Azərbaycanda ödənişli yol tıxacların qarşısını ala biləcək- EKSPERT

Yeni salınan Bakı–Quba–Rusiya avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib. Bu barədə Nazirlər Kabinenti qərar qəbul edib.
Qərara əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov bildirir ki, yeni ödənişli yollar ödənişsiz yolları baxımsız hala gətirməməlidir.
"Alternativi olan ödənişli yolların tərəfdarıyam, amma bir şərtlə ki, bu ödənişli yoldan istifadə edənlərin sayı artsın deyə alternativ olan ödənişsiz yolların baxımsız hala gətirməsinə səbəb olmamalıdır. Yeni salınan Bakı–Quba–Rusiya avtomobil yolunun 129 kilometr hissəsinin ödənişli yol kimi müəyyən edilməsini müsbət dəyərləndiririk. Bunun bir çox aspektlərdə ciddi faydaları olacaqdır. Amma sərhədlər açılmasa bu yolun rentabelli fəaliyyəti sual altında qala bilər. Hazırda ölkədə ikinci ödənişli yol kimi Bayıl və Zığ qəsəbələrini Xəzər dənizi üzərindən birləşdirən ödənişli yolun tikintisinə hazırda daha çox ehtiyac var. Bakının avtomobil sıxlığını, Bayıldan Zığa aparan küçələrin əsasən alternativsiz olduğunu nəzərə alsaq, bu layihə paytaxtın tıxacsız olmasına gətirib çıxara bilər. Sürücülərin saatlarla tıxacda itirdikləri zaman bir yana, itirdikləri yanacağın kiçik bir hissəsi müqabilində ödəniş etməklə hər tərəfli faydalana bilərlər. Eyni zamanda layihəyə çəkilmiş xərc asanlıqla geri dönə bilər. Sonrakı uzun illər boyu da davamlı gəlir yeri olar. Ən əsası isə bu dövlət-özəl tərəfdaşlığı üzrə investisiya qoyuluşlarına ən ciddi töhfə olar",- ekspert vurğulayıb.
Ekspert bildirir ki, bu hal ancaq ödənişsiz yollar baxımsız saxlanılmamalıdır.
"Əks halda bu ödənişli yoldan istifadə edənlərin də sayının artırılması üçün insanların haqqına girmək olar. Bu isə nə hüquqi baxımdan, nə də mənəvi baxımdan yolverilməzdir",- ekspert əlavə edib.
Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq etməlidir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılsın ki, ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























