Avtobus məlumatları Google xəritələrindən yoxa çıxacaq

Avtobus məlumatları Google xəritələrindən yoxa çıxacaq. Bu barədə "Transit for Baku” saytında açıq məktub şəklində məlumat yayılıb.
Açıq məktubda bildirilib ki, 2022-ci il martın 19-dan avtobus məlumatlarının "Google” xəritələrinə inteqrasiyasını dayandırılıb. Səbəb kimi isə Bakı Nəqliyyat Agentliyinin (BNA) düzgün iş prinsipi qurmaması göstərilib.
"Statik məlumatlarda, BNA dəyişikliklər barədə məlumatlandırmada çox gecikir, bəzən məlumatlarda ərazidə aşkar olunan səhvlər olur və ya məlumatlandırma ümumiyyətlə reallığa uyğun olmur, bəzən məlumatlandırma dəyişiklik baş verəndən sonra yerinə yetirilir, bəzən isə ümumiyyətlə rəsmi məlumatlandırma olmur və dəyişiklik sürprizə çevrilir”- deyə saytda yazılan açıq məktubda bildirilib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Anews.az-a açılamasında deyib ki, sərnişinlər alo141.az saytı ilə avtobusun hərəkət trayektoriyası ilə bağlı məlumatlar əldə edə bilərlər.
"Heç kim narahat olmasın istər həmin könüllülər, istərsə də sərnişinlər. Hazırda bizdə alo 141.az saytı var.Həmin saytda həm Bakı şəhərində marşrut xətləri üzrə mövcud olan avtobusların hərəkət sistemi ilə bağlı, həm də A məntəqəsindən B məntəqəsinə necə getməli barədə məlumatlar var”.
Mais Ağayevin sözlərinə görə, hazırda Google xəritələrlə danışıqlar aparılır.
"Bundan əlavə hazırda Google maps-lə də danışıqlar aparılır və onlara da zərruri məlumatlar təqdim olunacaq. Ciddi narahatlığa əsas yoxdur çünki məlumatlandırma bizim üçün də vacibdir”, - deyə Mais Ağayev əlavə edib.
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, bu gün alo141.az saytı ilə müqayisədə "Transit for Baku” saytı barədə cəmiyyətin daha çox məlumatı var. Onun sözlərinə görə Bakı Nəqliyyat Agentliyi maarifləndirmə istiqamətində səyləri artırmalı və həmin saytın təbliğatını aparmalıdır.
Elməddin Muradlı bildirib .
Onun fikrincə, "Transit for Baku” layihəsinin könüllü gənclərinə də şərait yaradılmalıdır.
"Digər tərəfdən həmin könüllü gənclərə də şərait yaradılmalıdır. Hətta gələcəkdə onlarla əməkdaşlıq etmək çox yaxşı olar”.
Transit for Baku saytında dərc olunan həmin açıq məktubu sizə təqdim edirik :
Hazırkı dövrə qayıdanda ən maraqlısı və ya gülməlisi, BNA özü də alo141.az saytında naviqasiya üçün Google Xəritələrindən istifadə edir. Aydınlıq üçün, paytaxtın əsas nəqliyyat strukturu insanlara naviqasiya göstərmək üçün illərdir bu layihənin işinə arxalanır... Vaxtında yazılandan sitat:
Burada, hansı məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi zaman göstərilir.
BNA nəqliyyat qurumu kimi özü məlumat paylaşmalıdır, digərlərinin məlumatlarını işlədib, əməklərinə arxalanmalı deyil. Şəhərlər open data (açıq məlumat) prinsipi ilə işləməlidirlər və bu dövrümüzün standart yanaşmasıdır. Dayanıqlı şəhər öz əhalisini ictimai nəqliyyatdan istifadəyə cəlb etməlidir və insanları işlək naviqasiya ilə təmin etmək bunun təməl hissələrindəndir. Müasir ictimati nəqliyyata tək yeni texnika ilə nail olunmur, hara və necə getdiyi bilinməyən yeni avtobusun heç bir əhəmiyyəti yoxdur.
Statik məlumatlarda, BNA dəyişikliklər barədə məlumatlandırmada çox gecikir, bəzən məlumatlarda ərazidə aşkar olunan səhvlər olur və ya məlumatlandırma ümumiyyətlə reallığa uyğun olmur, bəzən məlumatlandırma dəyişiklik baş verəndən sonra yerinə yetirilir, bəzən isə ümumiyyətlə rəsmi məlumatlandırma olmur və dəyişiklik sürprizə çevrilir. Real time (real vaxt) planında, BNA ictimai olmalı məlumatları göstərmək istəmir və nəticədə onlardan istifadəyə imkan vermir, insanların nəqliyyatdan daha rahat istifadəsinə süni maneə yaradır. Hələ illər öncə real time inteqrasiyası ilə bağlı BakuBus-a dəfələrlə və inadla müvəffəqiyyətsiz müraciət olunmuşdu.
Təcrübə və araşdırmalar artıq standart hesab olunan sözügedən yanaşmaların effektivliyini, habelə ictimai nəqliyyatdan istifadədə artıma gətirdiyini göstərir. Mövcud qapalı məlumat yanaşması xidmət səviyyəsinə zərər gətirir, sərnişinlərin itkisinə və nəticə olaraq daşıyıcılar üçün maddi itkiyə səbəb olur.
Sadalananlar layihə üçün əlavə problemlərə, absurd vaxt itkisinə səbəb olurdu. Bu səbəbdən keçən aylarda avtobuslar üzrə işlər məcbur dondurulmuşdu. Layihənin publik startının 8-ci il dönümündən, 19 Mart 2022 tarixindən etibarən isə avtobus məlumatlarının Google Xəritələrinə inteqrasiyası dayandırılıb. Hazırda sistemin grace period (güzəşt müddəti) prinsipi ilə hələ də göstərdiyi vaxtı bitmiş məlumatlar yaxın zamanda naviqasiyadan yoxa çıxacaq.
Beləliklə, bu açıq məktubla, BNA-nin ağılasığmaz texniki və informasiya praktikalarına ictimai şəkildə etiraz bildirərək, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmilərini və BakuBus MMC-nin yeni idarəetməsi qismində Azərbaycan İnvestisiya Holdinqinin rəsmilərini dialoqa dəvət edirik.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























