MEDİA -dan açıqlama- Aytən Məmmədovaya hücumla bağlı hadisəni diqqətdə saxlayırıq

Binəqədidə yaşadığı binanın blokunda hücuma məruz qalan jurnalist Aytən Məmmədova ilə əlaqə saxlanılıb, onun vəziyyəti barədə ətraflı məlumat əldə olunub. Bu barədə Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
"Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir", - qurumdan deyilib.
Mayın 8-də, Bakı vaxtı ilə saat 24 radələrində jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.
"Saat 12-yə qalardı. Mən taksidən düşüb liftə mindim. Orta yaşlı bir kişi də mənimlə birgə liftə mindi. Liftin qapısı bağlanan kimi həmin adam axra tərəfdən bir əli ilə çənəmi bərk sıxdı, digər əli ilə bıçağı boğazıma dirədi. Bıçaq boğazımı deşirdi. O bıçağı geri çəkdi, sonra yenidən boğazıma dirədi. Bu səbəbdən boğazımda iki deşik izi qalıb. Dedi ki, sən ağıllanmadın. Qızımın ünvanına təhdid xarakterli və ağır söyüş işlətdi. Bu zaman lift mənim yaşadığım mərtəbəyə çatdı və qapısı açıldı. Həmin şəxs məni sərbəst buraxdı və liftlə qayıtdı. Mən həyat yoldaşımı çağırdım və o həmin şəxsi təqib etmək istədi. Lakin onu tapa bilmədi,” Məmmədova qeyd edib.
Jurnalist bildirib ki, ona hücum peşə fəaliyyəti ilə bağlıdır.
"Şübhəm var ki, bu azyaşlı qızın məhkəmə işi ilə bağlıdır. Bundan öncə, təxminən 20 gün əvvəl ev telefonuma bununla bağlı bir təhdidedici zəng daxil olub. Çünki mən son zamanlar bu olayla bağlı (söhbət azyaşlını zorlayraq öldürməkdə günahlandırlaraq həbs edilən İlkin Süleymanovun məhkəməsindən gedir-red) ən çox araşdırmalar, məqalələr yazan jurnalistlərdənəm. Bu həm də ölkədə çox səs-küy doğuran hadisədir. Çox müəmmalı bir hadisədir. Yeri gəlmişkən, düşünürəm ki, bu olayın açılmasını istəməyən müəyyən qüvvələr var.”
Məmmədova deyib ki, iyrimi illik jurnalist fəaliyyətində ilk dəfə zorakılığa məruz qalıb.
Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı qızın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitinin tapılmasıyla bağlı gedən məhkəmə işidir. Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edir.
Aytən Məmmədova ölkədə məhkəmə işləri ilə bağlı məqalələr yazan jurnalistlərdəndir. O ölkədə internet saytına blok qoyulan "Azadlıq” qəzetinin müxbiri olub və digər nəşrlər üçün məqalələr yazır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























