Milli Qəhrəmanın həyat yoldaşı təqaüdsüz qalıb

Azərbaycanın Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdova ona verilən Prezident təqaüdünün bərpa olunmamasından narazıdır. Bu barədə anews.az-a şikayət ünvanlayan Sahvələdova qurumların onunla maraqlanmadığını bildirir.
Milli Qəhrəmanı Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdovaya 2021-ci ilə qədər Prezident təqaüdü verilib. Amma 2021-ci ildən sonra bu vəsaitin verilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən dayandırılıb. Səbəb olaraq bildirilib ki, xanımın Pərviz Səmədovla rəsmi nigahı yoxdur, ona görə ona təqaüd düşmür. Amma şəhidin həyat yoldaşı bildirir ki, Pərviz Səmədovla evlənəndə 17 yaşı olub, azyaşlı olduğu üçün nigaha daxil ola bilməyiblər. Evləndikdən 4 ay sonra yoldaşı müharibəyə gedib və 1992-ci il mayın 15-i şəhid olub.
"Gəncə Kəpəz rayon məhkəməsinin sədri Tural Qocayev bizim iştirakımız olmadan məhkəmə qərarını ləğv edib. Məhkəmə ilə bağlı nə mənə, nə də bu işlə məşğul olan hüquqşünaslara məhkəmənin qərarı ilə bağlı hər hansı bildiriş göndərilməyib. Biz yenidən Apellasiya məhkəməsinə müraciət edəndən sonra məhkəmə işi Kəpəz rayon məhkəməsinə göndərib. Məhkəməni mayın 6-na təyin ediblər. Bu məsələ ilə ciddi məşğul olan yoxdur. Hər kəs bir-birinin üstünə atır. Mən sadəcə öz haqqımın bərpa olunmasını istəyirəm", - milli qəhrəmanın həyat yoldaşı deyib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili bildirdi ki, yaxın günlərdə Kəpəz Rayon Məhkəməsinin işə mahiyyəti üzrə baxacağı gözlənilir.
"Milli Qəhrəman Pərviz Səmədovun həyat yoldaşı Mətanət Şahvələdovaya şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nikah haqqında şəhadətnamə olmadığından həmin təqaüd dayandırılıb. Təqaüdü bundan sonra da ala bilməsi üçün Mətanət Şahvələdovaya Kəpəz rayon məhkəməsinə müraciət etməsi üçün hüquqi yardım, həmçinin müvafiq sənədlərin toplanaraq (nikahda olma faktının tanınması) elektron qaydada məhkəməyə verilməsi üçün DSMF tərəfindən köməklik göstərilib. Kəpəz Rayon Məhkəməsi isə Konstitusiya Məhkəməsi Plenumunun 02.11.2010-cu il tarixli qərarını əsas götürərək ərizəni icraata qəbul etməkdən imtina edib və müvafiq qərardad qəbul edib. Həmin qərar da 04.04.2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilib və ərizə icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün Kəpəz Rayon Məhkəməsinə qaytarılıb", - mətbuat katibi bildirib.
Şəhid ailəsinin ümidi mayın 6-da keçiriləcək məhkəmənin qərarınadır.
Şəhid Pərviz Səmədov Birinci Qarabağ savaşı zamanı Ağdam uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub. O, Şelli, Pircamal, Naxçıvanlı, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. Pərviz Səmədov kəşfiyyat hissəsinə başçılıq edib, onun sayəsində erməni əsgərlərinin onlarla zirehli texnikası, silah-sursatı aşkarlanıb və məhv edilib. 1992-ci il mayın 15-də Ağdamın Gülablı kəndində dəhşətli döyüşlər zamanı Səmədovun rəhbərlik etdiyi bölük ermənilər tərəfindən vurulmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas edib. O, həmin əməliyyat vaxtı snayper gülləsindən ölüb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























