Bəxtiyar Hacıyevin saxlanılmasının arxasında nə durur?

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən oğurlandığını və daxili işlər naziri Vilayət Eyvazov barədə sosial şəbəkədə yazdığı postların zorla silindiyini iddia edən ictimai fəal Bəxtiyar Hacıyev məsələ ilə bağlı Bakı Şəhər Baş Prokurorluğuna müraciət edəcəyini bildirib. O, bunu Anews.az-a açıqlamasında deyib.
"Daxili İşlər Nazirliyinə şikayət etmək fikrində deyiləm. Amma Baş Prokurorluğa müraciət etmək barədə düşünürəm. Hazırda müraciətin mətni hazır deyil. Məsələni ictimailəşdirsəm də Hüquq Mühafizə Orqanlarından hələ heç kim başıma gətirilən olayla maraqlanmayıb", - Hacıyev deyib.
Bəxtiyar Hacıyevin sözlərinə görə, o, bu il avqustun 22-də Bakıda Dövlət Statistika Komitəsinin yaxınlığında maşına mindirilərək DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb və orada onun daxili işlər naziri ilə bağlı paylaşımları təzyiq altında sildirilib. Bəxtiyar Hacıyev Azərbaycan Respublikası vətəndaşlığından imtina ilə bağlı Prezident Administrasiyasına ərizə ilə müraciət edib. Məsələ ilə bağlı nə DİN, nə də administrasiya hər hansı açıqlama verməyib.
Bu hadisə Hacıyevin başına gələn ilk belə hal deyil. Cari il aprelin 21-də Bəxtiyar Hacıyev oğurlanması barədə paylaşım edib. Həmin hadisə zamanı da Hacıyev onu oğurlayan şəxslərin Daxili İşlər Nazirliyinin nümayəndələri olduğunu, yazdığı tənqidi postlara görə təhdid edildiyini bildirib. Bu hadisədən sonra Daxili işlər Nazirliyi dərhal reaksiya verib, hətta daxili işlər naziri Vilayət Eyvazov ictimai fəalı şəxsən qəbul edərək məsələnnin araşdırılacağını və günahkarların cəzalandırılacağını bildirib.
Amma bu iş ilə bağlı hələlik bir şəxsin tutulması barədə DİN açıqlama yaymayıb.
Bəs? görəsən, Bəxtiyar Hacıyevin təbirincə desək onun oğurlanmasının arxasında nə durur?
Azərbaycan MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, ekspert Ərəstun Oruclu bildirir ki, ictimai fəalın onun iddia etdiyi kimi DİN əməkdaşları tərəfindən qeyri qanuni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması DİN orqanlarında kriminallaşma prosesinin getməsindən xəbər verir.
"İstər Daxili İşlər Nazirliyi, istərsə də Prokurorluq özünü kriminal dəstə statusunda hiss edir. Məqsəd insanları qorxutmaqdır. Həmin struktura rəhbərlik edənlər barədə mənfi bilgilər ictimailəşməsin deyə insanları qorxudurlar. Prezidentə yazılan tənqidə cavab verməyən güc strukturu öz rəhbərlərinə edilən tənqidə dərhal reaksiya verirlər", - o bildirdi.
Oruclunun fikrincə, Bəxtiyar Hacıyevin vətəndaşlıqdan imtinası qəbul olunarsa bu, ölkənin imicinə mənfi təsir edəcək.
Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru Namizəd Səfərovun sözlərinə görə, eyni hadisənin təkrarlanma səbəbi Bəxtiyar Hacıyevi susdurmaq istəyidir.
"Bəxtiyar Hacıyev yazılarında bilavasitə Vilayət Eyvazovun da adını çəkir. Bu da DİN-in xoşuna gəlmir. Onlar tənqidi postları da sevmir. Bəxtiyar Hacıyevi susdurana kimi bunu təkrarlaya bilərlər. Dəfələrlə, Azərbaycanda ictimai fəallar oğurlanaraq döyülüb", - o əlavə edib.
"Bəxtiyar Hacıyev yazılarında bilavasitə Vilayət Eyvazovun da adını çəkir. Bu da DİN-in xoşuna gəlmir. Onlar tənqidi postları da sevmir. Bəxtiyar Hacıyevi susdurana kimi bunu təkrarlaya bilərlər. Dəfələrlə, Azərbaycanda ictimai fəallar oğurlanaraq döyülüb", - o əlavə edib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, deputat Aydın Mirzəzadə Bəxtiyar Hacıyevi DİN əməkdaşlarının oğurlaması iddiasını qəbul etmir.
"DİN-in ona sualları ola bilər, ictimai asayişi qorumaq bu Nazirliyin vəzifəsi olduğu üçün hər hansı məsələ barədə vətəndaşı bölməyə dəvət edə bilər. Burada qeyri-adi heç nə görmürəm. Biz demokratik ölkəyik, Bəxtiyar Hacıyevin iddia etmək hüququ var. Heç kim onu hakimiyyət ilə eyni düşüncədə olmağa məcbur edə bilməz. Onun özünəməxsus, müxalif mövqeyi var. Bunları düşünəndə Bəxtiyar Hacıyevin paylaşımlarını təzyiq altında silməsi qətiyyən inandırıcı deyil", - millət vəkili deyib.
Belə halda Daxili İşlər Nazirliyi niyə bu iddia barədə rəsmi açıqlama vermir sualına cavabında isə Mirzəzadə bildirib ki, DİN-in məsələ ilə bağlı yəqin ki, bəyanatı olacaq.
Amma Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, məsələyə münasibət bildirmək istəmirlər.
Bu arada ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevlə bağlı baş verənləri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
"Biz Azərbaycanda konstitusion hüquqlarından istifadə edən vətəndaşlara qarşı zorakılıq, o cümlədən hücumlar və digər təzyiq formalarından dərin narahatıq. Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq", sözçü Turan Xəbər Agentliyinə bildirib.
İSTİQAMƏT:5.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
QEYD:Yazı Medianın İnkişafı Agentliyi dəstəyi çərçivəsinə hazırlanıb.

Ləman Qasımova
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























