Valideynlər uşaqlarından niyə imtina edir? - SOSİOLOQLARDAN AÇIQLAMA

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Qanunvericiliyində valideynin övladdan imtina etməsi ilə bağlı hər hansı bir norma mövcud deyil. Belə olan halda valideynin övladdan imtina etməsi qeyri-mümkün olduğu üçün bunun proseduru da müəyyən edilməyib.
İyulun 6-sı Sumqayıt sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət etdikdən sonra, yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib.
Analoji hadisə 2018-ci ildə Binəqədi rayon Polis İdarəsinin ərazisində qeydə alınıb. Belə ki, Bakıda yeni doğulmuş qızını zibil qabına atan qadın saxlanılıb.
Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, valideynlərin uşaqlardan imtina etmə səbəblərindən biri kişilərin ailəyə yaxşı baxmamasıdır.
"Azərbaycanda bu hal bir neçə ildir ki, artıq özünü bir tendensiya kimi göstərir. Avropa ölkələrində və hətta Rusiyanın özündə belə bu halları nəzərə alaraq xüsusi qutular hazırlanır. Bilirlər ki, qadın uşaq dünyaya gətirəcək və küçəyə, zibilə atacaq və buna vəhşi küçə heyvanları zərər yetirə bilər. Ona görə də bunun üçün xüsusi qutular hazırlanır və valideynlər uşaqlarını o qutuya yerləşdirib gedirlər. Daha sonra isə dövlət tərəfindən həmin uşaqlar internata yerləşdirilir. Bu artıq Azərbaycanda da aktuallıq kəsb edir. Bizdə də artıq belə qutular quraşdırmağa ehtiyac var. Çünki insanlığa zidd olan bir neçə hadisə baş verir ki, bəzi dırnaq arası analar uşaqları doğulan kimi ya aparıb zibil qutusuna, ya da küçələrə atır. Bunun bir çox səbəbləri var. Səbəblədən biri arzuolunmaz hamiləlik məsələsidir. Bəzi qadınlar arzuolunmaz hamiləlikdən dolayı bu üsula əl atırlar. Elə zənn edirlər ki, bununla da uşaqlardan xilas olurlar. Lakin bu hadisənin mənəvi, psixoloji məsuliyyətini dərk etmirlər. İkinci məqam budur ki, bəzən cütlüklər evlənirlərkən kişi ailəyə, qadına yaxşı baxmır və kişi öz ailə normalarına uyğun rəftar etmir. Qadında buna görə uşağı dünyaya gətirir və atır. Düşünürəm ki, hər adam ailə qura bilməz. Belə adamlar ailə standarlarına, normalarına uyğun olmayaraq ailə qururlar. Bir növ cütləşməyi ailə hesab edirlər. Ancaq dərk etmirlər ki, ailə mənəvi,əxlaqi dəyərlərə əsaslanan, nəsil,şəcərəsini yaşatmağa hesablanmış, millətin genefomu olan bir institutdur və bu instituta hörmətlə yanaşmaq lazımdır. Demək bu cütlüklərin ailəyə psixoloji hazırlığı yoxdur", - o deyib.
Üzeyir Şəfiyev gənclərin ailə həyatı qurmamışdan öncə psixoloji testdən keçməli olduqlarını düşünür.
"Ümumiyyətlə bizdə artıq belə bir tendensiya özünü göstərir ki, ailə quran cütlüklər psixoloji testdən keçirilməsi məsələsi olsun. Bu artıq qanunvericilik səviyyəsində öz təsdiqini tapmaq səviyyəsindədir. Uşağını atan qadınların ən çox səsləndirdiyi fikir bu olur ki, mən tək uşağa baxa bilmirəm, kişi evə baxmır. Heç bir səbəb 9 ay körpəsini bətnində gəzdirən qadına bu haqqı tanımır ki, sən doğulan kimi körpəni köməksiz vəziyyətdə atasan küçəyə və gedəsən. Azərbaycan Respublikasının konstitusiyasında valideynlik hüquq var və təsbit olunur ki, valideyn hüququ uşağı 18 yaşına qədər böyütmək və onun bütün tələbatlarını ödəmək misiyası var. Bundan başqa əgər bunu yerinə yetirmirsənsə o zaman Azərbaycan Respublikasının ailə məcəlləsi var. Bu məcəllənin 60-cı maddəsinə görə valideynlik hüquqnunu yerinə yetirmirsənsə və uşağı təhlükəli, köməksiz vəziyyətdə qoyursansa bununlada o valideynlik hüququndan məhrum edilir. Bundan başqa cinayət məcəlləsinin 143-cü maddəsində birmənalı şəkildə uşağı köməksiz vəziyyətdə buraxıb ona təhlükəli vəziyyət yaradırsansa buda cinayət məsuliyyəti yaradır. Cinayət məcəlləsinin 121-ci maddəsinə görə, təzə doğulmuş körpəsini şəraitsiz yerdə buraxmaq köməksiz vəziyyətdə buraxaraq tərk etməyin 3 ildən artıq cəza məsuliyyəti var. Bu onun hüquqi tərəfidir. Təklif edirəm ki, orta və ali məktəblərdə ailə dərsləri tədris olunsun. Gənclərə ailə dəyərləri aşılansın. Başa salınsın ki, ailə təkcə seksual tələbatın ödənilməsindən ibarət deyil. Belə hallar olmasın deyə hesab edirəm ki, yeniyetmə və gənclərlə, o cümlədən ailə qurma ərəfəsində olan cütlüklərlə bir qədər psixoloji işlər aparmaq lazımdır", Şəfiyev vurğulayıb.
Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, bu problemin səbəbi Azərbaycanda ailə institutlarının işləməməsidir.
"Mən 20 ildir həyəcan təbili çalıram ki, bizim cəmiyyət dünyanın hər yanında olduğu kimi get-gedə mürəkkəbləşir və həssaslaşır. Belə olan vaxtı cəmiyyətin qayğısına qalan xüsusi işlər görmək lazımdır. Cəmiyyətdə gedən prosesləri başlı başına buraxmaq olmaz. Təəsüf ki, biz Azərbaycanda bunu başlı başına buraxırıq. Ona görə ki, məsul məmurların elmi metodlar barədə lazımi qədər məlumatı yoxdur. Onlara bu hadisələrə müdaxilə etmək üçün müasir elmin köməyindən istifadə etmək lazımdır deyəndə sanki əhəmiyyət vermirlər. Ölkədə çox ciddi şəkildə, tez bir zamanda hümanitar siyasət dəyişməlidir. Hümanitar siyasətə məsul olan adamlar bunu yaxşı, aydın şəkildə təsəvvür edə bilmir. Biz uzun müddət ailə institutu ilə ciddi şəkildə məşğul olmadıq, amma, Azərbaycanda marağı olan xarici təşkilatlar başladılar qadın hüquqlarından danışmağa, qadına qarşı zorakılıqdan danışmağa. Qadınlara qondarma azadlıq haqqında danışaraq, onlara müasir cəmiyyətdə necə özlərini qoruya bilərlər, ayaqda durub azad yaşaya bilərlər kimi şeylər öyrətməyə çalışırlar. Bu istiqamətdə son 20 ildə xarici ölkələrin qırantları hesabına təbliğat maarifləndirmə işləri gedir. Özümüz isə bu məsələlərlə məşğul olmuruq. Nəticədə də elə bir vəziyyət yaranıb ki, gənclərin ailə barədə təsəvvürləri zəifləyib və mücərrədləşib. Gənclərin ailə barədə təsəvvürləri, yəni ailə qarşısında məsuliyyətləri barədə aydın təsəvvürləri yoxdur. Valideynlərdə ciddi etinasızlıq var. Ona görə boşanmaların sayı artır. Belə bir şəraitdə biz yeni nəsli böyüdürük. Ona görə də bu ölkənin gələcəyi üçün çox ciddi və starteji bir məsələdir. Əsas səbəb ondadır ki, məsul olan insanlar aydın təsəvvür edə bilmir ki, bu günbəgün mürəkkəbləşməydə, həssaslaşmaqda olan cəmiyyətdə əlavə işlərə ehtiyac var. Xüsusilə ciddi sosial işlərə ehtiyac var. Sosial iş xidmətləri qurulmalıdır, insanlara kömək edilməlidir, sosial fəaliyyət proqramları hazırlanmalıdır. Ancaq bunlar heç biri edilmir və bu məsələlərə çox barmaqarası baxılır", - sosioloq deyib.
Sosioloq Sənubər Heydərova isə deyir ki, Azərbaycanda tənha anaların hüquqları kifayət qədər qorunmur.
"Ümuiyyətlə Azərbaycanda valideynlərin uşaqlardan imtina halları çoxalmayıb. Çünki, əvvəllər bu hadisələrin mətbuata çıxışı çox az idi. İndi isə internet hər yerdə əlçatan olduğu üçün bu hadisələrə daha çox rast gəlinir. Bu problemin kökü birbaşa sosial problemlərlə əlaqəlidir. Azərbaycanda nə qanunvericilik, nə də icra səviyyəsində tənha anaların hüquqları kifayət qədər qorunmur. Sosial vəziyyətdən başqa digər məsələlər də var. Azərbaycanda ailə institutu çox böyük dəyişikliklərə uğrayıb. İnsanlar biraz daha seksual azadlıqlarını dərk etməyə başlayıblar və daha gənc yaşda bunu anlayırlar. Lakin, buna baxmayaraq, hər tərəfdən bunun sağlam şəkildə olmasının qarşısı alınır. Uşaqlar yetkinlik yaşına çatana qədər suksual biliklər və reproduktiv sağlamlığın öyrənilməsi cəhətdən bir sıra məhdudiyyətlərə məruz qalırlar. Valideynlər də, xüsusilə qız uşaqlarının bu cür bilgilərə malik olmasını istəmir. Bu da gələcəkdə onların uşaqlarına böyük zərbə vurur. Digər məsələ həkimlərlə bağlıdır. Həkimlər anonimliyi qoruya bilmir. Hətta, yetkinlik yaşına çatan insanlarda belə gizlilik prinsiplərini qorumurlar. Böyük problemlərdən biri də budur ki, valideyn uşağını saxlaya bilmədikdə hara müraciət edəcəyini bilmir. Bu hadisələrin qarşısını almaq üçün sosial müdafiə orqanı çox yaxşı işləməlidir. Bu orqan Himəyədarlıq və Qəyyumluq şöbəsidir. Bu orqan öz fəaliyyətində nəzərdə tutur ki, əgər, hansısa valideyn öz uşağını saxlamaqla bağlı çətinlik yaşayırsa, onlara dövlət tərəfindən dəstək verilməlidir. Bu dəstək nəticəsində də uşaqlar internata düşməməlidirlər", Heydərova bildirib.
Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər: "Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.
"Uşaq Hüquqları” haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
İstiqamət:6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin Maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























