Aziz Sancara Diaspor fəaliyyətində xidmətə görə medalı təqdim edilib

Aziz Sancara "Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.
Komitənin dəstəyi ilə Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatı tərəfindən təşkil olunan tədbirdə Komitənin, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin, türk icmasının nümayəndələri və güneyli azərbaycanlılar iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bütün türk dünyasının fəxri olan Nobel mükafatçısı Aziz Sancarın adını daşıyan mərkəzin Azərbaycan diasporuna dəstəyini yüksək qiymətləndirib, şəhər merinin də qatıldığı Azərbaycanın Zəfər bayramının birinci ildönümü ilə bağlı təntənəli mərasimin və digər tarixi günlərimizə həsr olunmuş tədbirlərin mərkəzdə keçirildiyini buna bariz nümunə göstərib. ABŞ və Türkiyə arasında dostluq əlaqələrinin inkişafına töhfələr verən mərkəzin eyni zamanda Amerika cəmiyyətinə inteqrasiya etmək istəyən fərdləri dəstəklədiyinə diqqəti cəlb edib.
Sonra komitə sədri Azərbaycanın böyük dostu və dünya şöhrətli alim Aziz Sancara və Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Krişnana təltif olunduqları "Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medallarını təqdim edib.
Aziz Sancar və Günel Krişnan fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər. "Azərbaycan – mənim Vətənimdir”, - Aziz Sancar çıxışında söyləyib.
Tədbirdə çıxış edən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal diaspor təşkilatının həyata keçirdiyi layihələrdən danışıb, fərdi sərgiləri təşkil olunan güneyli soydaşlarımız - Şimali Karolina ştatında yaşayan azərbaycanlı rəssamlar Lalə Bağırzadə (Laleh Bağherzadi) və Bəhram Yusifinin (Bahram Yosifi) tarixi vətənləri Azərbaycana həsr etdikləri əsərləri barədə qısa məlumat verib.
Lalə Bağırzadə bildirib ki, məqsədi Azərbaycan mədəniyyətini Şimali Karolina ştatında yaşayan butun icmalara təqdim etməkdir. "Burada ölkəmizi tanımayanlara xalqımızın mədəniyyətinin, adət-ənənələrinin zənginliyini göstərmək istəyirəm”, - deyə rəssam vurğulayıb.
Komitənin adından azərbaycanlı rəssamlara "Xarı bülbül” və kələğayı dəsti hədiyyə olunub.
Sərgidə nümayiş olunan rəsm əsərləri tədbir iştirakçılarında, o cümlədən yerli ictimaiyyətin nümayəndələrində böyük maraq doğurub.
Qeyd edək ki, Azərbaycan əsilli Lalə Bağırzadə (Laleh Bağherzadi) Urmiya Universitetinin və Şimali Karolina Dövlət Universitetinin məzunudur. ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin Roli (Raleigh) bölgəsində bitki fizioloqu vəzifəsində çaışır. O, ABŞ-da həm də rəssamlıq arzusunu həyata keçirib. 2020-ci ildə Nyu-York şəhərində keçirilmiş "Biz hamımız zəncirlənmişik” adlı rəsm sərgisində ilk mükafatını qazanıb. ABŞ-da fəaliyyət göstərən Azərbaycan diasporunun tədbirlərində fəal iştirak edən Lalə Bağırzadə bir sıra tədbirlərin aparıcısı olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























