Azərbaycan mediası erməniləri düşmən adlandırır - Bir qisim ekspert razılaşmır

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı hökumətlərarası danışıqlar gedir. Bu fonda Azərbaycan mediası, yerli televiziya və kütləvi informasiya vasitələri Ermənistan tərəfi düşmən adlandırmaqda davam edir.
Konfliklərin işıqlandırılması məsələləri üzrə ekspert və jurnalist Seymur Kazımovun fikrincə, bu beynəlxalq jurnalistika prinsiplərinin pozulmasıdır.
"Jurnalist və media qurumu heç bir halda öz mövqeyini ortaya qoymamalıdır. Bəzən Azərbaycan mediası özünü müharibə tərəfdarı kimi apararaq şəxsi mövqe bildirir. Düşmən sözü yanlışdır. Onun əvəzinə "qarşı tərəf", "Ermənistan ordusu" kimi ifadələri işlətmək daha doğru olar. Əgər sülh müqaviləsi imzalanacaqsa media sülhə uyğun davranacaq. Peşəkar mediada isə bunlar qəbul olunmur. Əgər hadisələrə peşəkar jurnalist kimi yanaşsaq istər müharibə dövründə istərsə də sülh zamanı eyni ifadələri daha dəqiq çatdırmaqla həm mövqeyimizi göstərmərik, həm də söhbətin hansı ölkədən getdiyini izah edə bilərik”, - Kazımov bildirib.
Xəbərlərində erməniləri düşmən kimi təqdim etmiş APA Holdingin rəhbəri Vüsalə Mahirqızının sözlərinə görə, agentlik artıq düşmən ifadəsi ritorikasından imtina edib.
"Biz öz media platformamımızda bu ifadənin işlənməməsi barəsində qərar vermişik. Ümumilikdə isə düşmən sözündən uzaqlaşmaq lazımdır. Çünki biz Qarabağda yaşayacaq erməni əhalisinin problemlərini dinləməli olacağıq, həmin ərazilərdə reportajlar çəkməliyik. Ona görə də bu düşüncələri vətəndaş və cəmiyyət olaraq paralel şəkildə etməliyik”, - Mahirqızı deyib.
Media rəhbəri onu da bildirir ki, mediaların bəzən "düşmən" ifadəsi işlətməsi onlara qurumlardan göndərilən press relizlərlə bağlı olur.
"Bəzən relizləri dəyişdirmədən olduğu kimi yayımlayır və nəticədə düşmən ifadəsi media adından təqdim olunur. Bundan başqa bir məsələ də var ki, jurnalistlər arasında şəhid və qaziləri olan şəxslər var. Ona görə onlar bu məsələyə daha həssas yanaşır. Bir necə dəfə müzakirələr zamanı da bildirimişəm ki, tədricən bu ritorikadan uzaqlaşmalıyıq. Qarşıda bizi sülh müqaviləsi göözləyir”, - o qeyd edib.
Hərbi ekspert Üzeyir Cəfərov isə medianın "düşmən” ifadəsini yazmasını doğru hesab edir.
"Əgər Ermənistan Azərbaycana hələ də güllə atırsa, insanlar üçün həyatı təhlükə yaradırsa deməli hələ düşməndir. Hələ sülh sazişindən sonra ona necə əməl edəcəyi barədə də heçnə bilmirik. 2020-ci ildə sənəd imzalanmışdı ki, erməni silahlı birləşmələri Qarabağdan çıxacaq. Amma hələ ki, bu sənəd üstündə qalır. Bu gün Rusiya-Ukrayna müharibəsində də Ukrayna Rusiyanı media platformalarında düşmən adlanıdırır.Ermənilərə düşmən demək doğru yanaşmadır”, - ekspert bildirib.
Millət vəkili Arzu Nağıyev isə bunun şəxslərin öz leksionuna aid məsələdən qaynaqlandığını bildirir.
"Hər media platformasının öz daxili qaydaları var. Ümumilikdə isə biz heç vaxt görməmişik ki, prezident hər hansısa bir çıxşında Ermənistana düşmən deyə müraciət etsin. Jurnalistlər və media qurumları istinad edilən mənbələrin adından düşmən sözünü işlədə bilər. Həmişə deyirəm ki, Azərbaycanda hərbi jurnalistika inkişaf etməlidir. Ermənistan da həmişə bizi təxribatçı, düşmən adlandırır. Amma biz bu cür məsələlərdə qalib ölkə kimi mövqe bildirməliyik", - millət vəkili bildirib.
Mövzu ilə bağlı Medianın İnkişaf Agentliyi və Audiovizual Şuradan bildirdilər ki, onlar redaksiyaların və televiziyaların daxili siyasətinə qarışmırlar. Yalnız qanunvericilikdə göstərilən məsələlərdə pozuntu halları olarsa bu zaman hər hansı tədbir görülə bilər.
Gülnar Nazimqızı
Fotokollaj: Kənan Əzizli
İSTİQAMƏT:5.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
QEYD:Yazı Medianın İnkişaf Agentliyinin dəstəyi layihəsi çərçivəsində hazırlanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























