Prezidentin fərmanı icra olunmur, cavabdeh qurumlar bir-birinin üstünə atır

Azərbaycan qanunvericiliyi ilə vətəndaşların ictimai yerlərlərdə hərbi geyimdə gəzmələri yasaq olsa da xüsusilə İkinci Qarabağ müharibəsindən sonra ölkənin paytaxt və rayonlarında hərbi paltarlarda gəzən şəxslərə tez-tez rast gəlinir.
İkinci Qarabağ Müharibəsindən sonra Müdafiə Nazirliyinin rəsmi saytında belə bir məlumat paylaşılıb ki, hərbi polis bölmələri qarnizonlarda reydlərə başlayıb.
"Vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlarda reydlər keçirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir. Hərbi geyim formasını daşımaq hüququ olmayan şəxsləri hərbi geyim formasından istifadə etməməyə çağırırıq", - məlumatda bildirilib.
Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovun fikrincə, gündəlik həyatda icazəsiz hərbi geyimdə gəzənlər cərimə olunmalıdır ki, digərləri də bunun qanuna zidd olduğunu bilsin.
"Bu məsələyə aiddiyati qurumlar ciddi nəzarət həyata keçirməlidir. Bəzi gənclər və hərbiyə aiddiyatı olmayan şəxslər bu formadan gündəlik həyatında istifadə edir. Bu müqəddəs və xüsusi geyimdir. Bu geyimi geyinmək icazəsi rəsmi sənədlə tənzimlənir. İnsanlar özləri başa düşməlidir ki, bu kobud qanun pozuntusudur. Qanunsuz geyimdən istifadə edənlər bir-iki dəfə cərimə olunsa hamı başa düşər ki, bunu geyinmək olmaz", - Cəfərov bildirib.
Ekspert əlavə edir ki, hərbi geyimlərin satışı da qanunsuzdur.
"Bu gün hərbi geyim mağazalarında bu geyimlər icazəsiz satılır. Əslində isə hərbi geyimin satışı aiddiyatı qurumların verdiyi rəsmi sənəd əsasında həyata keçirilməlidir. Həmin geyimləri satan dükan sahiblərini də cərimələməyi təklif edirəm. Belə halda onlar bunun qanun pozuntusu olduğunu başa düşərlər", - Cəfərov söyləyib.
Birinci Qarabağ müharibəsi qazisi, Qazilər.az saytının rəhbəri Rey Kərimoğlunun sözlərinə görə, bəzi hallarda bu formanı gündəlik həyatda geyinmək olar.
"Əslində qanunvericilikdə konkrtet göstərilib ki, hərbi qulluqçu təxris edildikdən sonra hərbi formanı yalnız xüsusi icazə olduqda geyinə bilər. Bununla bağlı xidmət edən şəxsin hərbi biletində də qeydlər aparılır. Amma bayramlarda, müəyyən tədbirlərdə və çəkilişlərdə bu formanı geyinmək üçün hər hansı qadağa yoxdur. Nəzərə alsaq ki, Azərbaycan artıq qalib ölkədir bəzi məqamlarda güzəştə getmək olar. Bir məsələ mütləqdir ki, formadan düzgün şəkildə istifadə olunmalıdır", - Kərimoğlu vurğulayıb.
Hüquqşünas Zakir Rəhimoğlu hesab edir ki, hərbi geyimlə bağlı olan qanun işlək deyil və icrasına nəzarət olunmur.
"Qanunvericilikdə deyilir ki, hərbi formanı geyinən şəxslər xaric digər şəxslərin bu formanı geyinməsi üçün 300-500 manat arası cərimə nəzərdə tutulur. Buna da nəzarəti həyata keçirən qurum Müdafiə Nazirliyinin tərkibində olan hərbi polisidir. Gündəlik həyatda hərbi formada gəzmək qanuna ziddir", - hüquqşünas deyib.
Zakir Rəhimoğlu bildirir ki, Azərbaycanda bəzi şəxslər hərbi formadan düzgün istifadə etmir.
"Bəzi hallarda formanı öz bədənlərinə uyğun dar üslubda kəsdirirlər. Formanın yaxası açıq, ayaqlarındakı ayaqqabıya uyğun olmayan şəkildə geyinirlər. Standartlardan tam uzaq bir hala salırlar. Bu özü də qanun pozuntusudur", - Zakir Rəhimoğlu əlavə edib.
Hərbi polisin tabe olduğu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov isə bildirir ki, hərbi geyimi icazəsiz geyinənləri cərimələmək hərbi polisin yox, Dazili işlər nazirliyi əməkdaşlarının səlahiyyətindədir.
"Hərbi polis yalnız hərbiçilərə cavabdehdir. Odur ki, Müdafiə Nazirliyi bununla bağlı heç bir cərimə yazmır. Cərimələməni aidiyyatı qurumlar inzibati xətalar məcəlləsinə uyğun olaraq həyata keçirir.Bu halda belə qurum Daxili İşlər Nazirliyidir", - Eyvazlı bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov isə söylədi ki, DİN əməkdaşları küçədə hərbi formada gəzən şəxslərlə bağlı hər hansı inzibati cərimə tətbiq edə bilməzlər.
"Onlar mülki şəxs olsa da ehtiyatda olan hərbi qulluqçu sayılır. Onlara nəzarət Müdafiə Nazirliyinin tərkibində olan hərbi polislər nəzarət edir", - DİN təmsilçisi vurğulayıb.
Hərbi qulluqçuların forma və nişanları 25 iyun 2001-ci il tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə tənzimlənir. Həmin fərmanın 1-ci fəslinin 21,22, 23 cü bəndlərində qeyd edilir ki, hərbi geyim formasını daşımaq hüququna Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi litsey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.
Hərbi geyim forması Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi «Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasını daşıma qaydaları»na uyğun olaraq daşınır və hərbi qulluqçular və hərbi litseyin kursantları hərbi geyim forması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalar üzrə təmin edilirlər. Hərbi geyim forması ilə təminedilmə qaydası Azərbaycan Respublikası müdafiə naziri tərəfindən müəyyən edilir.
Gülnar Nazimqızı
İSTİQAMƏT: 5.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
QEYD: Yazı Medianın İnkişaf Agentliyi maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























