Azərbaycan bal idxalını artırıb, yerli istehsalçılar narazıdır

2023-cü ilin yanvarında Azərbaycana 35,55 min ABŞ dolları dəyərində 8,24 ton təbii bal idxal edilib. Bu, 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər olaraq 8,7 faiz, həcm ifadəsində isə 5,8 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
2022-ci ildə Azərbaycanda 7 min 445,9 ton bal istehsal edilib. 2021-ci ildə isə bu rəqəm 6 min 802 ton olub. Beləliklə, 2021-ci illə müqayisədə bal istehsalı 9,5% artıb.
Bal istehsalçısı olan Elvin Bayramlı bildirir ki, bal idxalının məhdudlaşdırılması yerli istehsalı stimullaşdıra və keyfiyyəti daha da yaxşılaşdıra bilər.
"Hər il bazara çıxarılan məhsulun ən azı 20-30 faizi əldə qalır. Azərbaycana hər il saxta və ucuz qiymətə olan ballar gəlir. Bu məsələlərə baxmaq üçün Qida Təhlükəsizliyi İnstitutu var. Amma bu yoxlama məsələləri qida sektorunda hələ də oturuşmayıb. Rusiyadan, İrandan keyfiyyətsiz bal məhsullarını gətirir, reklam edib satırlar. İnsanlar da asanlıqla buna inanırlar. Biz bununla bağlı dəfələrlə müraciət etmişik. Məncə bu sahəyə dəstək vermək üçün ilk növbədə idxala qadağa qoymaq lazımdır. Bu addım növbəti beş il ərzində arıçılığa güclü təkan verə bilər. Bunun nəticəsində ixrac artacaq. Dövlətin və bank sektorunun dəstəyi ilə böyük təsərrüfatların sayı artırılmalıdır ki, kiçik təsərrüfatlar orta təsərrüfatların yerini tutsun”, - istehsalçısı deyib.
Kənd Təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmmli arıçılıq sahəsində əsas problemlərdən birinin yemlə bağlı olduğunu düşünür.
"Arıçılıqla məşğul olan fermerlərin
kifayət qədər çox problemi var. Ən əsas problemlərdən biri də yemlə əlaqədardır.
Problemin kökündə xaricdən ucuz balın gətirilməsi dayanmır. Xaricdən gətirilən
balların hamısına keyfiyyətsiz demək düzgün deyil. Çünki qonşu ölkələrdə bu sahə
ciddi nəzarət olunan sahələrdən hesab olunur. Regiondakı ölkələr içərisində balın
maya dəyəri ən yüksək olan ölkə Azərbaycandır. Bununda səbəbi yem bazasının zəif
olması və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmamasıdır. Bunun
digər səbəbi Azərbaycanda meşə ərazilərinin az olması və kimyəvi maddələrdən
istifadə olunmasıdır. Son vaxtlar arı ailələrinin sayı bizdə xeyli artıb, amma
yer bazası bizdə çox zəifdir. Digər səbəblər isə forsmajor hadisələrlə
bağlıdır. Dolu yağması, intensiv yağışlar arıya hərəkət etməyə imkan vermir və
nəticədə də arı bal toplaya bilmir. Ona görə də burada fermeri qınamaq düzgün
deyil. Burada hökumətin üzərinə düşən müəyyən vəzifələr var. İlk növbədə meşə əraziləri
genişləndirilməlidir. Daha sonra əkinçilikdə zəhərli maddələrdən istifadəni
azaltmaq lazımdır. Əgər biz bitkinin immun sistemini möhkəmlətsək, bitki normal
inkişaf edər və zərərvericilərə qarşı da özü davam gətirər. Məncə bu məsələlərlə
yanaşı dövlət bir sıra kompleks tədbirlər də həyata keçirməlidir”, - ekspert bildirib.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydası”na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiya müəyyən edilib ki, bu da arıçılığın inkişafını stimullaşdırıb, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsinə şərait yaradıb, bu sahədəki potensialdan istifadə imkanlarını genişləndirib. Belə ki, 2018-ci illə müqayisədə 2022-ci ildə arı ailələrinin sayı 1,3 dəfə, bal istehsalı isə 1,5 dəfə artıb. Ümumiyyətlə, "Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi dövrdən sonrakı 14 ildə bal istehsalı 5,3 dəfə, arı ailələrinin sayı 4,6 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 19,9-dək yüksəlib.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























