Ötən il meşəbərpa tədbirləri 8.6% azalıb - RƏSMİ

2022-ci ildə Meşələrin İnkişafı Xidməti tərəfindən 8524 hektar sahədə meşəbərpa tədbirləri görülüb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8.6% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Belə ki, 797 hektar sahədə meşə əkinləri, 565 hektar sahədə meşə səpinləri işləri aparılmış, 5 hektar sahədə meşə-bağlar, 7 hektar sahədə tez böyüyən ağac cinslərindən ibarət sənaye əhəmiyyətli plantasiyalar salınmış və 7150 hektar sahədə təbii bərpaya kömək göstərilib. Ümumilikdə, xidmət göstərilmiş meşə əkinlərinin, səpinlərinin və meşə-bağlarının sahəsi 14830,3 hektar təşkil edib.
Toxmacar və cavan bitki şitilləri yetişdirmək məqsədilə 15,1 hektar sahəyə toxumlar səpilmiş, çilik kökləndirməsi məqsədilə 1,9 hektar sahəyə 112 min ədəd çilik basdırılıb.
2022-ci ildə meşə fondu sahələrindən 87,5 ton və ya əvvəlki illə müqayisədə 1,9 dəfə çox meyvə, meşə-ağac və kol cinslərinin toxumları tədarük edilib ki, bunların da 2,0 tonu qoz, 0,6 tonu digər meyvə ağaclarının, 73,8 tonu palıd, 11,1 tonu isə digər meşə ağacları və kol cinsləri toxumlarının payına düşüb.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov 2022-ci ilin oktyabrında açıqladığı rəqəmlərə görə təkcə payız mövsümündə meşə fondu torpaqlarının açıq və seyrək ərazilərinin ümumilikdə 74 hektar sahəsində 42246 ədəd ağac tingi əkilib, 4358 kiloqram toxum səpilib.
O həmçinin qeyd edib ki, Qəbələ, Quba, Bərdə, Şabran, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Ağcabədi və Sabirabad rayonlarının meşə ərazilərinin 29 hektar sahəsində 22 246 ədəd ağac tingi əkilib, 1 358 kiloqram toxum səpilib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























