Vətəndaşlığı olmayan şəxs Azərbaycanda hansı şərtlərlə işləyə bilər?

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər.
İşəgötürənlər işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar.
Hüquq məsləhətçisi Gülşən Həsənovanın sözlərinə görə, əcnəbilərə fərdi icazələr Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin rəyi nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.
"Fərdi icazə ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə tələb olunan sənədlər haqqında məlumatları rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. Nazirlik 5 iş günü müddətində daxil olmuş məlumatlara baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə rəy verir. Nazirlik tərəfindən həmin müddət ərzində rəyin bildirilməməsi fərdi icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. Fərdi icazənin verilməsi və ya bundan imtina olunması barədə müvafiq qərar Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilir”, - o deyib.
Hüquqşünasın bildirir ki, iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir.
"İş icazəsi almaq üçün işəgötürən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu, nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandırmalıdır. Həmçinin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) daşıyıcısı olmaması mütləqdir”, - Həsənova vurğulayıb.
İş icazəsi xarici vətəndaşın konkret bir sahədə işləməsi üçün verilir və bir iş icazəsi ilə əcnəbi işçi yalnız bir müəssisədə işləyə bilər. İş icazəsi 1 il müddətinə verilir və həmin icazənin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. İnzibati Xətalat Məcəlləsinin 578.1-ci maddəsinə əsasən İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanılmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, işəgötürən bu barədə 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Məlumatın vaxtında verilməməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, şəxsə verilmiş iş icazəsi öz qüvvəsini itirir. Əmək müqaviləsi vaxtından əvvəl pozulduqda və əməkçi miqrantın Azərbaycan Respublikasında qalması üçün başqa əsas olmadıqda, o, 10 iş günü müddətində Azərbaycan Respublikasının ərazisini tərk etməlidir. Əməkçi miqrantların əmək fəaliyyəti ilə bağlı Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























