Azərbaycanda təzyiqlərə məruz qalan siyasi fəal və jurnalistin sayı açıqlanıb

2022-ci ilin 8 ayı ərzində 19 hal üzrə siyasi fəallar, vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar, bloqqer və jurnalistlər hüquq-mühafizə orqanlarının siyasi motivli təqibinə məruz qalaraq, saxlanılıb və ya polis idarələrinə aparılaraq hədə-qorxuya məruz qalıblar. Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) açıqlama yayıb.
SMDT istintaq orqanlarının laqeyd və qeyri-peşəkar yanaşmasını qınayaraq bildirib ki, ictimai fəallar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərə qarşı təzyiq hallarının qarşısının alınmaması, o cümlədən baş vermiş zorakılıq hallarının obyektiv şəkildə araşdırılmaması hökumətin öz tənqidçilərinə qarşı barışmaz siyasi münasibətinin göstəricisidir.
SMDT bildirir ki, Azərbaycanda vətəndaşların ifadə, sərbəst toplaşma, ədalətli araşdırma və işgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüquqları həm ölkə Konstitusiyası, həm də Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq insan hüquqları sənədləri, o cümlədən, Avropa İnsan Hüquq və Azadlıqları üzrə Konvensiyası və Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt ilə qorunmalıdır.
Açıqlamada bildirilir ki, Avropa Birliyi Azərbaycanla 2022-ci ilin mayında imzalanan ‘Hərəkət planı’nın icrasında və Azərbaycanla imzalanması gözlənilən Geniş və starteji əməkdaşlıq sənədində insan hüquqlarının effektiv müdafiəsinə diqqət yetirməli və siyasi təzyiq hallarına həssas yanaşma sərgiləməlidir.
"Avropa Şurasının Parlament Assambleyası "Azərbaycanda jurnalistlər və hüquq müdafiəçilərinin təhlükəsizliyinə dair” hazırladığı hesabatda yuxarıda sadalanan hallara diqqət ayırmalı, Avropa Şurasının Baş katibi və Nazirlər Komitəsi Azərbaycanda Avropa İnsan hüquqları Məhkəməsinin qərarlarının icrasına xüsusi diqqət yetirməldir”, - bəyanatda deyilir.
Saxlanılan İctimai fəal Bəxtiyar Hacıyev il ərzində 3 dəfə (8 mart, 21 aprel və 22 avqust
tarixlərində) saxlanılıb və bu zaman alçaldıcı rəftara, fiziki və psixoloji təzyiqlərə məruz qalıb.
Bəxtiyar Hacıyevi sonuncu dəfə - avqustun 22-də mülki geyimli şəxslər saxlayaraq, məcburi
şəkildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.
Hacıyev bildirib ki, idarədə ondan sosial media hesabları vasitəsilə Daxili İşlər Nazirliyinə
yönəlmiş tənqidləri dayandırmaq tələb olunub.
Martın 28-də isə ictimai fəal, Meclis.info portalının təsisçisi İmran Əliyevi küçədə mülki
geyimli şəxslər saxlayaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə
aparıblar. Əliyev 20 saata yaxın dindirilib, ictimai fəaliyyəti barədə sorğu-sual olunub, bu vaxt
ərzində isə onun saxlanma yeri yaxınlarına bildirilməyib.
Fevralın 17-də ‘Müdafiə Xətti’ təşkilatının təmsilçiləri Rüfət Səfərov və Zaur
Əkbər onlara daxil olmuş şikayəti araşdırarkən, zorla saxlanılaraq polis bölməsinə aparılıblar.
Hər iki şəxs polis bölməsində fiziki və psixoloji təzyiqlərə, təhqirlərə məruz qaldığını bildirib.
Bəyanata hələlik, Azərbaycan hökuməti münasibət bildirməyib. Ancaq hökumət bir qayda olaraq təşkilatların bu kimi tənqidlərini qəbul etmir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























