İçərişəhərdə "Meydan bazarı" olacaq

Novruz bayramı münasibətilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə İçərişəhərdə möhtəşəm festival keçiriləcək. İdarədən ANS PRESS-ə verilən məlumata görə, İçərişəhərdə martın 20-dən 23-nə kimi I Beynəlxalq Novruz Festivalının keçirilməsi nəzərdə tutulub. Keçən illərdən fərqli olaraq, bu il Novruz bayramı şənliklərində Azərbaycanla yanaşı, bu bayramı qeyd edən səkkiz ölkənin - Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri də iştirak edəcək.Dörd gün davam edəcək bayram festivalı günlərində Qoşa Qala Qapısı meydanında "Meydan bazarı" təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi "Meydan bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları və suvenirlər sərgilənəcək.Novruz bayramı şənliklərində bir-birindən maraqlı çoxsayda tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Hər gün səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq.Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndiriləcək. Bununla yanaşı, festival çərçivəsində hər gün Qız Qalası meydanında pantomima ustaları, Əliağa Vahid meydanında isə "Muğam üçlüyü" çıxış edəcək.Böyük Qala küçəsi, 19 ünvanında yerləşən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində onun tələbələrinin yaradıcılıq sərgisi keçiriləcək. Eyni zamanda, bayram günlərində Kiçik Qala küçəsi 13 ünvanında yerləşən "İncəsənət Qalası"nın qarşısında həmin Mərkəzin uşaqlar üçün yaradılmış xüsusi proqramı çərçivəsində "master-klass" təşkil olunacaq.Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, 20-21 mart tarixlərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da "Nağıl şəhərciyi" adlı Novruz şənliyi keçiriləcək. Rəngarəng konsert proqramı təşkil olunacaq, uşaqlar poni və uzunqulaqla gəzəcək, nağıl obrazları ilə canlı ünsiyyətdə olacaqlar. Eyni zamanda, qonaqlar milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumaq kimi tədbirlərdə iştirak edə biləcəklər."Qala" Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də İçərişəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək."İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bol ruzi, firavan həyat, gözəl bayram ovqatı arzulayır və hamını bayram günlərini bizimlə unudulmaz keçirməyə - möhtəşəm Novruz bayramı şənliklərində iştirak etməyə dəvət edir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























