səmərəli istifadə olunmuşdur. 2021-ci il ərzində internet xəbər saytlarının mütləq əksəriyyətində 48 xəbərdarlıq, 35 açıqlama, 15 təkzib, 4 statistik məzmunlu, eləcə də 20 yol-nəqliyyat hadisəsi, 24 tədbir, vakansiya və müsabiqə ilə bağlı 6 elan barədə ümumilikdə 3466 məlumat yayımlanmış, foto və video material paylaşılıb. 2021-ci il sentyabr ayının 20-dən oktyabr ayının 20-dək respublika ərazisində "Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilib. Eyni zamanda, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən törədilmiş 940-dan çox  kobud qayda pozuntusu halı ayrı-ayrı vətəndaşlar, eləcə də onların avtomobillərində quraşdırılmış videoqeydiyyatçı vasitəsilə qeydə alınaraq xəbər portallarında kütləvi nümayiş olunmuşdur ki, həmin video görüntülərlə bağlı müvafiq araşdırma aparılması üçün tərəfimizdən zəruri tədbirlər görülüb. Dövrü mətbuatda yol hərəkəti təhlükəsizliyinin təbliğində fəal iştirak edən müəlliflərlə qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq "Ədalət”, "Bakı Xəbər”, "Cumhuriyyət”, "Üçnöqtə” və digər qəzetlərində ümumilikdə 20 məqalə dərc edilib", əlavə etdi.

"Çörəyi yoldan çıxan qurumların 2021-ci il hesabatı - Rəsmi saytlarına istinadən"

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytı -  "2021-ci il ərzində 728.3 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Bunlardan 606.8 km investisiya vəsaiti hesabına, 121.5 km isə "Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına yerinə yetirilib. 10 yeni körpünün Bakıda Qala-Pirallahı avtomobil yolunun 3,6 kilometrində  uzunluğu 76,7 m olan və Ziya Bünyadov prospektində 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında uzunluğu 90 metr olan yeni yerüstü piyada keçidlərinin  tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. 17 kəndlərarası  avtomobil yolları layihəsindən uzunluğu 207,4 km təşkil edən 12 layihənin icrası başa çatmış, tikintisinə ilkin vəsait ayrılmış uzunluğu 167 km təşkil edən 5 layihə üzrə işlər isə davam etdirilib. İctimaiyyətə açıq məlumatlar arasında agentlik əməkdaşlarının təlimləri barədə yalnız 1 məlumat var".

Bakı Nəqliyyat Agentliyi - "Qeyd olunan dövlət proqramına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi 60-dan artıq tədbir üzrə əsas və digər həmicraçı olaraq qeyd edilib. Proqramda əksini tapan həmin tədbirlər Agentliyin fəaliyyət istiqamətinə uyğun olan sahələri əhatə edir. Bunlar əsasən yol hərəkətinin təhlükəsizliyi, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti, yol infrastrukturunun təkmilləşdirilməsi, sərnişindaşımalar üzrə xidmətin daha yaxşılaşdırılması ilə bağlı olan istiqamətlərdir".
 
"2021 və 2020-ci ildə neçə yol-nəqliyyat hadisəsi baş verib?"

Dövlət Statistika Komitəsinin rəsmi saytına görə, 2021-ci ildə 1649 və ya 2020-ci illə müqayisədə 3,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,5 faiz artaraq 2158 nəfər olub. Onlardan 706-sı həlak olmuş, 1452-si isə yaralanıb. Hadisələrin 42,1 faizi gündüz, 37,4 faizi gecə, 20,5 faizi isə toran vaxtı baş vermiş, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. Yol-nəqliyyat hadisələrinin 89,0 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 5,1 faiz artaraq 553 nəfər, yaralananların sayı 3,7 faiz artaraq 1364 nəfər olub.
 
Bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,0 faizini, yaralananların isə 72,2 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 18 hadisə baş vermiş, nəticədə 8 nəfər həlak olub, 17 nəfər yaralanmışdır. Hadisələrin 72,2 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, hər il yol-nəqliyyat hadisələri nəticəsində dünyada təqribən 1 milyon 250 min insan həyatını itirir. Bu, orta hesabla hər 30 saniyədə bir insan ölümü deməkdir. 15–29 yaşlı insanların ölüm səbəbləri arasında yol-nəqliyyat hadisələri birinci yeri tutur. Yol-nəqliyyat hadisələri dünya iqtisadiyyatına ildə orta hesabla 500 milyard ABŞ dolları məbləğində zərər vurur.
 
Ləman Qasımova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol