Zərərçəkən cinayət işinin Nəsimi prokurorluğundan alınmasını istəyir

Mərhum tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevin vəkili Səməd Vəkilov baş prokuror Zakir Qaralova müraciət edib. “Media forum” saytına açıqlamasında vəkil deyib ki, müraciəti vacib edən səbəb Nəsimi Rayon Prokurorluğunda işin istintaqını aparan müstəntiq Ələkbər Rzayevin həkimlərin əməlini ört-basdır edən fəaliyyətidir: “Heç cür anlamaq olmur ki, prezident İlham Əliyevin, baş prokuror Zakir Qralaovun nəzarətində olan və bu boyda ictimailəşmiş bir cinayət işinin istintaqını aparan müstəntiq heç nədən çəkinmədən vəsatətləri təmin etməsin, həkimlərin iş materialına təqdim etdikləri saxta sənədləri bilə-bilə qəbul etsin və onların məsuliyyətdən qurtarmasına yardımçı olsun. Görünür, bizim hələ aşkara çıxara bilmədiyimiz hansısa qüvvələr ciddi fəaliyyət göstərirlər ki, Elnarə Tofiqqızının ölümünün səbəbkarları məsuliyyətdən qurtarsınlar”.Səməd Vəkilov qeyd edib ki, baş prokuror Zakir Qaralova cinayət işinin Nəsimi Rayon Prokurorluğundan alınması üçün müraciət edib: “Nəsimi prokurorluğuna zərərçəkmiş tərəfdən bir sıra vəsatətlər verilsə də, müstəntiq Ələkbər Rzayev bunları araşdırmayıb. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 206-cı maddəsinə əsasən, KİV-də törədilmiş və ya hazırlanan cinayətlər haqqında verilmiş məlumatların cinayət təqibi orqanlarına göndərilməsi nəzərdə tutulub. Elnarə Niftəliyevanın ölümünə səbəb olmuş cərrahi əməliyyatın əsas iştirakçısı olan həkimlər Mahir Məmmədov, Fərəculla İdrisov, Firuz İbrahimov mətbuatda istintaqa verdikləri ifadələrlə ziddiyyət təşkil edən açıqlamalar veriblər. Həmin yazılar cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmi şəkildə istintaqa təqdim edilsə də, müstəntiq Ələkbər Rzayev bu sənədləri araşdırmayıb.Həkim Fərəculla İdrisovun əməlində dələduzluq cinayətinin tərkibi olması barədə verilmiş vəsatət də araşdırılmadan qalıb. Halbuki bu vəsatətin təmini ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubov şəxsən göstəriş vermişdi.Müvəkkili olduğum Anar Niftəliyev 31 mart 2014-cü ildə təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət verdi. Müstəntiq bu vəsatəti də araşdırmadı və təmin etmədi. Eyni zamanda, rəsmi şəkildə istintaqa təqdim etdiyimiz müstəqil həkim ekspert rəyi də müstəntiq tərəfindən araşdırılmadı”.Səməd Vəkilov bildirib ki, qanunvericiliyə görə, zərərçəkənlə müstəntiq “eyni tərəfdə” durmalıdır: “Ancaq Ələkbər Rzayev özünü həkimlərin vəkili kimi aparır. Cinayət-prosessual qanunvericiliyi ilə zərərçəkmiş tərəf prosessual statusuna görə müstəntiqlə eyni tərəf hesab olunsa da, Ələkbər Rzayev ittiham tərəfinin mövqeyini araşdırmaqda maraqlı olmayıb. Nəticədə istintaqın obyektiv qənaətə gəlməsinə mane olub”.Bakı Slavyan Universitetinin dekanı, 1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra Elnarə Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, Elnarə Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























