3D Robotexnika Texnologiya fənninin tədrisi hansı çətinliklər yarada bilər? - Açıqlama

Dekabrın 4-8 tarixlərində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakıda SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilir.
SAF 2023 Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.
Elm və təhsil naziri Emin Əmrullayev festivalda çıxışı zamanı 2025-ci ildə yeni təhsil standartlarının hazırlanacağını və orada STEAM-ın milli kurikulum hissəsinə çevriləcəyini qeyd edib.
Milli Məclisin Elm və Təhsil Komitəsinin deputatı Ceyhun Məmmədov hesab edir ki, yeniliklər və müasir texnologiyalar müvafiq hazırlıq işləri görüldükdən sonra aparılmalıdır.
"Bu addımların əsas məqsədi gənclərin elmə, texnologiyaya, robotexnikaya marağını daha da artırmaqdır. Məncə, bu addımlar atılmamışdan öncə mütləq məktəblərdə internet və kompüter məsələsinə baxılmalıdır. Həm ali, həm də orta təhsildə dəyişikliklərə ehtiyac var, amma bu dəyişikliklər edilərkən biz çox diqqətli olmalıyıq ki, əlavə fəsadlar, problemlər yaratmasın. Müvafiq işlər görülmədən yeniliklər aparılarsa, müəyyən problemlər yarana bilər, bu da təhsil üçün çətinlikləri yarada bilər. Ona görə də, reallıq nəzərə alınmalı, buna uyğun atılmalıdır ki, sonrakı dövrdə çətinliklə üzləşməyək”, - Məmmədov əlavə edib.
Təhsil eksperti Elmin Nuri hesab edir ki, STEAM-ın tədrisi pilot layihə olaraq həyata keçirilməlidir.
"Real mənzərə tamam başqadır. Ümumilikdə baxmalıyıq ki, STEAM təhsilə yanaşma necədir, məzmun, forma cəhətdə biz buna hazırıqmı?
Məncə, bu pilot layihə olaraq 15-20 məktəbdə tədris edilə bilər. Ölkədə 4532 məktəb var, onların bir qismi interneti, infrastrukturu olmayan rayonlarda yerləşir, Bakıda olan məktəblərin hamısı mərkəzdə deyil. Məktəblərin hər biri kompüterlə təchiz olunmayıb. Belə olan halda bütün məktəblərdə bunun tətbiqi mümkün deyil”, - Nuri əlavə edib.
Ekspertin sözlərinə görə, STEAM tədris etməyə başlamazdan 2 il öncə, universitetlərdə "STEAM təhsil və onun tədrisi” ixtisası yaradılmalı idi.
"Keçirdiyim sorğu zamanı bir müəllim hazırda 8-ci sinifdə STEAM-ı tədris etdiyini, lakin 7-ci sinif üçün veriləcək ləvazimatları hələ almadığını qeyd edib.
STEAM təhsilin tədrisi ilə bağlı problemlər çoxdur. Bununla yanaşı bizdə STEAM-ı tədris edəcək yetəri qədər müəllim yoxdur. Müəyyən qədər kurs keçməklə STEAM-ı tədris etmək olmaz. Ən azından 2 il bundan qabaq universitetlərdə STEAM təhsil və onun tədrisi adlı ixtisas açılmalı idi. Buranı bitirən müəllimlər artıq təhsil müəssisələrinə STEAM-ı tədris edənlər kimi təhkim edilməli idilər. Bizdə fizika, riyaziyyat az qala kimya müəllimini bir neçə aylıq kurslara cəlb edirlər, sertifikat verirlər və deyirlər ki, gedin STEAM-ı tədris edin. Bəzi məktəblərdə heç bunlar da yoxdur. Az qalır texniki işçilər gedib STEAM-ı tədris etsin. Bunun obreviaturası özündə hər şeyi – texnologiyanı, riyaziyyatı, mühəndisliyi əks elətdirir. Bunu tədris edən müəllim üniversal yanaşmaya, yaradıcı və analtik təfəkkürə sahib müəllim olmalıdır. Biz həm deyirik müəllim ibtidai sözünü yaza bilmir, bir tərəfdən də modern dərslərin adını çəkirik”, - o vurğulayıb.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, Azərbaycan məktəblisi əmək bazarına daxil olursa, mütləq müasir bacarıqları olmalıdır.
"Ölkədə 4432 orta məktəbdə 1,6 milyon şagird təhsil alır. Təbii ki, dünyada və Azərbaycanda gedən texniki texnoloji yeniliklər tədris proqramlarında müəyyən dəyişiklikləri mütləq şəkildə tələb edir. Onlardan biri də STEAM bacarıqlarıdır. Bu gün dünyada gedən dəyişikliklər robotexnikanın tədbiqini qaçınılmaz edir.Azərbaycan məktəblisi əgər əmək bazarına daxil olursa, mütləq şəkildə onda müasir bacarıqlar olmalıdır. Bu bacarıqların da əsasını Robotexnika və digər bacarıqlar təşkil edir. ətrafımıza baxsaq görərik ki, pandemiyadan sonra onlayn xidmətlərin həcmi kifayət qədər genişlənib. Ən vacib məqamlardan biri bu həyati bacarıqları bizim gənclərimizə çatdırmaqdır. Təbii ki, bu gün hər 9 şagirdə 1 kompüter düşür və müəyyən çatışmazlıqlar var, amma bu o demək deyil ki, biz bunu keçirməməliyik. Azərbaycan təhsil sistemində 2008-ci ildən etibarən kurikulum məzmun standartlarının tədris təşkil edilib. Bizim vacib bacarıqlar da kurikulumun tərkib hissəsidir”, - Əsədov əlavə edib.
Ekpertin sözlərinə görə, 2025-ci ildə daxil ediləcək yeni məzmun standarları yaxşı nəticə verəcək.
"Məktəblərdə şagirdlərin kompüterdən istifadəsi zamanı onun vəziyyətinin yaxşı olmadığını görə bilərik. Həmçinin, orta məktəblərdə informatika müəllimlərinin müəyyən bir qismi bunu tədris edə bilmir. Amma hər bir halda bunun nə zamansa baş verməsini gözləməli deyil. Ona görə də, məzmun standartları və struktur dəyişməlidir. Bu özündə müsbət nəticələri verəcək”, - o vurğulayıb.
STEAM festivalının final mərhələsində 11 ölkə təmsil olunacaq. Final mərhələsində ümumilikdə 868 yerli, 159 xarici iştirakçı yarışacaq.
SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif yarış kateqoriyaları üzrə iştirak edəcək 96 nəfər münsif heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Azərbaycan kimi ölkələri təmsil edir.
SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında müxtəlif yarış kateqoriyaları üzrə iştirak edəcək 96 nəfər münsif heyəti İngiltərə, Norveç, Slovakiya, Bolqarıstan, Danimarka, Çexiya, Türkiyə, Azərbaycan kimi ölkələri təmsil edir.

Istiqamət:6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























