Cinayət törədən polisə vətəndaş etibar edə bilərmi?

Bakının Xəzər rayonu polis bölməsinin əməkdaşı, polis mayoru Tural Aslanov öz xidməti silahından istifadə edərək nişanlısını öldürüb. BUndan sonra o, özünə də qəsd edib.
Analoji hadisə 2021-ci ilin sentyabrında da baş verib. Belə ki, Bakının Nizami rayonunun 24-cü polis şöbəsində serjant İsmayıl Məmmədov azyaşlı övladlarının gözü qarşısında xidməti silahla həyat yoldaşına 15 dəfə atəş açaraq qəsdən öldürmüşdü.
Bəs bu cür hallar hansı səbəbdən baş verir və bu vətəndaşın polisə olan etibarını azaldırmı?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü deputat Aqil Abbas hesab edir ki, bu cür halların baş verməsi polisə olan etibarı azaltmır.
"Dünyanın hər yerində bu cür hallar baş verir. Belə bir hadisə baş veribsə bunu ümumilikdə polisin adına hesablamaq doğru deyil. Azərbaycanda 20 mindən çox çox polis işçisi var. Polis hər zaman silah daşımalıdır. Çünki o ictimai asayişi qoruyur", - deputat bildirib.
Ekspert Üzeyir Cəfərovun sözlərinə görə, buna səbəb polislərin peşəkarlıq səviyyəsinə əsasən yox, tanışlıqla işə götürülməsidir.
"DİN-də işə götürmə zamanı şəxslərin şəxsi kefiyyətlərinə xüsusi diqqət yetirilməlidir. Qohumbazlıq , tapşırma əsasında işə polis götürdükcə daha pis hadisələrlə qarşılaşacayıq. Yol Partrul Xidmətində qanunu bilməyən çox sayda şəxslər var. Polis xidmət saatından sonra dincəlməlidir. Bizdə bəzi komandir və rəislər bunu nəzərə almır. Nəticədə də xoşagəlməz hadisələr baş verir. Xidmətə gələn polisin rəisi onun əhvalından bilməlidir ki, bu adam xidmətə köklənib ya yox", - ekspert vurğulayıb.
Hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, Azərbaycanda vətəndaşlar artıq polisə etibar etmir.
"Azərbaycanda "Polis haqqında qanun"da kifayət qədər ciddi fəaliyyət istiqamətləri göstərilib. Polis cəmiyyətin və dövlətin maraqlarının keşiyində durmalıdır, hakimiyyətin və siyasi rejimin yox. Bu gün vətəndaşın polisə etibarı yoxdur, çünki polis zorakılıq və şiddət mənbəyi kimi diqqəti cəlb edir. Pandemiya dövründə Bakının Yasamal rayonunda polislərin vətəndaşları sürüyərək aparması, müəllimi lağa qoyub "dovşan" deməsi hamının yadındadır. Son olaraq ictimai fəal Bəxtiyar Hacıyevin başına gələnlər də buna sübutdur. Bu cür hallardan sonra vətəndaş polisə necə etibar edə bilər? Bunu söyləmək çox çətindir", - Səfərov qeyd edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























