Azərbaycanda psixi xəstələrin sayı artıb

2022 -ci ildə tibb müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı ötən il ilə müqayisədə 4729 nəfər artaraq 113 836 nəfər olub. Bu barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.
Psixoloq Gülnarə Əliyeva hesab edir ki, müasir dövrdə baş verən son mənfi hadisələrin çox olması psixi pozuntulara gətirib çıxarır.
"Yaşadığımız dünyada baş verən hadisələr- xəstəliklər, müharibələr uyarcılardır. İnternetin kəşfi ilə informasiya axının bu qədər sürətli olması bizə daha çox uyarıcı olaraq geri dönür. Əvvəl biz xəbərləri televizya vasitəsilə alırdıq. Hazırda telefon vasitəsilə baş vermiş hadisələrin ən incə detayına qədər hər şeyi görürük. Uyarıcı məhz budur. Əvvəllər hər hansı şiddət görüntüsünü, üzərində qan olan görüntüləri paylaşanda mütləq xəbərdarlıq qoyulurdu, indi bu yoxdu. Baxdığımız xəbərlər, müharibələr, epidemiyalar, pandemiyalar, televiziyalardakı şiddət görüntüləri olan seriallar - bütün bunların hamısı depressiyadan əziyyət çəkən insanlarda xəstəliyin inkişaf etməsinə, şiddətlənməsinə gətirib çıxarır. Panikataq, anksiyete (təşviş pozuntusu), depressiya - bu 3 narahatlıq daha çox risk qrupuna aiddir. Bunlar uyarıcılara reaksiya verirlər", - psixoloq əlavə edib.
Onun sözlərinə görə, psixi xəstələrin artmasını baş verən intihar hadisələrində görə bilərik.
"Xəstəliyin çoxalması Azərbaycanda da özünü göstərir. Biz bunu intihar hadisələrinin artmasından görə bilərik. Əvvəl orta nəsil intihara cəhd edirdisə, artıq yeniyetmələr də intihara meyl edirlər", - o qeyd edib.
Əliyeva psixoloji cəhətdən narahatlığı olan insanlara, eyni zamanda narahatlığı olmayan insanlara da internet və telefondan, yanlış qidalanmada uzaq olmağı tövsiyyə edir.
Sosioloq Sahib Altay hesab edir ki, psixi xəstəliklərin artma səbəbi son dövrlərdə yaşanmış hallar - ölkənin pandemiya şəriatində olması, qapalı mühit, müharibə və s. insanlarda yaranan travmalarla bağlıdır.
Sosioloq bildirir ki, problemlər və proseslər heç zaman bir səbəbdən baş vermir.
"İstər müsbət, istərsə də mənfi anlamda bu kompleks halda yaranır və ümumdünyəvi və cəmiyyət kimi iki səbəblə bağlıdır. .
Əgər bir problem dünya miqyasında dəyərləndirilir və artım müşahidə edilirsə, bu ümumdünyəvi, bir və ya bir neçə cəmiyyətdə, həmin cəmiyyətin daxili statistikasına görə artım müşahidə olunursa, bu cəmiyyətə bağlı səbəblərə görədir”, - Altay deyib.
O qeyd edir ki, ölkədə psixi xəstələrin artmasının bir səbəbi sosial problemlər ilə, yəni kütləvi işsizlik, güzəransızlıq, ictimai mühitdə sosial nizamın pozulması ilə əlaqədardır.
"Azərbaycanda böyük şəhərlərdə nəqliyyat sistemi bərbad vəziyyətdədir, ümumiyyətlə ictimai əxlaqı, ictimai sosial nizamı təmin eləyən qaydalar təcrübədə keçərli deyil. Məsələn, bu gün Bakıda nəqliyyat və insan sıxlığı ilə əlaqədar psixi halların çoxalması müşahidə olunur. Bu birmənalı olaraq qəbul olunacaq bir şeydir. Çünki ölkə əhalisinin çox hissəsi iş səbəbindən Bakıya axışıb gəlib”, - sosioloq vurğulayıb.
Onun sözlərinə görə psixi pozuntular yaradacaq səbəblərdən biri də nizamlanmamış media sistemidir.
"Azərbaycanda bu gün medianın istər mənəvi, istər hüquqi, istər əxlaqi baxımdan fəaliyyət növünü görmürük. Başa düşüləndir ki, internet, sərhədsiz informasıya əsrində yaşayırıq, amma bu sərhədsiz informasiya mənfi təsir göstərir. Biz bu təsirləri zamanla hiss edirik”, - Altay söyləyib.
Psixoloq Səbinə Həbibova hesab edir ki, insanların vəziyyətində yaranmış psixi pozuntuların əsas səbəbi sevgisizlik və qayğısızlıqdan qaynaqlanır.
"Hər bir şeyin başında sevgi durur. İnsanlar sevgisiz, qayğısız olanda özlərini tək hiss edirlər. Cəmiyyətdə elə insanlar var ki, onlar həddi-büluğa çatsalarda sevgi, qayğıya ehtiyac duyurlar. Bir insan ailədə yoldaşına, uşağına diqqət ayırarsa, bu problem aradan qalxar, çünki uşaqları yetişdirən ailədir. Birinci ruh valideyinlərdir. Onlar necə övladını yetişdirsə, övladları da cəmiyyətə o cür töhfələrini verir”, - psixoloq vurğulayıb.
Həbibova qeyd edir ki, hazırkı dövrdə hər kəs bir-birindən - ailədən, mühitdən uzaq düşüb.
"İnsanlar bir-biri ilə ünsiyyəti azaldır, bir-birlərini anlamaq istəmirlər. Düşünürlər ki, sanki heç bir şeyə ehtiyacları qalmayıb. Texnika inkişaf etdiyi üçün hər kəs telefondan çox istifadə edirlər, bütün material insanların əlinin altındadır, lakin onlar bundan səmərəli istifadə etmir. Lev Tolstoy demişkən hər kəs istəyir cəmiyyət, həyat dəyişilsin, lakin heç kim özünü dəyişmək istəmir. Məncə, hər kəs birinci özünü dəyişməyə başlasa, cəmiyyətin də dəyişdiyini görəcək”, - o əlavə edib.
Bu gün Ümumdünya Psixi Sağlamlıq Günüdür.
10 oktyabr 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı (BMT)-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxil edilib və hər il dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























