I və IV qrupların qəbul imtahanlarının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə iyunun 4-5-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 38539 abituriyentdən (I qrup üzrə 33219 nəfər, IV qrup üzrə 5320 nəfər) 4568 nəfəri (I qrup üzrə 4201 nəfər, IV qrup üzrə 367 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 9 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər – Bakı şəhər 53, 111 və 258 saylı orta məktəblərinin, Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) və Kimya-Biologiya Təmayüllü Liseyin, Sumqayıt şəhər 13 saylı orta məktəbinin, Abşeron rayon Saray qəsəbəsi 1 saylı orta məktəbinin, Qəbələ şəhər 1 saylı orta məktəbinin, İsmayıllı şəhər 5 saylı orta məktəbinin, Biləsuvar şəhər internat orta məktəbinin məzunları göstəriblər.
İmtahanın II mərhələsində 400 bal toplayan Bakı şəhər 111 saylı orta məktəbin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 295 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 695 baldır.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 20 iyun saat 10:00-dan 22 iyun saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























