"Papa"nin məhəlləsində narkomanların məkanı - VİDEO

Videobloger Nail Kəmərli Bakının Cəlil Məmmədquluzadə ("Papanin”) küçəsində narkomanların daha çox yığıldığı ərazidən reportaj hazırlayıb. Kəmərli video reportajı özünün rəsmi "Youtube" kanalında yayımlayıb.
"Papanin” sakinləri həmin ərazidə narkotik istifadəçilərinin çox olduğunu və nəzarətsiz qaldıqlarından gileylənib.
"Burada narkomanlıq baş alıb gedir. Hökümət yoxdur, bura baxan yoxdur. Polis baxmır, heç kim baxmır. Səhər tezdən gəlin, baxın, 50 min iynə var. Gecə çölə çıxa bilmirik. Qızımız, gəlinimiz evdən çıxa bilmir", - sakinlərdən biri deyib.
Küçədə yaşayan digər sakin isə narkotik istifadəçilərinin iaşə obyektlərinə, mağazalara da maddi zərər vurduğundan danışıb.
"Narkotik istifadəçilərindən biri gəldi mağazadan telefonumu götürdü. Həmin olay kameraya da düşdü. Çəkiliş də oldu. Polis dedi ki, "unut bu telefonu. Narkomanların ayağını buradan kəsmək lazımdır. Addımbaşı narkomanlar var", - o bildirib.
Reportajda azyaşlılar narkomanların istifadə edib sonradan tulladığı şpristləri də videoblogerə göstərib. Sakinlər 3-4 ildir narkomanların bu ərazidə məskunlaşdığını söyləyib.
"Onlara deyir ki, polisə, 102-yə verəcəm. Gülüb deyirlər ki, "ver də, polisin malını satıram onsuz da". Polisin adını da ləkələyirlər, polisə də böhtan atırlar. Bəlkə də, düz deyirlər, deyə bilmərik. Post-patrullarımız da yatır, yatır, gündüz saat 12-də gəlir. Onlara ərizə yazıb müraciət etmişəm ki, gecə saat 12-dən sonra küçəni gəzin.Konfet adı ilə uşaqlara "patı" verirlər”, - "Papanin” sakini deyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Cəlil Məmmədquluzadə ("Papanin”), Şimal şitilliyi ("Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Bildirilib ki, Nərimanov RPİ əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
Dövlət Statistika Komitəsinin rəsmi saytı yazıb ki, Azərbaycanda 2022-ci ilin 6 ayında qeydə alınmış cinayət hadisələrinin 5768-i və ya 31,7%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Sözügedən cinayətlərin 59,9 %-i satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,4 %-i eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,6%-i qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,0 %-i güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 %-i isə digər cinayətlər təşkil edib.

Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib