Azərbaycanda qızların sayı azalır

Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Bu barədə BMT-nin Əhali Fondunun hesabatında bildirilir.
Sosioloq Sənubər Heydərli söyləyir ki, son bir neçə ildə Azərbaycan selektiv abort elətdirənlərin sayına görə ön sıralarda durur.
"Bu heç də ürək açan statistika deyil. Qadınlara qarşı zorakılığın bir nümunəsidir. Çünki hələ doğulmamış qadınlara qarşı bu qədər zorakılıq varsa, deməli zorakılıq özünə haqq qazanmış olur. Bu təkcə öldürülən qız uşağına qarşı deyil, həm də abort elətdirən qadınlara qarşı zorakılıqdır. Bundan başqa son 10 ili nəzərə alsaq, artıq statistikada dəyişiklik var. Oğlan uşaqlarının doğulma sayı artsa da onların çoxu ölür. Belə ki, uşaq ölümləri arasında oğlan uşaqlarının sayı daha çoxdur. Gələcəkdə oğlanların sayı qızları üstələsə həm qadın zorakıığı hallarının, həm də cinayətkarlığın səviyyəsi arta bilər", - Heydərli bildirib.
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, oğlan uşaqlarının sayının artması vacibdir.
"Çünki dövlətdə müharibə və yaxud başqa hallar baş verən zaman kişilərə daha çox ehtiyac yaranır. Ölkədə oğlan uşağının çox doğulması yaxşı bir haldır. Çünki oğlanların çoxu orta məktəbi bitirəndən sonra ölkəni tərk edir. Statistikaya əsasən xaricə gedənlərin əksəriyyəti oğlan uşaqlarıdır. Odur ki, oğlanların müəyyən qədər çox doğulmasının tərəfdarıyam. Qız uşaqlarının abort edilməsinə gəlincə, bütün hallarda abortun əleyhinəyəm", - sosioloq əlavə edib.
Azərbaycanda hamiləliyin 12 həftəsinədək aborta icazə verilir. 12 həftədən sonra isə abort üçün mütləq tibbi göstəriş olmalıdır. Hamiləliyin 6-7 həftəsində mini abortların qadın məsləhətxanalarında aparılmasına icazə verilir. 8 həftədən sonra döldə sümükləşmə olduğundan abort zamanı qanaxma təhlükəsi yaranır. Odur ki, 8 həftədən sonra abortların ancaq stasionar tibb müəssisəsində aparılmasına icazə var.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 141-ci (Qanunsuz abort etmə) maddəsinə təklif olunan dəyişikliyə görə,tibb müəssisələrindən kənarda abort edən həkimlər 500 manatdan 1000 manatadək, xüsusi ali tibbi təhsili olmadan abort edənlər 1000 manatdan 1500 manatadək, bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vuranlar isə 2000 manatdan 3000 manatadək məbləğdə cərimələnə bilərlər.
Media eksperti Aynur Veysəlova bildirir ki, ötən 55 il ərzində Azərbaycanda nəsilvermə əmsalı xeyli azalıb.
"Azərbaycanda son onilliklər ərzində nəsilvermədə baş vermiş tənəzzül və dölün cinsinin müəyyən edilməsinə imkan yaradan ultrasəs müayinəsindən geniş istifadə nəticəsində ölkədə oğlan uşaqlarına verilən üstünlük selektiv abortlar vasitəsilə reallaşdırılır. Bu isə doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulmasına səbəb olur",- ekspert bildirib.
2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşüb.
Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























