DİN Taleh Bağırzadənin iddalarına cavab verdi

Aclıq aksiyasına başlayan Müsəlman Birliyi Hərəkatının sədri, Qobustanda həbsxanada olan Taleh Bağırzadə buna səbəb kimi polislərin dini təhqir etməsini iddia edib. Bu barədə Müsəlman Birliyi Hərəkatının feysbuk səhifəsində məlumat verilib.
Məsələyə münasibət olaraq DİN mətbuat xidmətinin mətbuat katibi Ehsan Zahidov bildirib ki, iddialar polisi qanunla müəyyən olunmuş fəaliyyətindən və xidməti vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhddir.
"Polis əməkdaşları əvvəllər də oxşar şər-böhtan kampaniyalarına tuş gəliblər. Lakin qəsdən uydurularaq yayılan belə ittihamlara məhəl qoymadan polis həmişə vətəninin və xalqının qarşısında öz xidməti vəzifələrini sədaqətlə davam etdirib. Polisin dini təhqir etməsi barədə bugünlərdə yayılan böhtan xarakterli şaiyələr də yuxarıda qeyd edilən kampaniyanın tərkib hissəsidir. Lakin onlar bu dəfə müqəddəs dinimizi də öz çirkin niyyətlərinə alət etməyi hədəf götürüblər. Amma bilməlidirlər ki, Azərbaycan Polisi bütün dinlərə, o cümlədən mənsub olduqları müqəddəs islam dininə, milli dəyərlərinə böyük hörmət və sayğı ilə yanaşırlar. Bu cür kampaniyaların müəllifləri, ilhamvericiləri birdəfəlik bilməlidirlər ki, onlar belə saxta ittihamlarla Azərbaycan Polisinə heç bir təsir və təzyiq göstərə bilməzlər”, - Zahidov söyləyib.
Penitensiar Xidmət Taleh Bağırzadənin aclıq etməsi ilə bağlı məlumatlara hələ reaksiya verməyib.
Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 2017-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmünə görə, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























