"Wolt" işçiləri etirazını niyə dayandırdı?

"Wolt"un işçilərinin bir qismi aşağı tarif ilə bağlı etirazlarını dayandırıb, bu barədə şirkət ilə əməşdaşlıq edən, adını anonim saxlayan kuryerlərdən biri Anews.az-a açıqlamasında bildirib.
"Ölkədə ərzaq bazarında olan kəskin qiymət artımını hamı hiss edir. Şirkət ödənişi son 2,5 il ərzində 2 manatdan 1.60 manata salıb. Hər şey qalxıb, amma nə hikmətdirsə, "Wolt”un tarifləri qalxmır ki, qalxmır. Buna etiraz edirdik. Rəhbərlik kuryerləri dünən görüşə çağırıb və baş bilən kuryerlər gedib görüşüb. Etirazımızı daha sakit formada masa üzərində rəhbərliyə bildirmişik. Söz verdiklər ki, həll ediləcək. Əgər sözlərini tutmasalar etiraza yenidən start verəcəyik", - kuryer bildirib.
"Wolt” şirkətindən bildirilib ki, kuryerlərə hədə-qorxu gəlinməyib, həmçinin işdən çıxarılmayıblar.
"Şirkətin sifarişlərini çatdıranlar xidməti müqavilə əsasında çalışan fərdi sahibkarlardır. Biz bütün partnyorlarımıza hörmətlə yanaşırıq və biznesimizin necə idarə olunması haqda fikirlərimizin üst-üstə gəlməməsi səbəbindən heç vaxt partnyorluğumuzu bitirməzdik. Dünən bir qrup kuryer ödəniş modelimizə edilən bəzi dəyişikliklərlə bağlı narazılığını bildirmək üçün sistemdə oflayn olmaq qərarını verdi. Kuryer-partnyorlarımıza təqdim olunan ödənişlər bazar səviyyəsinə uyğun olaraq qalır. Məsələn, hazırda Ramazan ayı ilə əlaqədar gün ərzində sifariş sayı bir qədər aşağıdır. Bu səbəbdən qazancların nisbətən aşağı düşməsi də gözləniləndir. Tələbatın aşağı enməsi həm bizə, həm də kuryer-partnyorlara öz təsirini göstərir və biz kuryerlərin narazılığını çox gözəl başa düşürük”, – şirkətin açıqlamasında deyilir.
Şirkət həmçinin qeyd edib ki, etiraz edən kuryerlərlə görüş keçirilib, onlarla əməkdaşlıq davam edir.
Aprelin 22-dən başlayaraq bir qrup "Wolt"un əməkdaşı tariflərin aşağı olması ilə bağlı tələblər irəli sürərək tətil elan edib. Maaş azlığından şikayətlənənlər şirkətin mobil proqramını dondurublar. Əməkhaqlarının artırılmasını istəyənlər işə çıxmayacaqlarını bildirib.
"Wolt" qida çatdırılması platforması ilə tanınan texnologiya şirkətidir. "Wolt" tətbiqlərində və ya veb saytında, müştərilər platformanın restoran tərəfdaşlarından yemək sifariş edə bilər və ya platformanın kuryer ortaqları tərəfindən təhvil ala bilər.
"Wolt" 2014-cü ildə Sluş Miki Kuusinin tərəfindən qurulub. Mənzil qərargahı Helsinki şəhərində yerləşir. 2018-ci ilin yanvar ayında Wolt 30 milyon dollar maliyyə vəsaiti toplayıb. Bu 2019-cu ildə 70 milyon dollara yaxın olub. 2019-cu ilin sentyabrından "Wolt" 18 ölkədə və 60-dan çox şəhərdə, o cümlədən Tampere, Turku, Tallin, Stokholm, Vilnüs, Kopenhagen, Oslo, Praqa, Brno, Belqrad, Bakı, Tbilisi, Afina və Təl-Əvivdə fəaliyyət göstərir.
Şirkətin standart çatdırılma qiyməti 1.5 kilometrə qədər məsafə üçün 1.50 manatdır. Maksimal çatdırılma haqqı isə 3 AZN təşkil edir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























