"Sərhədsiz Reportyorlar" təşkilatı jurnalistə hücumu pisləyir

"Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı mayın 8-də Bakıda naməlum şəxsin 10 yaşlı qızın qətli ilə bağlı araşdırma apardığı üçün jurnalist Aytən Məmmədovaya hücumunu pisləyib.
"Biz bu zorakılıqdan şokdayıq və səlahiyyətliləri baş verənləri araşdırmağa çağırırıq," təşkilatın Twitter hesabında deyilir.
"Saat 12-yə qalardı. Mən taksidən düşüb liftə mindim. Orta yaşlı bir kişi də mənimlə birgə liftə mindi. Liftin qapısı bağlanan kimi həmin adam axra tərəfdən bir əli ilə çənəmi bərk sıxdı, digər əli ilə bıçağı boğazıma dirədi. Bıçaq boğazımı deşirdi. O bıçağı geri çəkdi, sonra yenidən boğazıma dirədi. Bu səbəbdən boğazımda iki deşik izi qalıb. Dedi ki, sən ağıllanmadın. Qızımın ünvanına təhdid xarakterli və ağır söyüş işlətdi. Bu zaman lift mənim yaşadığım mərtəbəyə çatdı və qapısı açıldı. Həmin şəxs məni sərbəst buraxdı və liftlə qayıtdı. Mən həyat yoldaşımı çağırdım və o həmin şəxsi təqib etmək istədi. Lakin onu tapa bilmədi,” Məmmədova qeyd edib.
Jurnalist bildirib ki, ona hücum peşə fəaliyyəti ilə bağlıdır.
"Şübhəm var ki, bu azyaşlı qızın məhkəmə işi ilə bağlıdır. Bundan öncə, təxminən 20 gün əvvəl ev telefonuma bununla bağlı bir təhdidedici zəng daxil olub. Çünki mən son zamanlar bu olayla bağlı (söhbət azyaşlını zorlayraq öldürməkdə günahlandırlaraq həbs edilən İlkin Süleymanovun məhkəməsindən gedir-red) ən çox araşdırmalar, məqalələr yazan jurnalistlərdənəm. Bu həm də ölkədə çox səs-küy doğuran hadisədir. Çox müəmmalı bir hadisədir. Yeri gəlmişkən, düşünürəm ki, bu olayın açılmasını istəməyən müəyyən qüvvələr var.”
Məmmədova deyib ki, iyrimi illik jurnalist fəaliyyətində ilk dəfə zorakılığa məruz qalıb.
Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı qızın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitinin tapılmasıyla bağlı gedən məhkəmə işidir. Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edir.
Medianın İnkişafı Agentliyi baş verən hadisəyə həssaslıqla yanaşır və diqqətdə saxlayır. Medianın İnkişafı Agentliyində (MEDİA) bu qurumun icraçı direktoru Əhməd İsmayılov jurnalist ilə görüşüb.
"Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir. Medianın İnkişafı Agentliyi tərəfindən məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Bildirilib ki, qeyd olunan hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir", - qurumdan deyilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, mətbuat nümayəndəsinin hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir, cinayət işi başlanılıb.
O deyib ki, Aytən Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib.
"Onun diqqətinə çatdırılıb fakt üzrə bütün zəruri tədbirlər icra olunur. Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir", o bildirib.
ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Aytən Məmmədovaya edilən hücumu pisləyib.
"Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, - səfirlikdən deyilib.
"Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, - səfirlikdən deyilib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























