Poliklinika ölüm haqqında arayışı nə zaman verməyə bilər? - ARAŞDIRMA

Qəfil ölüm anında poliknika ölüm haqqında arayış vermir. Bunu adının açıqlanmasını istəməyən vətəndaş anews.az-a şikayətində bildirib.
"Yaxınımın halı pisləşdiyi üçün təcili yardım çağırdıq. Bundan bir həftə sonra o sükan arxasında olarkən qəfil vəfat etdi. Bu zaman əraziyə yenidən təcili yardım və polis çağırılıb. Təcili yardım və Prokurorluq tərəfindən ölüm faktı təsdiqlənib. Lakin yaşadığımız rayon üzrə poliknikadan ölüm haqqında arayış verməsini istəyəndə məhkəməyə müraciət etməli olduğumuzu deyərək arayışı vermədilər”, - şikayətçi qeyd edib.
Bu halla bir neçə vətəndaş da qarşılaşıb. Həmin vətəndaşlar da qəfil ölüm halları olan zaman təcili yardımın ölüm aktını təsdiqləməsinə baxmayaraq poliknikaların sənədi vermədiyini deyirlər.
Məsələ qanunvericilikdə necə tənzimlənir?
TƏBİB qeyd edib ki, bəzi hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir.
"Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı, infeksion xəstəliklər və ya onlara şübhə olduqda, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında, zorakı ölümə şübhə varsa, ölümün baş vermə səbəbi məlum olmayan digər vəziyyətlərdə, ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda şəhadətnamənin verilməsi üçün patoloji-anatomik yarmanın aparılması məcburi hesab edilir. Lakin vəfat edən şəxsin ailə üzvlərinin və ya yaxınlarının patoloji-anatomik yarmanın aparılmasına etiraz etmələri, habelə patoloji-anatomik yarma aparılmadan vəfat edən şəxsin dəfn edilməsi ölümün baş vermə səbəblərinin müəyyən edilməsini çətinləşdirir və əksər hallarda şəhadətnamənin verilməsini qeyri-mümkün edir”, - məlumatda yazılıb.
TƏBİB bildirib ki, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.
"Şəhadətnamə həkim və ya feldşer tərəfindən "Ölüm haqqında tibbi şəhadətnamə” elektron reyestri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini, qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər”, - məlumatda qeyd olunub.
TƏBİB-ə görə, yaşayış yerində baş vermiş ölüm hadisələri üzrə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı görüləcək tədbirlər yaşayış yerinin kənd, qəsəbə və şəhər olmasından asılı olaraq dəyişir.
Deputat Müşfiq Məmmədli bildirir ki, ölüm haqqında hüquqi arayışın verilməsi üçün ölüm aktı müəyyən edildikdən sonra aktın zorakı ölüm olub-olmaması, xəstəlikdən vəfat etməsi və s. hallarla bağlı ekspertiza rəyinə ehtiyac var.
"Qanuni olaraq ilk növbədə vətəndaşın ölüm anı müəyyənləşməlidir. Bəzən vətəndaş qohumunun, yaxının vəfatından 2-3 gün sonra müraciət edərək ölümü təsdiq edən arayış tələb edirlər. Əgər ölüm anı müəyyən edilmədən poliknikaya müraciət edilərsə, bu zaman o, arayış verə bilməz. Vətəndaşın ölüm anını həmin çağırışa çağırılmış həkim müəyyənləşdirə bilir. Həkim gəlir və meyit aşkar edilir. Daha sonra hüquq mühafizə orqanına müraciət edilməldir, eyni zamanda müvafiq olaraq çağırışa təcili yardım və ya sahə həkimi gedibsə, arayış verir ki, burada ölüm halı aşkarlanıb. Amma digər məsələlərdə (vətəndaşın ölümdən sonra dəfn pulunun ödənilməsi, işlədiyi işlə bağlı və s) hüquqi arayışın verilməsi üçün ölüm aktının zorakı ölüm olmaması, xəstəlikdən dünyasını dəyişməsi və s ilə bağlı ekspertiza rəyinə ehtiyac var. Qəfil ölümlər barəsində patoloji araşdırılma aparılmalı və vəfat etmiş şəxsin zorakı ölüm halı inkar edilməlidir. Bu da anotomik müayinələr zamanı müəyyənləşir”, - o əlavə edib.
Onun sözlərinə görə, xroniki xəstəlikdən vəfat edən şəxsin Ailə Sağlamlı Mərkəzində qeydiyyat kitabçasında xəstəliyi göstərilməli və bununla da insanın gerçəkdən xəstə olduğu sübut olunmalıdır.
Hüquqşünas Sahib Məmmədov ölüm barəsində arayışın verilməsi üçün detalların öyrənilməsinin vacib olduğunu qeyd edib.
"Arayışların verilməsi avtomatlaşdırılmış qaydada həyata keçirilir. Bunun detallarını öyrənmək lazımdır. Gərək sənədlərə baxılsın ki, insan necə ölüb, ölüm səbəbi nədir? Öləndən sonra onun səbəbi bildirilməyibsə, poliknika ona görə sənədi verə bilməz. Əgər ölüm aktı qeydə alınıb, ölüm səbəbi göstərilib, amma poliknika arayış vermirsə, bu zaman vətəndaş inzibati qaydada poliknikadan şikayətçi ola bilər. Bu zaman poliknikanın əsaslandırılmasının qanuni yoxsa, qanunsuz olduğu müəyyən edilə bilər. Qanunsuz olduğu təqdirdə vətəndaş məhkəməyə müraciət edərək ölüm haqqında arayışın alınması üçün çəkilən xərcləri poliknikadan tələb edə bilər”, - hüquqşünas qeyd edib.
Ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi qayda və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir.
İstiqamət: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























