İrandan Azərbaycana 11 kq narkotik keçirmək istədilər

11 kiloqram 499 qram narkotik vasitənin və 3956 ədəd psixotrop tərkibli həblərin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
İyunun 1-də saat 23:10-da "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Mayın 31-də saat 23:00 radələrində "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə məlumat daxil olub. Sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolağ və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıb, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb.
Keçirilən sərhəd axtarışı və qoşun-əməliyyat tədbirləri nəticəsində meşəlik massivində kolluqların arasında gizlənən Astara rayonunun Ərçivan kənd sakini 1993-cü il təvəllüdlü İmaməliyev Gündüz Əfqan oğlu saxlanılıb.
Araşdırma zamanıİmaməliyevin əvvəllərdə dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik vasitələr gətirmək məqsədilə dövlət sərhədini pozması müəyyənləşdirilib.
İmaməliyevin saxlanıldığı ərazidə xidməti itlər də cəlb edilməklə keçirilən axtarış zamanı kolluqların arasında onun tərəfindən gizlədilən 1 ədəd çanta, içərisində ümumi çəkisi 7748 qram olan müxtəlif növ narkotik vasitələr (2149 qram "heroin”, 2265 qram "marixuana”, 2039 qram "tiryək”, 1295 qram "metamfetamin”) 976 ədəd psixotrop tərkibli "metadon-40” həbi və 1 ədəd ov bıçaqı aşkar edilərək götürülüb.
İyunun 8-də saat 00:10-da "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd zastavası dərhal "Silaha” komandası ilə qaldırılıb, qeyd olunan ərazi qapadılıb və nəzarətə götürülüb. Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 00:50-də Ələt-Astara avtomagistral yolunun 13-cü km yaxınlığında sərhədboyu ərazidə avtomobildən düşərək yol nişanı sütünunun altından naməlum əşya götürən bir nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.
Sərhəd naryadının "Dayan” əmrinə tabe olmayan şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Ağayev Kənan Sərhad oğlu olması müəyyənləşdirilmiş şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində 403 qram narkotik vasitə "heroin” və 2980 ədəd psixotrop tərkibli "metadon-40” həbi aşkar olunaraq götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























