Arazdəyəndə tikilən zavodun təhlükələri - EKOLOQ

Ermənistanın Arazdəyəndə tikdiyi metallurgiya zavodu Araz çayına ziyan vermədən də fəaliyyət göstərə bilər. Bunu Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov deyib.
Onun sözlərinə görə, zavodun ətraf mühitə ziyan vermədən fəaliyyət göstərməsi üçün müasir texnologiyalar var.
"Tikilən yeni zavod Araz çayına ziyan vermədən də fəaliyyət göstərə bilər. Müasir texnologiyalar var ki, onların vasitəsi ilə artıq sioniddən istifadə olunmur. Amma bu texnologiyalar kifayət qədər bahadır. Hər bir halda bütün bunlar Azərbaycan tərəfi ilə məsləhətləşdirilməlidir. Çünki, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi Azərbaycan tərəfindən razılaşdırılmamış qəbul oluna bilməz. Bu barədə Beynəlxalq konvensiya var və hər iki ölkə bu konvensiyaya qoşulub. Ona görə Ermənistan bu məsələdə Azərbaycanla razılığa gəlməlidir. Razılıq əldə olunarsa Azərbaycan tərəfi sionidsiz istehsal barədə qarşı tərəfə təklif göndərə və özü də burada iştirak edə bilər. Ümumiyyətlə Naxçıvan ərazisində mineral bulaqların çox olmasına baxmayaraq, suyun ümumi kəmiyyəti çox aşağıdır. Xüsusilədə Naxçıvanın dağlıq əraziləri və Araz çayından aralıda yerləşən bölgələri su qıtlığından əziyyət çəkirlər. İndiki halda da Arazboyu ərazilərdə suyun o səviyyədə çirklənməsi ona gətirib çıxacaq ki, əsas su mənbəyi sıradan çıxacaq. Heç bir halda suyun o səviyyədə çirklənməsinə yol verilməməlidir. Burda söhbət təkcə insanların su ehtiyacını ödəməsindən getmir, həm də Araz cayı ekosisteminin qorunmasından gedir. Araz çayı həm də çox qiymətli balıq mənbəyidir. Bu çirklənmə nəticəsində həmin balıqlar da məhv ola bilərlər", - ekoloq bildirib.
Ekoloq əlavə edib ki, yeni tikilən zavod Ermənistanın özü üçündə zərərli olacaq.
Ekoloq Qormaz İbrahimli isə bildirir ki, bu ərazidə hava və su çirklənərsə, ətrafda olan bütün ölkələrə ciddi ziyan dəyə bilər.
"Ümumiyyətlə bir ölkənin sərhəddinə
yaxın yerdə çevrəyə zərər verə biləcək bir zavodun tikilməsini mütləq qarşı tərəflə
məsləhətləşmək lazımdır. Bu beynəlxalq hüquqda belədir. Bu tikilən metallurgiya
zavodunun təbii ki, vurduğu zərərlər olacaq. İstər metalın qazıntısı və ərintisi
zamanı, istərsə də oradan çıxan tullantıların Araz çayına axıdılması zamanı ciddi
problemlər yaranacaq. Digər tərəfdən də torpaq və hava çirklənəcək. Hər nə qədər
ekoloji təmiz fabriklərdən danşsalar da bu keçərli deyil. Oradan axıdılan çirkab suları Araz çayına yetişərsə,
bu Xəzər dənizinə qədər hər yerdə öz zərərini göstərə bilər. Orada yaşayan
insanlar min illərdir ki, Araz boyu həmin yerlərdə məskunlaşıblar. Həmin insanlar
da tarix boyu suvarmada, əkinçilikdə və heyvandarlıqda bu çaydan istifadə ediblər.
Burada ikinci alternativ su mənbəyi tapmaq mümkün deyil və axtarmağa da mən
ehtiyac görmürəm. Nədənsə İran hələ də buna münasibət göstərməyib. Hər-halda
hava su çirklənərsə, ətrafda olan bütün ölkələrə və onların vətəndaşlarına
ciddi şəkildə zərər dəyə bilər. Bu zavodun tikilməsi nəticəsində Araz çayının
çirklənməsi bir ehtimal deyil, təbii olaraq çirklənmə prosesi baş verəcək”, -
İbrahimli vurğulayıb.
Ekologiya və təbii sərvərlər nazirinin müşaviri Rasim Səttarzadə qeyd edib ki, Finlandiyanın Espo şəhərində imzalanmış "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olsa, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır.
"Ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir", - Səttarzadə deyib.
Ermənistan Naxçıvan və Türkiyə ilə yaxın ərazidə - tarixi Azərbaycan torpağı olan Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. 16 500 kvadratmetr ərazini əhatə edəcək zavodun illik istehsal gücü 180 000 ton olacaq.
Zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxara bilər. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin narazılığına səbəb olub.
Zavodun inşası Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn "Şir Arxı”nın suyundan istifadə edilir.
Eltac Nnurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























