Əlildən pensiya ilə bağlı ŞİKAYƏT

Biləsuvar rayonunun Cəbrayıl qəsəbə sakini, 3-cü qrup əlil Cavid Əlizadə 21 ildir ki, dəri xəstəliyindən əziyyət çəkir. 2021-ci ilə kimi bununla bağlı pensiya alıb. Amma indi müxtəlif səbəblərə görə, vətəndaşa pensiya verilmir.
"2021-ci ilin dekbarında əlillərin bərpa mərkəzinə pensiya ilə bağlı müraciət etdim. Mənə bildirdilər ki, pensiyanı bərpa etmək üçün forma 88 lazımdır. Bu halda bərpa olunacaq. Bu səbəbdən mən də 15 gün xəstəxanada müayinə olundum. Forma 88-i alıb, mərkəzə göndərdim. Yenə də bildirdilər ki, müayinə lazımdır. Bildirdim ki, müayinə olmaq üçün məndə səbəb yoxdur. Bu xəstəlik məndə 4 yaşımdandır. İndi 25 yaşım var və 21 ildir ki, bu xəstəlikdən əziyyət çəkirəm. Dedikləri kimi 15 gün gedib xəstəxanada müayinə aldım və heç bir xeyri olmadı, sağalmır. Dəri zöhrəvi xəstəxanasına getdim və oradan bildirdilər ki, sizə yanlıq məlumat verilib", - Cavid Əlizadə bildirib.
Cavid Əlizadə məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedirəm məni əlillərin bərpa mərkəzinə göndərirlər. Mərkəzdən isə deyirlər ki, bu xəstəliyə pensiya düşmür. Bildirirəm ki, bu əllərlə neçə çaılışım? Cavab olaraq qeyd edirlər ki, get əlcək al, maliyyə yoxdursa, sığorta var. Get həkimə müalicə al”, - Əlizadə deyir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanovun sözlərinə görə, sözügedən şəxsin hazırki durumu əlillik üçün uyğun deyil.
"Əlizadə Cavid Yuriq oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədilə tibb müəssisəsi tərəfindən elektron sistemə göndəriş daxil edilib. Müəyyən edilib ki, göndərişdə vətəndaşın ixtisaslaşmış tibb müəssində müalicə müddəti yetərli deyil. Bu səbəbdən ona e-sistem üzərindən imtina qərarı verilib. Buna baxmayaraq, vətəndaş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyasının eksperti tərəfindən bu dəfə əyani şəkildə daha ətraflı müayinə edilib və hazırki vəziyyətinin əlillik səviyyəsində olmadığı aşkar edilib", - nazirlik sözçüsü bildirib.
Fehruz Rza
www.anews.az
























