İş vaxtından artıq əməyə görə maaş necə hesablanır?

2023-cü illərdə sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev işçilərin 8 saatdan artıq işlədilməsinin yolverilməz olduğunu bildirib. Buna baxmayaraq bəzi şirkətlər hələ də işçilərini 12 saat işlədir.
Mövzu ilə bağlı sosial şəbəkələrdə araşdırma apardıq.
Namiq Məmmədov adlı sosial şəbəkə istifadəçisi yazır:
"Marketdə gecə növbəsi işləyirəm. İs saatım 12 saatdır amma bəzən işçi çatışmayanda daha artıq işləməli oluram. Çox yoruluram. Aylıq maaşım isə 500 manatdir. Xərclərim borclarımı ödəmir".
Elçin Haqverdiyev adlı istifadəçi yazır:
"3 ildi firmada işləyirəm. Cəmi 600 manat maaş alıram. Səhər saat 8-dən, axşam saat 8-ə qədər işleyirem. 3 ildə maaşımı 100 manat artırıblar. Maaşın az olmasına görə etiraz edəndə deyirlər ki, hara istəyirsən get".
Gülər Gözəlova adlı istifadəçi bildirir ki, işi ağır olmasına baxmayaraq, 9 saatdan artıq işləyir.
Hüquqşünas Fariz Namazlının sözlərinə görə, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq olmamalıdır.
"6 günlük iş həftəsində həftəlik norma 40 saat olduqda iş vaxtının müddəti 7 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Əgər işçi gündəlik 8 saatdan artıq işləyirsə, əlavə haqq ödənilməlidir. Əgər işçiyə lazımi şərait yaradılmırsa və əlavə iş saatlarına görə əlavə haqq ödənilmirsə, məhkəməyə və ya Dövlət Əmək müfəttişliyinə şikayət edə bilər", - hüquqşünas bildirib.
Qanunvericilikdə iş vaxtı
1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Gündəlik normal iş vaxtı müddətinin 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olaraq həftəlik normal iş vaxtı müddətinin 40 saatdan artıq müəyyən edilməsinin qanunvericilik tərəfindən qadağan edilməsi bilavasitə işçinin sağlamlığının mühafizəsinə yönəlib. Əmək qanunvericiliyinə əsasən bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Lakin, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
Kimlər üçün qısaldılılmış iş vaxtı tətbiq edilir?
İşçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Bununla əlaqədar Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsində bildirilir ki, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və I və II qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaş yarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. Bu kateqoriyalı işçilər üçün iş vaxtının qısaldılmasında tətbiq edilən güzəştlər, ən minimum güzəştlər hesab edilir. Digər müvafiq normativ hüquqi aktlarla, habelə kollektiv müqavilələrlə və ya əmək müqavilələri ilə iş vaxtı işçinin xeyrinə daha da yüngülləşdirilərək, qısaldılmış iş vaxtı tətbiq edilə bilər.
Əmək məcəlləsinin 92-ci maddəsinə əsasən əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün də iş vaxtının qısaldılmış müddəti nəzərdə tutulur. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilməlidir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
İş vaxtından artıq iş
İş vaxtından artıq iş, bunun son həddi, iş vaxtından artıq işlərə yol verilən müstəsna hallar Əmək Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir.
Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.
Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.
İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin «Əməyin mühafizəsi» bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir.
İş vaxtından artıq işlərin son həddinə gəlincə, hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.
– dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
– başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda;
– əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.
Əlavə işə görə ödəniş qaydası
İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
1. əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla (adi vaxtamuzd maaşının 200%)
2. əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Gecə vaxtı işə görə əlavə ödənişlərin minimal miqdarları müəyyən edilir. Ümumi qaydaya əsasən, əlavə ödəniş 20% təşkil edir, yəni işçi gecə işi zamanın hər saatına görə adi vaxtamuzd maaşın 120% alır. Çox növbəli iş zamanı axşam və gecə növbələrində müvafiq olaraq əlavə ödəniş 20 və 40% təşkil edir. Dəqiq məbləğlər əmək və ya kollektiv müqavilələrlə müəyyən edilir.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























