Azərbaycanda distant təhsil hüquqiləşdirilir

Azərbaycanda distant təhsil formasının tətbiqi istiqamətində işlər görülür və yaxın zamanlarda işə salınacağı gözlənilir, bunu təhsil naziri Emin Əmrullayev deyib.
"Hazırda keyfiyyət təminatı almış distant tədris proqramı yoxdur. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə işlər görülür. Distant təhsil tədrisin yalnız formasıdır, orada verilən bilik və bacarığın diplomla tanınması üçün həmin proqram mütləq qaydada keyfiyyət təminatı sistemindən keçməlidir. Yəqin ki, zamanla bu istiqamətdə təhsil sistemi olaraq irəliyə doğru gedəcəyik. Amma heç bir formatda distant təhsilin diplom paylanılması və ya qeyri-qanuni diplom alınmasına çevrilməsini istəmirik. Əgər bunu edəcəyiksə, dünya miqyasında qəbul olunmuş standartlar çərçivəsində etməyi düşünürük", - nazir vurğulayıb.
Azərbaycanda distant təhsilin təkmilləşdirilməsinə münasibət olaraq parlamentin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, bu ölkə üçün çox vacib addımlardan biridir.
"Milli Məclisdə "Təhsil haqqında" qanunda distant təhsilin hüququ əsasları olması üzərində işlər gedir. Bununla bağlı işçi qrupu da yaradılıb. Azərbaycanda distant təhsil pandemiya dövründə aktivləşdi.Amma dünyanın proseslərini nəzərə alsaq bu işi sürətləndirməli və təkmilləşdirməliyik", - deputat bildirib.
Ceyhun Məmmədov təklif edir ki, Azərbaycanda distant təhsilin formalaşdırılması üçün mərkəz və ya inustut yarardılmalıdır.
"Dünyada bir çox ölkələr var ki, onlarda distant təhsil mövcuddur. Ona görə Azərbaycanda belə bir institutun formalaşması çox yaxşı olar. Bizi gələcəkdə hansı yeni hadisələr gözləyir bilmirik. Düşünürəm ki, bu təhsil növünü hüquqiləşdirmək ən doğru qərar olacaq", - Məmmədov bildirib.
Azərbaycanda distant təhsil ilk dəfə koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin martında tətbiq olunub. Belə ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq, bu sahədə görülən tədbirlərin səmərəliliyini artırmaq və tibbi profilaktikanı gücləndirmək məqsədi ilə 3–27 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırılıb. Daha sonra tarix martın 27-nə qədər uzadıldı. Daha sonra pandemiya zamanı 2 il ərzində təhsil müəssiələrində bir neçə dəfə ənənəvi təhsil distant təhsillə əvəz olunub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























