Heyvansevərlərin məhkəməsi təxirə düşdü

Bu gün, aprelin 22-də Xətai Rayon Məhkəməsində heyvan haqları müdafiəçilərinin baş tutmalı olan məhkəmə prosesi təxirə salınıb, bu barədə anews.az-a açıqlamasında heyvan hüquqları müdafiəçisi Elxan Mirzəyev məlumat verib.
Mirzəyevin sözlərinə görə, təxirə düşməsinə səbəb ittihamçı tərəfin yenidən ekspertiza tələbi olub. Növbəti məhkəmənin nə vaxt olacağı bəlli deyil.
"Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin əməkdaşları Günel Musayeva və Cəlal Məlikov heyvansevər fəallar barəsində cinayət işi açılması üçün məhkəməyə müraciət edib.
Təhqir və böhtan əməllərində ittiham olunan Aynur Babazadə, Nicat İsmayılov, Elxan Mirzəyev və İlhamə Nəsirovadan 100 000 manat məbləğində təzminat tələb edilir. İddia ərizəsində yazılıb ki, heyvansevərlər hər iki əməkdaşın fotosunu və "Toplan"da işlədiyini paylaşandan sonra onların müştərilərinin sayı kəskin azalıb. İddiaçılar onların ictimai nüfuzlarına xələl gətirildiyini əsas göstərirlər. Heyvansevərlər bir neçə dəfə "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçiriblər. Etirazçılar iddia edir ki, mərkəzdə küçədən toplanan itlər məhv edilir. Aynur Babazadə, Nicat İsmayılov, Elxan Mirzəyev və İlhamə Nəsirovanın əsas tələbi mərkəzin ictimaiyyət qarşısında şəffaf fəaliyyət aparması, qapılarını könüllülərə açması, itlərə nə edildiyi haqqında onlara məlumat verilməsidir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























