Jurnalistlərin həbsi barədə media rəhbərləri nə düşünür...?

"Kanal-13"internet kanalının aparıcısı Rüfət Muradlı Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə 30 sutkalıq həbs olunub. Dekabrın 4-də Bakı Apellyasiya məhkəməsi "Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barədə verilən 3 aylıq həbs qəti imkan tədbiri ilə bağlı appelyasiya şikayətini təmin etməyib.
Bununla da son 10 gündə Azərbaycanda həbs olunan jurnalistlərin sayı 6-a çatıb.
Jurnalistika fəaliyyəti ilə məşğul olan şəxslər son günlər həbs olunan jurnalistlər barəsində nə düşünür?
Jurnalistlər Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, ayna.az saytı və Ayna TV-nin təsisçisi Elçin Şıxlının sözlərinə görə, jurnalistlərin həbsi ilə xaricdən grantlar alan jurnalistlərin olduğundan "xəbərimiz var” deməyə çalışırıq.
"Saxlanılan Əziz Orucovun günahı odur ki, guya hansısa qeyri-qanunu torpaqda nəsə tikib. Ən azından yarım milyon qeyri qanuni tutulmuş torpaqlar və tikililər var. Bunu fikirləşəndə nəsə ittiham edəndə düşünmək olardı. Beyin və ağıl lazımdır. Bu uşaqlar cinayət etməyiblər. Əllərini qandallamağa və tutmağa ehtiyac yoxdur. Saxlanılır, ittiham verilir sonra deyir get otur Bakıdan çıxma. Bu halda özümüz-özümüzə pislik edirik. Bu həbslər əleyhimizə işləyə bilər. Düşmənlərimiz hay-küy salacaq. Haqq da edəcəklər. Çünki belə etmək düzgün deyil. Düşünürdük ki, Əli Həsənovun, Ramiz Mehdiyevin komandası gedəndən sonra müsbətə doğru addımlar olacaq. Addımlar atılıb. Sonradan yenidən belə şeylərlə biz korlayırıq. Özümüz-özümüzə ziyan veririk. O uşaqların heç biri əli qandallanası cinayətkar deyillər. Əlinə qandal vurulan adamlar şəhərin mərkəzində gəzir. Onları tuta bilmirik, quyruqlarını ələ vermirlər”, - Şıxlı bildirib.
"Yeni Musavat" qəzetinin rəhbəri Rauf Arifoğlu həyat yolu həbsxanadan keçmiş biri kimi jurnalistlərin həbsdə olmasını istəmədiyini söyləyib.
"Həmkarlarımın həbs olunmasına təəssüf edirəm və üzülürəm. Həbsxanadan keçmiş bir jurnalist kimi bunun olmamasını istəyirəm. Jurnalistlər həbsxanada olmamalıdır. Ümid edirəm ki, çox tezliklə hər şey aydınlaşacaq və araşdırılacaq. Mən şəxsən özüm onlara azadlıq arzu edirəm. Çox arzu edirəm ki, dövlətimiz də bu addımı atsın və qərar versin. Jurnalistlər ən azı istintaq dövrünü evdə keçirsin”, - o əlavə edib.
"Tekeqraf" Media qrupunun rəhbəri Aynur Camalqızının fikrincə, hüquq mühafizə orqanları kimisə saxlayıbsa demək arxasında ciddi səbəb var.
"Mən bu proses barəsində nə qədər açıqlama verilibsə o qədər məlumatlıyam. Ona görə də nəyin doğru, nəyin yalnış olması ilə bağlı heç bir fikir yürüdə bilmərəm. Amma tam əminliklə o fikirdəyəm ki, hüquq mühafizə orqanları tərəfindən bir nəfər saxlanılırsa deməli onun arxasında çox ciddi səbəblər var. Onlar həbs olunarkən sözün açığı hansı peşəni daşıyıb daşımadıqları nəzərə alınır ya alınmır bu başqa məsələdir. Qanun qarşısında hər bir peşə sahibi bərabərdir. Ona görə də onların jurnalist olduqları üçün saxlanıldığını düşünmürəm", - Aynur Camalqızı bildirib.
Türküstan qəzetinin rəhbəri Aqil Camal hesab edir ki, jurnalistlərin həbsi tam olaraq peşə fəaliyyəti ilə bağlı olmaya bilər.
Mətbuat Şurasının sədri Rəşad Məcid " jurnalistlərin həbsini diqqətdə saxladığını bildirib.
"İstənilən jurnalistlə bağlı məhkəmə prosesi Mətbuat Şurasının diqqət mərkəzindədir. Biz anlayırıq ki, motivindən asılı olmayaraq, jurnalist həbsi arzuolunan deyil. Buna görə də aiddiyyatı instansiyalarla danışıqlar aparırıq. Kompromis variantlar tapmağa çalışırıq. Sırf kompromisə gəldikdə isə ümumən Mətbuat Şurasının işi media ilə cəmiyyət arasında kompromiss mühiti, qarşılıqlı anlaşma yaratmağa hesablanıb”, - sədr əlavə edib.
Dekabrın 1-də Xətai Rayon Məhkəməsi "Abzas Media"nın əməkdaşı Nərgiz Abssalamova ilə bağlı 3 aylıq həbs qərarı verib. Jurnalistə qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Noyabrın 27-də "Kanal 13"-ün rəhbəri Əziz Orucova qarşı Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb.
Bundan əvvəl, "Abzas Media"nın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov və baş redaktoru Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Hər 4 jurnalist barəsində ilkin olaraq 4 ay müddətinə həbs qəti imkanı tədbiri seçilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























