Ramin Hacılının AXCP üzvlüyü barədə saxta arayışlar satdığı iddia edilir - Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə iddia olunub ki, Ramin Hacılı partiya mənsubiyyəti olmayanlara AXCP üzvlüyü barədə saxta arayışlar satıb.
Prosesdə şahidlər dindirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Racif Əsgərli bildirib ki, 2017-ci ildə Ramin Hacılının yanında işləyib.
"Ramin Hacılının ofisində sənədləri tərcümə edirdim, tərcüməçi kimi işləyirdim. İngilis dili biliyim yaxşı olduğuna görə xaricdə təhsil almaq istəyirdim. Buna görə də Ramindən mənə köməklik göstərməsini xahiş etdim. Amma mən Raminə pul verməmişəm", - şahid bildirib.
Şahid Elnur Qəmbərov deyib ki, Almaniyaya getmək üçün Ramin Hacılıya sənədlərin hazırlanmasına görə 4500 manat pul verib. Hazırlanmış sənədlər arasında da AXCP üzvü olması haqda arayış olub.
"Əslində, heç bir partiyanın üzvü deyiləm. Övladım xəstə olduğu üçün nə yolla olursa-olsun, Almaniyaya getmək məcburiyyətində qalmışdım. Ona görə də məcburiyyət qarşısında Ramin Hacılıya müraciət edim. Almaniyaya gedib qayıtdım", - o deyib.
Digər şahid Nazim Osmanov da ifadəsində deyib ki, kürəkəni Anar Abdullayev də Ramin Hacılının vasitəsilə xarici ölkəyə gedib.
"Onun üçün hazırlanan sənədlərin də içində AXCP arayışı vardı. Əslində, kürəkənim heç bir partiyanın üzvü deyil. O, sənədlərinin hazırlanması üçün hər şey daxil, 6 min manat vermişdi”, - şahid bildirib.
Ramin Hacılı isə AXCP adından saxta sənəd hazırlanıb, müxtəlif şəxslərə verilməsi haqda ittihamları qəbul etməyib. Bildirib ki, guya bu sənədlər ondan xəbərsiz hazırlanıb.
Vəkil Rəşad Əliyev Ramin Hacılının səhhətinin pis olduğu üçün onun tibbi ekspertizadan keçirilməsini istəyib.
"Ramin Hacılının onkoloji xəstəliyə tutulmasından şübhələnirik. Bu adam iki ay ərzində 30 kiloqram çəki itirib”, - vəkil söyləyib.
Məhkəmə vəstəti rədd edib.
Araşdırmalar iyulun 13-də davam edəcək.
İttihama görə, "No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, "Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, "Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, "HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























