25 nömrəli məktəbdə müəllim şagirdlərə şiddət göstərir- İDDİA- Şikayət - YENİLƏNİB

Sosial şəbəkələrdə 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən yayılan məlumatla əlaqədar müvafiq araşdırma aparılıb, müəllimdən izahat alınıb.
Məktəbdən verilən xəbərə görə, müəllim izahatında bildirib ki, uşaqlara psixoloji təzyiq göstərməyib, şagirdlərin dərsə məsuliyyət hissini artırmaq üçün onları tənbeh edib. Digər məqamlar barədə məlumatların (şagirdlərin sanitar qovşağa buraxılmaması, onlarla kobud rəftar olunması) həqiqətəuyğun olmadığını bildirib.
Məktəb rəhbərliyi tərəfindən sinifdə təhsil alan şagirdlərin valideynləri məktəbə dəvət olunub və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı formada təsdiqləyiblər.
Məktəb rəhbərliyi tərəfindən uşaqlara fərdi yanaşmadığına, onların yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə görə müəllimə intizam tənbeh tədbiri kimi töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilib
----
Xətai Rayon ərazisində yerləşən 25 nömrəli məktəbdə müəllimlərdən biri şagirdlərə qarşı psixoloji şiddət göstərib. Bu barədə valideynlərdən biri olan Pərvanə Rasim öz feysbuk hesabında yazıb.
"Bu körpələrin "günahı" ev tapşırığının nə olduğunu bilmədiklərinə görə yazmamaları olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək, digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər. Normalda uşaqlar təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermir”, - valideyn bildirib.
Pərvanə Rasim qeyd edib ki, dəfələrlə məktəb rəhbərliyinə, nazirliyə müraciət etsə də, bir nəticəsi olmayıb.
"Məsələ ilə bağlı dəfələrlə yazılı və şifahi şəkildə Təhsil Nazirliyinə , Cəsarət Valehova müraciət etsəm də heç bir reaksiya almadım. Sonra mənim xəbərim olmadan uşağı sinifdən çıxarıb həmin bu Səidə Hüseynovanın qrupuna qoyublar. Necə deyərlər yağışdan çıxıb yağmura düşdük. Deyəcəksiniz onlayn sistemə necə valideynin xəbəri olmadan müdaxilə ola bilər? Ancaq mümkünmüş”, - valideyn deyib.
Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov statusa cavab olaraq bildirib ki, nazirlik məsələnin həlli ilə məşğul olacaq.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, hazırda Elm və Təhsil nazirliyinin Azərbaycanın orta məktəblərinə nəzarəti çox aşağı səviyyədədir. Belə halların olmasına səbəb isə nazirliyin məktəblərə nəzarəti təşkil etməməsidir.
"Orta məktəblərə ictimai nəzarət olmadığı üçün məktəb direktorları və müəllimləri şagirdlərə psixoloji və fiziki şiddət göstərməkdən çəkinmirlər. Bütün hallarda, cəza vasitələrindən istifadə yolverilməzdir”, - ekspert bildirib.
Kamran Əsədov hesab edir ki, bu halların qarşısının alınması üçün məktəblərə valideynlərin, ictimaiyyət nümayəndələrinin mütəmadi daxil olmalarına icazə verilməlidir. Bundan əlavə, məktəblərdə valideynlərin dərs prosesesini izləmələri üçün kameralar quraşdırılmalıdır.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























