Nazim Bəydəmirli 4 ay müddətinə həbs olunub

Bakı şəhəri Nərimanov rayon məhkəməsi 2023-cü il iyulun 5-də Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
Keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
DİN Mətbuat Xidmətinin yaydığı məlumata görə, polis orqanlarına adının açıqlanmadığı vətəndaş tərəfindən ərizə daxil olub.
"Həmin ərizəyə görə, Nazim Bəydəmirli vətəndaşdan 50 min manat pul tələb edib və əks halda onun barəsində rüsvayedici görüntülər yayacağını bildirib. Şikayətçi cari il iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə bağlı rüsvayedici görüntülər yayacağı ilə hədələyib", - DİN mətbuat xidmətinin açıqlamasında bildirilib.
Nazim Bəydəmirlinin vəkili Aqil Lahıc isə ittihamlar ilə razılaşmır və məhkəmənin bu günkü qərarından appelyasiya şikayəti edəcəyini bildirib.
Onun fikrincə, Nazim Bəydəmirlinin həbsi Söyüdlü kəndindəki etirazlarla bağlı ola bilər.
"Nazim Bəydəmirli ittihamları rədd etdi və bildirdi ki, onu Gədəbəy rayonunun Söyüdlü kəndindəki ekoloji etirazlarla bağlı həbs ediblər. Sabah qərardan apellyasiya şikayəti verəcəyik” , - vəkil bildirib.
Milli Məclisin iyunun 23-də keçirilən iclasında millət vəkili Elman Nəsirov da Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən etirazların təşkilatçılarından birinin Nazim Bəydəmirli olduğunu bildirib.
"Birdən-birə heçnə baş vermir. Proseslər idarə olunur. Baş verən hadisənin təşkilatçıları arasında Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmovun və keçmiş deputat Nazim Məmmədovun adı çəkilir. Məqsədyönlü və planlı şəkildə təxribatın əsası qoyulub. Nəticədə Azərbaycan polisinə qarşı sosial şəbəkələrdə təhqirlər səsləndirilir”, - deputat iyunun 23-də Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
İyunun 20-si günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə etiraz edərək mane olmağa çalışıb. Nəticədə polislərlə sakinlər arasında qarşıdurma yaşanıb. Kənd sakinləri süni yaradılan gölün regionun ekoloji durumuna təhlükə yaratdığını iddia ediblər. Polislə qarşıdurma zamanı bir qism kənd sakini saxlanılıb. Qarşıdurmanın videosundan polisin aksiyada iştirak edən qadınlara şiddət göstərdiyi görünür.
Bu hadisədən sonra baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirilib ki, kənddə monitorinqlərin keçirilməsi davam edir.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirilib ki, kənddə monitorinqlərin keçirilməsi davam edir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























