İctimai fəal Bəxtiyar Hacıyev aclığı davam etdirir- VƏKİL

Fevralın 21-də İctimai fəal Bəxtiyar Hacıyev su qəbuluna başlayıb. Lakin o, aclığı davam etdirir. Bu barədə vəkil Rövşanə Rəhimli Penitensiar Xidmətin Müalicə müəssisəsində Hacıyevlə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyevin səhhəti ağır vəziyyətdədir. Fevralın 16-da su qəbulundan da imtina edib, nəticədə onun vəziyyəti kəskin pisləşib. Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan ictimai fəalın vəkilləri fevralın 21-də onunla orada görüşüb.
"Çox ağır vəziyyətdədir. Təzyiqi kəskin düşüb, qanda şəkər azalıb. Çətinliklə hərəkət edir. Ona hərtərəfli izah etdik, dostlarının, ona görə narahat olan başqa insanların da durumunu çatdırdıq. Su içməyə razı sala bildik”, – vəkil Rövşanə Rəhimli bildirib.
Fevralın 20-də Bakı Apelyasiya Məhkəməsi Bəxtiyar Hacıyev barəsində ev dustaqlığıyla bağlı şikayəti təmin etməyib. Buna baxmayaraq, vəkillər bu istiqamətdə hüquqi addımları dayandırmaq niyyətində deyil.
Öz növbəsində Penitensiar Xidmətdən vəkilin dedikləri ilə bağlı şərh almaq mümkün olmayıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib
Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib.
Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə "Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.
Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.
İctimai fəal fevralın 16-dan sudan da imtina etdiyini açıqlayıb.
Bəxtiyar Hacıyev artıq 44 gündür ki, aclıq aksiyası keçirir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























