Tezliklə Böyük Qayıdış prosesi Xocalı və Şuşanı da əhatə edəcək - Dövlət Komitəsi

Dekabrın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı rayonundan olan, hər iki valideynini itirmiş məcburi köçkünlər və Şuşa rayonunun Malıbəyli kəndinin sakinləri ilə görüşüb.
Komitədən verilən xəbərə görə, işğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin tapşırığı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin geri dönüşünün başlandığı bildirilib. Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə, həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasının və məşğulluğunun təmin edilməsinə imkan yaratdığı diqqətə çatdırılıb.
Tezliklə Xocalı və Şuşa sakinlərinin də, beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdışının başlanacağı qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyev işğaldan azad ərazilərdə bərpa-quruculuq işlərinin gedişini, məskunlaşdırılacaq əhali üçün əlverişli yaşayış şəraitinin yaradılmasını şəxsən nəzarətdə saxlayır. Dövlət başçısının Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərləri ənənəvi xarakter daşıyır və həmin ərazilərin tezliklə dirçəldilməsinə, tikinti-abadlıq işlərinin sürətləndirilməsinə xidmət edir.
Diqqətə çatdırılıb ki, bu günədək 4500-dən çox məcburi köçkün doğma yurda qayıdıb. Tezliklə Böyük Qayıdış prosesi Xocalı və Şuşanı da əhatə edəcək.
Xocalı və Şuşaya qayıtmağa, yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını deyən sakinlər işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenleyinin bərpa olunmasına görə dövlətimizin başçısına və rəşadətli silahlı qüvvələrin mənsublarına minnətdarlıq bildirib, xalqın haqq işi uğrunda canını qurban verən şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyiblər.
Dövlət Komitəsinin sədri, həmçinin, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini də dinləyib, suallarını cavablandırıb. Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























