• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək müqaviləsi ilə işləyənlərin sayı açıqlandı - Hüquq müdafiəçisi ilə təhlil

Əmək müqaviləsi ilə işləyənlərin  sayı açıqlandı - Hüquq müdafiəçisi ilə təhlil
26.04.2022 20:52
Son 4 ildə Azərbaycanda 400 min əmək müqaviləsi bağlanması ilə razılaşmaların ümumi sayı 1 milyon 700 minə çatıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazirin sözlərinə görə, əmək müqaviləsinə malik olanları ümumi məşğul əhalinin cəmi 35 faizini təşkil edir.

"Bu gün minimum əmək haqqı yaşayış minimumunun 1,5 mislinə bərabərdir. Lakin bunu 2-yə çatdırmalıyıq. Bu gün əmək haqqı fondunun ümumdaxili məhsulda payı bizim arzuladığımız rəqəmlərdən aşağıdır. Bunu inkişaf etmiş ölkələrin səviyyəsinə tədricən çatdırmalıyıq. Ümumi korporativ sosial məsuliyyət proqramlarının sayı çoxdur, amma cəmi məbləğin payına baxdıqda, inkişaf etmiş ölkələrdən geri qalırıq. Düşünürəm ki, yolun başlanğıcındayıq. Bu istiqamətdə birgə işlər aparacağıq", - o vurğulayıb.
 
Əmək müqaviləsi bağlamaq niyə vacibdir?
 
Hüquq müdafiəçisi Fərid Rustamzadə bildirir ki, əmək müqaviləsinin bağlanması, əsasən, işçi üçün yararlıdır. Buna görə də hər kəs işə girərkən müqavilə tələb etməlidir.
 
"Əmək müqaviləsi iş prosesində yaranan hər hansı mübahisənin hüquqi yolla həllində əsas olur. Bu, bir növ, işçini yarana biləcək problemlərdən sığortalayır. Əmək müqaviləsi işçi kimi dövlət qeydiyyatına düşməyimizə və bizə rəsmi olaraq staj hesablanmasına səbəb olur. Bu mənada, əmək müqaviləsinin olmaması pensiya təminatına mənfi təsir edir", - o bildirib.

Rustamzadə vurğulayır ki, işçinin məzuniyyət hüququndan istifadə edə bilməsi üçün də əmək müqaviləsi gərəklidir. Əmək müqaviləsi olmasa, işçilər hər il ən azı 21 gün əmək məzuniyyəti və stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququ, hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət kimi digər məzuniyyət hüquqlarından məhrum olurlar. 

"Bundan əlavə, əmək müqaviləsi işəgötürənin üzərinə təhlükəsiz iş şəraiti yaratmaq öhdəliyi qoyur. Əmək müqaviləsi olmasa, işçilər iş xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər. Əmək müqaviləsi olmasa, işəgötürən müxtəlif bəhanələrlə işçiylə əmək münasibətlərinə əmək qanunvericiliyinin tələblərinə əməl etmədən xitam verə, heç bir əsas göstərmədən onu işdən çıxara bilir", - o qeyd etdi.
 
Fərid Rustamzadəin fikrincə, işəgötürənlərin işçiləri əmək müqaviləsi olmadan işlətməsinin bir neçə səbəbi var. Əsas səbəb isə dövlət vergilərindən yayınmaqdır.
 
"İşəgötürənlər əmək müqaviləsi bağlayaraq işçini rəsmiləşdirsələr, sosial müdafiə xərcləri və gəlir vergisinin müəyyən faizini ödəməlidirlər. Bu maddi yükdən işçiləri rəsmiləşdirməməklə çıxmağa çalışırlar. Digər tərəfdən, əmək müqaviləsinin işçilərə verdiyi yuxarıda qeyd etdiyim hüquqlar işəgötürən üçün vəzifələrdir. Bütün bu vəzifələr işəgötürən üçün öhdəlik yaradır, bu öhdəlikdən də yan keçmək istəyirlər. Təəssüf ki, ölkəmizdə işçilərin əmək müqaviləsi olmadan işlədilməsi hallarına tez-tez rast gəlinir. Fikrimcə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin müəssisələrə yoxlanışlara gedə bilməməsi (yalnız şikayət əsasən gedə bilirlər) də işəgötürənlərin əmək hüququ pozuntularından yan keçməsini müəyyən qədər asanlaşdırır. Çünki, işçilərin əksəriyyəti işlərini itirmək qorxusundan rəsmi orqanlara şikayət edə bilmirlər", - o əlavə edib.

Əmək hüquqları müdafiəçisi tövsiyə edir ki,  işçi müdirindən əmək müqaviləsinin bağlanılmasını və müqavilənin bir nüsxəsinin ona təqdim edilməsini tələb etsin. 

"Əmək müqavilənizin həm yazılı formada bağlanılmasına, həm də elektron informasiya sisteminə (e-gov.az) daxil edilməsinə diqqət edin. Əmək müqavilənizdə işəgötürənlə razılaşdığınız şərtlərin, xüsusi ilə vəzifənin, əmək haqqının, iş və istirahət vaxtlarının, məzuniyyət günlərinin qeyd edilməsinə diqqət edin. Tutduğunuz vəzifə üzrə öhdəliklərinizin aydın və detallı formada vəzifə təlimatında, yaxud əmək müqaviləsində qeyd edilməsini tələb edin.Həmçinin, sizin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququnuz var, buna da diqqət etmək lazımdır", - Rustamzadə söyləyir.
 
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlədilməsinə görə işəgötürən fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək cərimələnir. 
 
Əmək Müqaviləsi nədir?
 
Əmək Məcəlləsinin (ƏM) 3-cü maddəsinin 5-ci bəndində "əmək müqaviləsinin” anlayışı qeyd edilib. Həmin normada qeyd edilir ki, " Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
 
Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əgər əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Buna baxmayaraq ƏM-nin 47-ci maddəsində əmək şəraitindən asılı olaraq əmək müaviləsinin müddətli bağlanma halları göstərilib:

a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda;

b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı;

c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda;

ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;

d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşınaçatdıqda işləmək istəyi olduğu hallarda;

e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən;

ə) Azərbaycan Respublikasının Milli Məclisi və bələdiyyələr istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən;

f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə;

g) işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda;

ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
 
Azərbaycanda işsizlik ilə bağlı son durum

2022-ci ilin yanvarında Azərbaycanda işsizlərin sayı artaraq 315.8 nəfər təşkil edib. DSK-nın məlumatına görə, 2022-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 304.3 min nəfər olmuş, onlardan 4 milyon 988.5 min nəfərini məşğul əhali təşkil edib. Azərbaycanda işsizlik 2020-ci ilin iyunundan başlayaraq 6%-in üzərinə qalmış, 2021-ci ilin 1 fevralında 7.159% səviyyəsinə qədər qalxsa da növbəti aylarda azalaraq, 2021-ci ilin dekabrından sonra 6%-in altına düşüb. Pandemiyadan öncə isə rəsmi olaraq ölkədə işsizlik səviyyəsi 5%-in altında göstərilir.
 
İqtisadçılar bu rəqəmlərin daha çox olduğunu istisna etmir. 
 
Azərbaycanda minimal  aylıq əmək haqqı isə 300 AZN təşkil edir. 
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol