• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda işsizlik səviyyəsi açıqlanıb

Azərbaycanda işsizlik səviyyəsi açıqlanıb
14.07.2023 18:50
Bu il iyulun 1-ə olan məlumata görə Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 247 min 430 nəfər olub, onların 33,3 faizini qadınlar təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
İşsiz statusu verilən şəxslərin sayı son 1 ayda 2 min 708 nəfər azalıb.

İşsizliyə görə müavinətin orta məbləği isə 4 manat 90 qəpik artaraq 407,5 manat olub. Müavinat alanların sayı isə 109 nəfər artaraq 2 min 568 nəfər olub.
 
İşsiz kimi qeydə alınan şəxslərin 1/5-i - 49 min 800 nəfəri Bakı şəhərinin payına düşür.

Bakı şəhərindən sonra ən çox işsiz Ağdam rayonunda qeydə alınıb – 10 min 749 nəfər.
 
İşsizliyin çox olduğu şəhərlərdən biri Şəkidir. Belə ki Şəki şəhəri üzrə işsiz olaraq qeydiyyata alınanların sayı 4394 nəfərdir.
 
Millət vəkili Vüqar İsgəndərov şəhərdə bu qədər işsizliyin səbəbini keçmişdən qalan kombinatların fəaliyyətinin dayandırması ilə əlaqələndirir.
 
"Şəki Qafqazın ən böyük taxılçılıq mərkəzi olmasına baxmayaraq, həm də sənaye şəhəridir. Şəki o dövr SSRİ-nin ikinci ən böyük ipək kombinatına sahib idi. Bu ipək kombinatında 7 mindən çox insan çalışırdı. Bu rəqəm ailə payına düşəndə şəhər əhalisinin mütləq əksəriyyəti bu sahə ilə məşğul olurdu. Bundan başqa Şəkidə digər istehsal müəssisələridə mövcud idi. SSRİ dağıldıqdan sonra bu müəssisələrin bir çoxu özəlləşdirildi. Öncə Şəki opək kombinatı tamamilə fəaliyyətini dayandırdı və Prezident Heyder Əliyevin göstərişi ilə yenidən fəaliyyətə başladı. Lakin kombinat əvvəlki qüvvə ilə işləmədi. İşçilərin sayı get-gedə aşağı düşdü. Çünki, Çin istehsalı olan ipək çox ucuz olduğu üçün, daha çox xarici ölkələrdə satılırdı. Digər çalışan kombinatların bir çoxu müəyyən şəxslər tərəfindən özəlləşdirildi və onların bir-ikisini çıxmaq şərti ilə hamısı bağlandı. Bu da işsizlərin sayının birbaşa artmasına gətirib çıxardı. Şəkidə yerli istehsalla bağlı olan sahə geniş inkişaf edib və bu sahədə də kifayət qədər insanlar çalışır. Amma bu böyük insan kütləsi əhatə etmədiyi üçün işsizlərin sayına mənfi təsir edir. Son illərdə prezidentin tağşırığı ilə yeni iş yerlərinin yaradılması üçün bir çox işlər görülüb. Kifayət qədər yeni müəssisələr yaradılıb. Bu həm kənt təsərrüfatı, həm də sənaye ilə bağlıdır. Amma bütün bunlara baxmayaraq, dünyanın hər yerində olduğu kimi, ölkəmizdədə bu sahədə problemlər var və bu sahədə bir çox işlər görülməlidir. Parlamentdə Şəki ilə bağlı bir çox vacib məsələlərin həlli üçün çıxışlar etmişəm və onların bir neçəsi də öz həllini tapıb”, - deputat deyib.
 
İşsizliyin çox olduğu şəhərlərdən biri də Mingəçevirdir. Bu şəhərdə hal-hazırda 3 minə yaxın işsiz şəxs qeydiyyatdadır.
 
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün şəhərə investisiya qoyulmalıdır.
 
"SSRİ dağıldıqdan sonra Mingəçevir şəhərində olan zavodlar fəaliyyətini dayandırdı. Onların da bərpası çox böyük bir vəsait tələb edir. Çünki, Mingəçevirdə ən kiçik zavodda təqribən 700 min nəfər insan işləyirdi və 40-a qədər təşkilat var idi. Bu zavodlar fəaliyyətini dayandırdıqdan sonra, əhali burada qaldı və böyük işsizlik problemi yaranmağa başladı. Şəhər yeni iqtisadi simasını tapmalıdır. Bu ağır məsələdir və bir deputatın, İcra başçısının, yaxud da Nazirin həll edə biləcəyi bir məsələ deyil. Mingəçeviri yenidən sənaye şəhərinə çevirmək üçün investisiya qoyulmalıdır. Amma, investisiyanın qoyulması da problemdir. Çünki, bizdə bazar iqtisadiyyatıdır və dövlət burada maksimum 2-3 zavod tikə bilər. Böyük biznes qurumlarını isə daha çox gəlir maraqlandırır. Onlar Bakı ətrafında bir neçə hektar ərazi alır və orada kiçik bir zavod tikərək öz məhsulunu Azərbayacana paylayır. Onun Bakıdan 300 km uzaqlıqda məhsul istehsal edib yenidən bakıya qaytarmağı inandırıcı deyil",  -  Mirzəzadə bildirib. 
 
Deputat böyük zavodlardansa şəhərdə bir neçə universitetin yerləşdirilməsini daha məqsədəuyğun hesab edir.
 
"Ola bilsin ki, yaxın gələcəkdə şəhərin əmək bazarının formatı dəyişdirilsin. Böyük zavodlardansa orada bir neçə universitet yerləşdirilə bilər. Mingəçevir Dövlət Universitetində o vaxtı cəmi 400 tələbəsi var idi. İndi isə 3500 tələbəsi var. Bu qədər tələbənin 500-ü mingəçevirli 3 mini isə kənardan gəlmə tələbələrdir. Həmin 3 min tələbə Mingəçevirə hər ay milyon yarım manat iri pul gətirir. Gələcəkdə xaricdəndə tələbələrin bu universitetə cəlb edilməsi nəzərdə tutulur. Mingəçevir eyni zamanda tibbi mərkəz kimi də fəaliyyət göstərir. Orada yeni xəstəxanaların tikilməsi, özəl tibbi mərkəzlərin fəaliyyət göstərməsi yeni iş yerlərinin yaranması üçün çox önəmlidir. Mingəçevirdə kiçik və orta biznesin genişləndirilməsi üçün də hal-hazırda müəyyən işlər görülür. Bu və ya digər sahədə hər il təxminən 1000-dək yeni iş yeri yaradılır. Amma buna baxmayaraq, görülən bu tədbirlər işsizliyin qarşısını almır.”, - deputat deyib.  
 
Azərbaycanda iş axtaranlar təkcə uyğun iş tapmaqdan şikayətlənmirlər, həm də yaş baryeri ilə üzləşməkdən narazıdırlar.
 
Nərmin Gözəlova adlı Feysbuk istifadəçisi öz hesabında yazır:
 
"Səni işə götürmürlər ki, 30 yaşında qocasan, 60 yaşında da pensiya vermirlər ki, hələ cavansan”.
 
Həsən Hüseynsoy adlı istifadəçi yazır:
 
"Mühafizə işi üçün müraciət etmişdim. Mənə bildirildi ki, sizin yaşınız 35-i keçdiyi üçün işə qəbul edə bilmirik. Başa düşmürəm ki, burada yaş məhdudiyyəti qoyulmasının səbəbi nədir?”.
 
Cavabsız qalan CV-lər
 
Biznesin təşkili və idarəolunması üzrə təhsil alsa da əmək fəaliyyətini kargüzarlıq üzrə davam etdirən Gülüstan Məmmədova deyir ki, üç aydır iş axtarışındadır və ən çətin məqam CV göndərmək və həmin CV-yə cavab almaqdır.
 
"Bir yerə müraciət edirsən, müsbət və ya mənfi cavab da vermirlər. Məsələn, mənim hansısa cəhətim xoşuna gəlmədisə, HR bunu emaildə yazıb göndərə bilər. Ancaq o zəhməti də özlərinə vermirlər. Versələr, mən də bilərəm ki, mənim hansı cəhətim xoşlarına gəlməyib, dolayısı ilə mən bu cəhəti özümdə inkişaf etdirərəm. Mən üç aydır iş axtarışındayam, bu az müddət deyil və əgər indiyədək məndə çatışmayan cəhətləri hansısa HR mənə desəydi, bu üç ayda bunun üzərində işləyə bilərdim".
 
İqtisadi təhlilçi Toğrul Vəliyevin sözlərinə görə, Azərbaycanda iş tapmaqla bağlı yaranmış çətinliklərin bəzisi təhsil sistemindən qaynaqlanır.
 
"Azərbaycanın təhsil sistemi bazarın imkanlarına, vəziyyətinə uyğunlaşmır. Bizdə elə sahələr var ki, oraya yüksək tələbat olmasa da çox insan təhsil alır. Elə sahələr də var ki, əksinə heç kim oxumur, ancaq ora tələbat yüksəkdir. Təəssüflər olsun ki, baxmayaraq ki, bununla bağlı strategiya qurulub, müzakirələr gedib, ancaq vəziyyət bazar imkanlarına hələ də uyğunlaşmayıb və bu uyğunlaşdırma aparılmadığına görə, problem hələ uzun müddət davam edəcək”, - təhlilçi deyib.
 
İqtisadçı Natiq Cəfərli bildirir ki, Azərbaycanda rəsmi işsizlik səviyyəsi yalnız statistik göstəricilər üçündür.
 
"İşsiz kimi qeydiyyat prosedurunu keçmək özü çətin bir iş tələb edir. Azərbaycanda işsizlik statusu almaq üçün xüsusi müraciət etməlisən. Məşğulluq idarəsinə getməlisən, ərizə yazamalısan, işsiz olmağını sübut etməlisən. Bizdə bu prosedur qəliz olduğu üçün rəsmi işsizlərin sayı azdır. Ölkədə rəsmi işsizlik rəqəmləri beş faiz civarındadır”, - Cəfərli vurğulayıb.
 
Əmək qanunvericiliyinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Digər sosial qruplar, məşğul, yəni işləyən hesab olunur.
 
İşsizlik müavinəti almaq üçün vətəndaş yaşadığı ərazi üzrə Məşğulluq İdarəsinə müraciət etməlidir.

Bu zaman aşağıdakı sənədlər təqdim olunmalıdır:

– Şəxsiyyəti təsdiq edən sənəd
– Əmək kitabçası
– Peşə və ya ixtisasını təsdiq edən sənəd
 
Həmin sənədləri şəxsən təqdim etdikdən sonra vətəndaş işaxtaran kimi qeydiyyata alınır.

İşaxtaran kimi qeydiyyata alınan vətəndaş sadalanan sənədləri təqdim etdiyi andan ona münasib iş təklif olunmadığı halda, Baş Məşğulluq İdarəsi və onun yerli orqanları 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir.
 
Qanunvericiliyə görə, işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əməkhaqqının 70%-i məbləğində müəyyən edilir.
İşsizin himayəsində 18 yaşına çatmamış uşağı olduqda işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10%-i məbləğində, lakin 50%-dən çox olmamaq şərti ilə artırılır.

Kimlər müavinət ala bilməz?
 
Əmək müqaviləsi müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar, sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər, qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər işsiz sayılmır.

Həmçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayandırılması və ya başqa səbəblərlə əlaqədar iş yerində müvəqqəti olmayanlar, ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ölkə hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan ölkə vətəndaşları işsizlik müavinəti ala bilməz.
 
Eltac Nurullazadə
 
 
 
 
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol