Şagirdlərə "Georgi lenti" taxan müəllim cəzalandırılmalıdırmı?

Bakıda 164 nömrəli orta məktəbdə "9 may" Qələbə günü ilə bağlı tədbir keçirilib və şagirdlərin sinəsinə Avropada "neo-faşizmin və Rusiya təbliğatı"nın rəmzi kimi qəbul edilən "Georgi lenti" taxılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu hadisəni əvvəlki illərdən qalan ənənə adlandıraraq məsələni şişirtməməyi tövsiyə edib. Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, idarə bu açıqlama ilə məsələni malalamağa çalışır və bu hərəkətə görə məktəb direktoru ciddi cəzalandırılmalıdır.
"Təhsil Haqqında” Qanuna görə, orta məktəblərdə bu cür təbliğatların aparılması yolverilməzdir, təhsil müəssisənin əməkdaşları qanunsuz iş görüblər, lakin ortada məmur adı var deyə cəzasız qalıblar. Hadisə ilə əlaqədar direktor, direktor müavini, müəllim cəzalandırılmalı, adekvat tədbir görülməli idi. Bakı Şəhər Təhsil İdarəsi üzrü qəbahətindən böyük olan açıqlama verib. Verdikləri açıqlama malalamaq xarakteri daşıyıb. Əgər sadə bir direktorun rəhbər olduğu məktəbdə belə hadisə baş versə idi, tədbir təşkilatçıları töhmət alardı. Lakin 164 nömrəli paytaxt məktəbinin direktoru Kəmalə Qədirova məmur xanımı olduğu üçün haqqında heç bir tədbir görülmədi", - Əsədov deyib.
Kamran Əsədovun fikrincə, bayram tədbirlərində, əlamətdar günlər qeyd olunarkən Azərbaycanın atributlarından istifadə məqsədəuyğundur.
"İkinci Dünya Müharibəsində Sovet ittifaqının qələbə qazanmasında Azərbaycanın böyük xidmətləri olub. Lakin bu igidlik müstəqil ölkə olan Azərbaycanda Sovet Rusiyasının və ya hansısa bir "Georgi lenti"nin təbliğatını aparmağa zəmin yaratmır. Şagirdlər vasitəsilə kimlərəsə hansısa siyasi mesajların verilməsi qəbuledilməzdir. Qanunvericilik ilə də məktəblərdə dini, siyasi, etnik mənsubiyyəti özündə əks etdirən təbliğat çağırışları qadağandır. İctimai məkanda müxtəlif təkliflər irəli sürülə bilər, rəhbərlik isə buna icazə verməməli idi. Görünən odur ki, sabah daha ciddi siyasi məsələlər barədə də tədbirlər baş tuta bilər. Təhsil sferasında qıcıqlandırıcı hadisələrdən uzaq durulmalıdır", - o əlavə etdi.
Psixoloq Fuad Əsədov söyləyir ki, "Georgi lenti" və bunabənzər detallı tədbirlər çoxalarsa bu insanların düşüncələrində mühüm dəyişikliyə səbəb ola bilər.
"Əgər bir lent ildə bir dəfə şagirdlərin yaxasına taxılırsa bu onları rusiyapərəst etməyəcək. Ümumiyyətlə, insanları bir hadisə ilə fikirlərindən daşındırmaq, psixoloji təsir etmək çətindir. Lakin bu hadisələr təkrarlanarsa insanlara psixoloji təsir edə bilər. Ona görə də siyasi, dini və həssas mövzulardan söz açanda cəmiyyətə ediləcək psixoloji təsirə diqqət etmək zəruridir", - psixoloq bildirir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən açıqlamaya görə, şagirdlərin yaxasına "Georgi lenti" taxılan bu tədbir interaktiv dərs formatında məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində həyata keçirilib.
"Qeyd olunan məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan təhlil zamanı müəyyən olunub ki, "9 may" gününə həsr olunan bu tip dərslər məktəbdə müxtəlif illərdə də keçirilib. Bu dərslərdə əvvəlki illərdə istifadə olunmuş atributlar məktəbdə saxlanılıb və bu il də təkrar olaraq istifadə edilib. Məktəbin müəllimləri ilə söhbət zamanı onlar tədbirin sinifdaxili mahiyyət kəsb etdiyini və bunun məktəbdən kənarda bu qədər ciddi narahatlıq doğuracağını güman etmədiklərini bildiriblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu tipli tədbirlərdə həssaslıqla qəbul edilə biləcək məsələləri müəllimlərin, eləcə də məktəb rəhbərliyinin diqqətinə çatdırıb. İctimaiyyətin ümumtəhsil müəssisələrində baş verən bu cür hallara diqqətli yanaşmasına görə təşəkkürümüzü bildirir, eyni zamanda həssaslıq doğura biləcək mövzularda təhsilalanların müzakirə predmetinə çevrilməməsini xahiş edirik", - idarənin açıqlamasında qeyd olunub.
Kamran Əsədovun məktəb direktorunun məmur qohumu olması səbəbindən cəzalandırılmaması ilə bağlı iddiasına gəlincə isə BŞTİ-nin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov "bu iddiaya cavab olsaydı rəsmi açıqlamamıza yazılardı" cavabını verdi.
Təhsil eksperti Kamran Əsədovdan başqa 164 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Kəmalə Qədirovanın Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovun həyat yoldaşı olması barədə məlumat bir sıra yerli mətbuat oqanlarında yer alıb.
Bloger-jurnalist Həbib Müntəzir də bu barədə feysbuk hesabında yazıb.
Hələlik nə direktor, nə adı çəkilən Təhsil Nazirliyi rəsmisi, nə də BŞTİ sektor müdiri Bəşarət Məmmədov bu informasiyanı təkzib edib.

"Georgi lenti" nədir?
"Georgi lenti"ni 1769-cu ildə Rusiya çarı II Yekaterina təsis edib. Lentin görünüşü 3 qara, 2 narıncı xəttdən ibarətdir. Lentdə əks olunan narıncı rəng alovu, qara rəng isə tüstünü simvolizə edir. Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar bu lentin üzərinə taxılaraq verilib.
Bu tarixçədən aydın olur ki, əslində lentin "9 May" Qələbə günü ilə birbaşa bağlılığı yoxdur. Yalnız 2005-ci ildən sonra "Georgi lenti" adı ilə aksiyalar təşkil edilib. Bu aksiyalardan sonra lent İkinci Dünya Müharibəsində "9 May" qələbəsinin simvolu kimi göstərilib.
2014-cü ildə bu lent Avropada "neo-faşizmin və Rusiya təbliğatı"nın rəmzi kimi qəbul edilib. Həmin ili Azərbaycanda da lentin qadağa edilməsi məsələsi gündəmə gəlsə də, bu istiqamətdə hər hansı iş görülməyib.
Bugünədək Moldova, Ukrayna, Latviya, Litva və Estoniyada "Georgi lenti"i aksiyasını keçirmək və bu lentin paylamaq rəsmi olaraq qadağan edilib. Həmin ölkələrdə bu lentdən istifadə ilə bağlı cərimələr də var.
"Georgi lenti"ndən istifadəylə bağlı hazırki dövrdə Azərbaycanda hər hansı bir qadağa yoxdur. Lakin sözügedən tədbirdə şagirdlərin bu lenti taxmasını sosial şəbəkə istifadəçiləri birmənalı qarşılamayıb. Cari il aprelin 30-da Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyi Bakıda yerləşən Rus Evinin dəstəyi ilə "Georgi lenti" aksiyası keçirəcəyini bəyan edib. Amma Bakı şəhəri İcra hakimiyyəti və Daxili İşlər Nazirliyi bu aksiyanı keçirməyə icazə verməyib. Aksiya baş tutmasa da onunla bağlı xəbər sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi narazılıqla qarşılanıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























